“Açıq bildirilir ki, Ermənistan son olaylarda “peşka” rolunu oynayır” – Müsahibə

“Açıq bildirilir ki, Ermənistan son olaylarda “peşka” rolunu oynayır” – Müsahibə 

Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov Yenisabah.az-ın suallarını cavablandırır.

- Ermənistan-Azərbaycan sərhəddində hərbi vəziyyətin kəskinləşməsinin pərdəarxası məqamları barədə müxtəlif fikirlər səsləndirilir. Sizcə, rəsmi İrəvanın bu təxribatının arxasında hansı maraqlar dayanır?

- Təxminən yarım ay əvvəl bu cür hadisələrin baş verəcəyini proqnozlaşdırmışdım. Bu barədə yerli mətbuata müsahibə vermiş, Azərbaycanı gözləyən dörd risk barədə xəbərdarlıq etmişdim. Bunlar koronavirus pandemiyasının törədə biləcəyi fəsadlar, neftin kəskin ucuzlaşması fonunda iqtisadi vəziyyətin ağırlaşa biləcəyi, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamaq niyyəti və bunun Azərbaycanın maraqlarına yarada biləcəyi təhlükə, nəhayət, Ermənistanın növbəti təxribata əl atacağı idi.

Sonuncu risk barədə bildirmişdim ki, Ermənistan Rusiyanın təhriki ilə məhz Qazax-Ağstafa-Tovuz istiqamətində mövqelərimizi atəşə tutacaq. Niyə təxribatın ünvanı kimi bura seçilib? Çünki bu ərazilərdən qaz kəməri keçir. Məqsəd isə həmin kəmərlərə ciddi təhlükə yaratmaq, onları nəzarətə götürməkdir. Bunu Rusiyanın maraqları ilə bağlamışdım. Məsələ burasındadır ki, son illərdə Rusiyanın qaz strageyasına ciddi zərbə dəyib. Rəsmi Moskva fərqindədir ki, bütün bazarlardan sıxışdırılır. Rusiyanın təkcə Türkiyə bazarında payı 50 faizdən 14 faizə enib. Əgər əvvəllər Rusiya Türkiyəyə qaz satışına görə ilk pillədə idisə, indi beşinci yerdə gedir. 

Digər tərəfdən, Türkmənistan qazının Bakı, Tbilisi və Ankara vasitəsilə Avropaya axını gözlənilir. Türkmənistan isə bildiyiniz kimi qaz ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Bu layihə baş tutacağı təqdirdə Kremlin qaz strategiyası demək olar ki, iflasa uğrayacaq.  Ona görə də Kreml Ermənistanı Azərbaycanla sərhəd zonada, qaz kəmərlərinin yaxınlığında hərbi vəziyyəti kəskinləşidirməyə təhrik edir. Bununla da həm Azərbaycana, həm də Türkiyəyə təzyiq etmək istəyir. 

Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın baş verənlərə münasibəti bu mülahizəni daha gücləndirir. Cənab Ərdoğan Ermənistanın son təxribatı barədə danışarkən dedi ki, bu ermənilərin işi deyil. Hadisələrin arxasında başqa qüvvələr dayanır. Artıq rusiyalı ekspertlər də bu barədə açıq danışmağa başlayıb. Hərbi əməliyyatları Rusiya-Türkiyə münasibətləri kontekstində şərh edir. Mən erməni mətbuatını da daim izləyirəm. Səhv etmirəmsə, onların “Armenianpost” saytında bir məqalə dərc edilmişdi. Həmin yazıda açıq şəkildə bildirilir ki, Ermənistan son olaylarda sadəcə “peşka” rolunu oynayır. Erməni mediası da baş verənləri Rusiyanın Türkiyəyə mesajı kimi qiymətləndirir. 

- Ortada Rusiya faktoru varsa və baş verənlər həm də geopolitik səbəb daşıyırsa, o zaman Azərbaycan hansı atmalıdır?

- Yenə də diqqəti Türkiyə Prezidentinin çıxışına fokuslamaq istəyirəm. Cənab Ərdoğanın çıxışında çox aydın mesajlar var. Bu barədə danışmazdan əvvəl qeyd edim ki, Türkiyə artıq NATO-nun sıravi üzvü kimi yox, müstəqil güc mərkəzi kimi dünya siyasətində önə çıxıb. Bu istiqamətdə bir sıra addımar atıb. Rusiyanı, Qərbi Suriya və Liviyada öz maraqları ilə hesablaşmağa məcbur edib. 

