“Pandemiya dövrü “razborka”lara, şəxsi intriqalara yol vermək olmaz” – Aslan İsmayılov
“Kimin nə deməsindən asılı olmayaraq son vaxtlar ölkədə dəyişikliklərin baş verdiyini görürəm. Bunlar nə qədər uğurlu, yaxud uğursuz olması müzakirə mövzusu ola bilər və olmalıdır. İnsanlarımızın ancaq neqativə köklənməsi sözsüzdür, bu çox zərərlidir və sonu ancaq hamımızın uğursuzluğu ilə nəticələnəcək”. "AzerTaym.az" bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. A.İsmayılov qeyd edib ki, bu, birinci növbədə hakimiyyətin təbliğat, təşviqat kampaniyasının çox pis olması, addımlarında qətiyyətli olmaması və gecikmələri ilə bağlıdır: “Dəyişikliklər dövrü lənglik, gecikmə çox pis haldır. Zənnimcə, bu, həm də qorxmaq həddində olan ehtiyatlılıqdır. Başa düşürəm ki, bu çox çətin və risklidir, ancaq başqa yol yoxdur. Bu yolda uğur qazanmaq istəyənlər çox çevik addımlar atmalıdırlar. Hesab edirəm ki, hakimiyyət xalqa qarşı çox inamsızdır və ancaq özünə güvənir. Bu, çox səhv yoldur. İstənilən dəyişiklik, əgər xalqın vəziyyətini yaxşılaşdırmağa yönəlibsə, xalq tərəfindən dəstəklənəcəyinə əminəm. Sadəcə bunun üçün xalqla səmimi olmaq, iş prosesində buraxılmış səhvləri də etiraf etmək lazımdır. Xüsusilə, Pandemiya tədbirləri ilə bağlı xalqla tam səmimi olmaq, səhvləri etiraf eləmək lazımdır, çünki hamı bilir ki, bu yeni, bu günə qədər də heç kimin müəyyən edə bilmədiyi, dünyanı aciz duruma salan xəstəlikdir. Bu gün bütün dünya səhv edə-edə düzgün olanı tapmaq istəyir. Kimlərdə uğurlu, kimlərdə uğursuz alınması isə bilik, savad, bacarıqdan başqa həm də şans məsələsidir. Bu yöndə atılmış bütün addımlar, o cümlədən sərt karantin elan edilməsi də mübahisə, müzakirə predmetidir. Bu gün istənilən müsbət addımı Prezidentin, yaxud başqa hakimiyyət təmsilçilərinin adı ilə bağlamaq, bundan piar kimi istifadə etmək insanlar tərəfindən birmənalı qəbul edilmir və bu düzgün də deyil. Bu yolda hansısa uğurdan danışmaq, həmişə olduğu kimi şişirtmələrdən, analoqsuzluqdan dəm vurmaq, piar kimi istifadə etmək yolverilməzdir. Edilənlər hamısı hakimiyyətin vəzifə borcudur və bunun üçün xalqa minnət qoymaq lazım deyil. Bu gün hamımız anlamalıyıq ki, batan gəmidə haqlı, haqsız axtarmaq yox, xilas olmaq yollarını düşünüb, bu yolda bacardığımız köməklikləri etməliyik. Pandemiya dövrü razborkalara, şəxsi intriqalara yol vermək olmaz”.