Düşməndən qisas almaq həyat stimulumuz olmalıdır...
İyul bitdi. İyul hadisələri də bitdimi? Elə hadisələr var ki, tez unudulur, əbədi tarixə yazılanlar da olur. Tarixdə elə hadisələr də olur ki, onu unutdurmağa çalışırlar. Düşmənlə növbəti yaşanan silahlı qarşıdurma əvvəlki atəşkəs pozuntularından, lokal döyüşlərdən fərqli olaraq dünya azərbaycanlılarını ayağa qaldırdı. Xalq ona görə həmrəylik nümayiş etdirdi ki, dünyada məğlub olmuş xalq kimi yaşamaq istəmir və generalının öldürülməsini növbəti məğlubiyyət kimi qəbul edib ayağa qalxdı, müharibə tələb etdi, vətən torpaqlarını azad etmək iqtidarında olduğunu göstərdi. Ona görə də, ölkədəki həmrəyliklə və xaricdəki qarşıdurma ilə müşayət olunan bütün ayaqlanmada həm də bir etiraz vardı. Məğlub kimi mövcud olmağa etiraz! Çünki, məğlublar yaşamaz, mövcud olarlar!
Tovuz müdafiəsi atəşkəs imzalanandan bəri, hətta aprel döyüşlərindən də fərqli bir rezonans yaratdı. Növbəti 4 günlük döyüşlər xalqları sülhə hazırlamaq adı altında aparılan danışıqların, ideyaların, nəticəsiz görüşlərin əslində Azərbaycanı təslimçiliyə hazırlamağın tərkib hissəsi olduğunu sübut etdi. Bu günlər sübut etdi ki, ilk baxışda sakit yaşayan xalqın içində bir vulkan yaşayır və onu bu günə kimi dəyərləndirə bilməyib hər şeyin zamanla unudulacağına inanan həmsədrlər, bizim səlahiyyətlilər, “beşinci kalon” nümayəndələri düzgün hesablamayıblar. Qarabağı görən, yaşayan nəslin tədricən həyatdan köçməsindən sonra, yeni nəslin zamanla Qarabağı unudacağını güman edənlər, hətta inananlar başqa mənzərənin şahidi oldular. Qarabağı görməyən Azərbaycan gəncliyi vətən naminə, Qarabağı işğaldan azad etmək naminə içində o ruhu qoruya bilib və istənilən an döyüşə hazırdır. O zaman Azərbaycan nəyə hazırlıq görməlidir?
Azərbaycan dövləti Azərbaycan xalqını müharibəyə hazırlamalıdır!
Xalqı sülhə, yəni təslimçiliyə hazırlamaqla sülh olmayacaq. Dünyanın ən böyük sülh müqavilələri müharibələrdən sonra olub. İstənilən düşməni sülhə məcbur etməyin yolu hərbidən keçib. Sülhə məcbur etməyin yolu danışıqlar deyil və biz 27 ildir ki, onun şahidləriyik. Qarabağ müharibəsinin birinci mərhələsi bizim məğlubiyyətlə bitib, amma sülh imzalanmayıb. Deməli, ikinci həlledici müharibəyə hazırlaşmaq lazımdır. Bu, hərbin və diplomatiyanın yeni müharibə qaydalarına hazırlığından keçir. Ən böyük güc isə xalqın bütün təbəqələrinə bu inamı aşılamaqdan və inkşaf etdirməkdən başlayır, çünki xalqda o ruh var, onu öldürmək olmaz. Düşmənin bizə yaşatdıqlarını, bütün vəhşiliklərini gizlətmək yox, xalqa nümayiş etdirib, onu qınağa doldurmaq lazımdır. Düşməndən qisas almaq həyat stimulumuz olmalıdır. Qisas torpağımızın azad edilməsidir. Ikinci Dünya müharibəsində faşistlərin törətdikləri cinayətləri öz gözləri ilə görən qarşı tərəfin əsgərləri daha da qəzəblənir və bunun qisasını almaq üçün özündən güclü düşmənin üstünə əzmkarlıqla atılmasına səbəb olurdu. Düşmənin Qarabağda törətdiyi bütün vəhşilklər Hitlerin əsir düşərgələrindən, Osvensimdən, qaz kameralarından geri qalmır. Düşmənin yeddi yüz mindən çox Qarabağ əhalisinin əsrlərlə qurub-yaratdığı torpaqlardan havadarının gücü ilə zorla çıxarması və dünyanın gözü qarşısında 32 ildir davam edən bu faciəyə son qoymağın yolu Azərbaycan xalqını müharibəyə hazırlamaqdan keçir!
Ordunun müasir dövrün müharibə şərtlərinə uyğun döyüş qabiliyyətini yüksəltmək, orduda bütün neqativ hallara - rüşvətxorluğa, mənimsəməyə, yerlipərəstliyə son qoyulmalı, peşəkarlığına görə deyil, şəxsi münasibətlərə görə məsul vəzifələrə təyin olunanlardan qurtulmalı, ordu içərisində düşmənə casusluq edənlər, xəyanətkarlar ifşa olunmalıdırlar.
Türkiyə ilə birgə hərbi təlimlər xalqda yeni ümidlər yaradıb. Bu ümid suya düşməməlidir. Əks halda düşmən bizim arxalandığımız qüvvədən də bir nəticə görmədiyimizi bayram edəcək. Bu işin diplomatik və hərbi koordinasiyasını uğurlu şəkildə davam etdirmək lazımdır.
Bütün mənalarda isti keçən iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızdadır. Hazırlaşın!
İlham İsmayıl.