Qayıdaq cənab Ərdoğanın çıxışına. Onun çıxışında belə bir fikir var ki, Türkiyə 1918-ci ildə əcdadlarının davranışını təkrarlaya bilər. Hamı da başa düşür ki, bu nəyə işarədir. 1918-ci ildə Türkiyənin Qafqaz-İslam Ordusu Azərbaycanı bolşevik-daşnak ittifaqının faktiki işğalından azad edib. Türkiyə Prezidenti həmin fikri səsləndirməklə Ankaranın indi də oxşar adım atmağa hazır olduğunu nümayiş etdirir. Amma indi dəstək daha müasir formada ola bilər. Türkiyə ilə Azərbaycan arasında hərbi blok yaranar, yaxud da qardaş ölkənin ərazilərimizdə hərbi bazaları yerləşdirilə bilər. 

Türkiyə Prezidenti daha sonra vurğulayıb ki, Ankara bütün siyasi, hərbi, diplomatik və beynəlxalq imkanları ilə Azərbaycanın yanında olacaq. Bu artıq Türkiyənin müttəfqilərini də prosesə cəlb edə biləcəyinə işarədir. 

Ərdoğanın bunu əminliklə bəyan etməsi blef deyil. Məsələ burasındadır ki, Azərbaycanda gerçəkləşdirilən enerji layihələri ABŞ və Avropa Birliyinin dəstəyi ilə həyata keçirilib. Bu layihələrə zərbə vurmağı arzulayan istənilən ölkə təkcə Türkiyənin deyil, dünyanın aparıcı ölkələrini də qarşısında görə bilər. Cənab Ərdoğan da məhz buna işarə edir. Putinə eyham vurur ki, uduzacaqsan. 

Konkret olaraq Azərbaycanın hansı addımlar atmasına gəlincə, Bakı nə lazımdırsa edir. Həm ermənilərin hərbi avantürasına layiqli cavab verir, həm beynəlxalq aləmin diqqətini Ermənistanın təxribatına yönəldir, həm də müttəfiqlərini səfərbər edir. 

- Cəmiyyətdə isə müharibə əhval-ruhiyyəsi alovlanıb. İndiki situasiyada genişmiqyaslı hərbi əməliyyatlara başlamaq Azərbaycanın maraqlarına uyğundurmu? 

- İndi Azərbaycanın əsas hədəfi odur ki, Ermənistanın hərbi avantürasına layiqli cavab verməklə onları geri otuzdursun. Qaz kəmərlərinə yarana biləcək təhlükəni dəf etsin. Hansı yüksəkliklərdən ki, kəmərlərə təhlükə ola bilər, onlara nəzarəti əlində saxlasın. Azərbaycan Ordusu bu addımları uğurla həyata keçirir. 

İrimiqyaslı hərbi əməliyyatlara gəlincə, əlbəttə ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək onun haqqıdır. Azərbaycan Ordusunun da buna gücü və imkanı çatır. 2016-cı ilin “aprel döyüşləri” buna misal ola bilər. Həmin döyüşlər də erməni təxribatı nəticəsində başlamışdı. Lakin Azərbaycan bunu həm də özü üçün bir kəşfiyyat xarakterli döyüşə çevirdi. İri hərbi əməliyyatlar aparmaq üçün bu lazım idi. Nəticədə ordumuz bir neçə saatın ərzində ermənilərə sarsıdıcı zərbə vurdu. Strateji yüksəkliklər nəzarətə götürüldü, ermənilərin xeyli sayda texnikası və canlı qüvvəsi məhv edildi. Ermənilərin hay-küylə keçilməz xətt adlandırdığı postlar darmadağın oldu. Beləliklə, aydın oldu ki, Azərbaycan Ordusu düşmənin silahlı qüvvələrindən qat-qat güclüdür və öz torpaqlarını qısa müddətdə azad etməyə qadirdir. 

- Eldar bəy, söhbət hazırki vəziyyətdən gedir? Hazırda müharibəyə başlamaq çağırışları edilir, döyüşlərin davam etdirilməsinin zəruriliyi vurğulanır və s...

- Gəlin belə danışaq. Müharibə mövzusu elə bir mövzudur ki, burada kənardan fikir səsləndirmək, yol göstərmək doğru olmazdı. Müharibə qərarını yalnız Ali Baş Komandan verə bilər. Bu qərar çox vacib informasiyaları təhlil ediləndən sonra verilir. Bu informasiyalar da əlbəttə ki, Ali Baş Komandandadır. Doğrudur, hansısa politoloq, hərbi ekspert bu barədə danışır, yol göstərir, tövsiyə verir və s. Amma onlar ölkə başçısı qədər dolğun informasiyaya malik deyillər. Buna görə də müharibənin nə zaman, necə başlaması barədə qərarı o verə bilər. 

