32 il əvvəlin noyabrı. Azadlıq meydanı. Xalq hərəkatının coşğulu günləri. Leytenant Şmidt adına zavodun fəhləsi Nemət Pənahlının meydana liderlik etdiyi dönəm. Tribunada tanınmış şair Sabir Rüstəmxanlı aparıcılıq edir və növbəti sözü “gənclərin sevimlisi Əbülfəz Əliyev”ə verir.
Meydanda qışqırıq, parakəndəlik var. Çox adam Əliyev soyadlı bu şəxsin kim olduğundan xəbərsizdir. Yalnız onu yaxşı tanıyanlar, AMEA işçiləri, tələbələri onun həyat yolundan, fikirlərindən, mübarizəsindən xəbərdardırlar.
Bu şəxs bir ildən sonra AXC lideri olacaq, yüz minlərin hərəkatına rəhbərlik edəcək, əvvəlcə Elçibəy təxəllüsü, sonra soyadı götürəcək.
Gördüyünüz videoda çıxışı diqqətlə dinlənilməyən, “bir neçə söz demək üçün” hərəkatçılardan icazə istəyən bu şəxs cəmi üç ildən sonra ölkənin prezidenti olacaq, o zaman hamı onun söz deməsini, qərar verməsini gözləyəcək.
Bu videoda görünür ki, Əbülfəz bəy səliqəli geyimdə, xəz papaqdadır və saqqalsızdır. Onun bu gün ölkədə hər kəsə tanış olan “AXC sədri Əbülfəz Elçibəy” obrazı hələ sonrakı ilin yayında, iyul ayında formalaşacaq.
Ancaq xalq kütlələri qarşısındakı ilk çıxışında belə Əbülfəz Elçibəy xalqın əsas bəlalarının müəllifinin ünvanını düz göstərir: Moskva…
Bu gün aramızda olsaydı, o yenə də həmin ünvanı göstərərdi.
P.S. Videolar xalq şairi, deputat Sabir Rüstəmxanlının arxivindəndir.