- Gündəmi məşğul edən məsələlərdən biri də Elmar Məmmədyarovun Xarici İşlər naziri vəzifəsindən uzaqlaşdırılmasıdır. İndiki vəziyyətdə bu addımı necə qiymətləndirirsiniz?

- Bu adamın fəaliyyəti ilə bağlı əvvəllər də tənqidi fikirlər səsləndirlib. Mən özüm də dəfələrlə onun fəaliyyətini tənqid etmişəm. Onun fəaliyyəti Minsk qrupu çərçivəsində danışıqlar aparmaqdan ibarət olub ki, bütün bunların da mənasız olduğu zaman-zaman aydın olub. Hətta mən deyərdim ki, bu danışıqlar erməni dəyirmanına su tökməyə bərabərdir. Çünki məhz ermənilər danışırlar prosesinin uzanmasında maraqlıdırlar. Bu, əlbəttə sülhə nail olmaq üçün deyil. Ermənilər sülh yolu torpaqları qaytarmacaqlarını davranışları, bəyanatları ilə nümayiş etdiriblər. Onlar sadəcə danışıqları uzatmaqla vaxt qazanmaq istəyirlər. 

Prezidentin də çıxşından bəlli oldu ki, bu məsələdə cəmiyyətlə hakimiyyət arasında bir konsensus var. Yəni, cəmiyyət Elmar Məmmədyarovun fəaliyyətindən narazı olduğu kimi hakimiyyət, ölkə rəhbərliyi də narazıdır. Ona görə də Elmar Məmmədyarovun tutduğu vəzifədən çıxarılması vacib və labüd idi. 

- Yeni Xarici İşlər naziri Ceyhun Bayramov oldu. Lakin onun bundan əvvəl Təhsil naziri vəzifəsində işləməsi, ümumiyyətlə, bu sahəyə yad olması əsas gətirilərək təyinatın uğurlu olmadığı iddia edilir. Sizin qiymətləndirməniz maraqlı olardı?

- Əlbəttə ki, Ceyhun Bayramovun Xarici İşlər naziri təyin olunması ictimaiyyətdə təəccüb doğurdu. Açığı mən də çox təəcübləndim. Lakin Prezidenin onu videoformatda qəbul etməsini izləyərkən bu sahəyə aid olmayan adamın Xarici İşlər naziri təyin olunmasının məntiqini anladım.

- Bu təyinatın məntiqi izahı nədir? 

- Söhbət ondan gedir ki, ölkə başçısı təkcə Xarici İşlər nazirini yox, ümumiyyətlə, nazirliyi, səfirləri də kəskin tənqid etdi. Hətta bəzi səfirlərin xəyanət etdiyini vurğuladı.

- Yəni, bütövlükdə xarici siyasət institutuna inamsızlıq yaranıb?

- Bəli. Həm də yeni nazirin qarşısına vəzifə qoyulub ki, orada təmizləmə işləri aparsın. Təbii ki, təmizləmə işləri aparmaq üçün də bu qurumda, yaxud bu sahədə çalışanlardan kimisə nazir təyin etmək doğru olmazdı. İstər-istəməz bir sahədə, yaxud qurumda çalışarkən orada işləyənlərlə müəyyən münasibətlər, korporativ maraqlar yaranıb. Bu faktor təmizləmə işlərinə mane ola bilərdi. Amma kənardan gələn, heç bir qrupa bağlı olmayan, heç kəslə şəxsi münasibətləri, ortaq maraqları olmayan şəxs bu işin öhdəsindən layiqincə gələ bilər. Ceyhun Bayramovun təyinatının məntiqi izahı budur. Bir daha qeyd edim ki, Prezidentin çıxışından bu, aydın şəkildə sezilirdi. Axı on illərlə birgə işləyən adam buna uyğun gəlmir. Ona görə istəristəməz on illərlər fəaliyyət göstərdiyin adamlara müəyyən münasibətlərin, əlaqələrin, korporativ maraqların olur. Bu da prosesi getməsinə əngəl ola bilər. Ona görə qurplarla bağlı olmayan adam olmalı idi. Prezidentin bu çıxışdan bu da aydın oldu.

Vidadi Məmmədov






Fikirlər