"Onların əqidəsi şərab köpüyünə bənzəyir" — YAP-çı professor Ramiz Mehdiyevi və Ombudsmanı "TOPA TUTDU"
Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor Vaqif Abdullayev AMEA prezidenti Ramiz Mehdiyevi sərt tənqid edib. Demokrat.az xəbər verir ki, professor AMEA prezidentini hakimiyyəti sabotaj etməkdə ittiham edib: "Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin karantin rejimini pozaraq öz nəvəsinə şənlik məclisi qurması cəmiyyətdə haqlı olaraq etirazlarla qarşılanmaqdadır. Hamı bu qanunazidd əməlləri pisləyir, dövlətin ali qanunlarına hörmətsizlik edənlərin layiqli cəzasını almasını tələb edir. Cəmiyyətin mövqeyi tamamilə başadüşüləndir. Vəzifəsindən, statusundan asılı olmayaraq hər bir vətəndaş qanun qarşısında bərabərdir və bütün qayadalara əməl etməlidir. Yaşanan son hadisələr göstərdi ki, bəzi vəzifəli şəxslər qayda və qanunlara əməl etmirlər. Kimsə öz vəzifəsi, maddi imkanları səbəbindən xüsusi imtiyaz sahiblərinə çevrilib, qanunları yan keçmək istəyirsə yanılır. Xüsusilə də Ramiz Mehdiyev dövlətin və xalqımızın pandemiya dövründə milli həmrəyliyinin, hakimiyyətlə xalq arasında möhkəm birliyin artdığı bir dövrdə və şəraitdə yenə də təkəbbürlük etmək istəyir, “müdrik siyasi uzaqgörənlik” etməyə çalışır, ancaq bu ziddiyətli və nataraz mövqeyi ilə dövlətin müasirləşmə, modernləşdirmə və gəncləşdirmə siyasətinin nizamına və ahəngdarlığına mane olan vəziyyətlər yaradır. Azərbaycanın elm məbədinin qərargahını özünün şəxsi korporativ “votçinasına” çevirən və baş kahin kimi mücərrəd və qəbulolunmaz qaydalarını yaratmaq və həyata keçirmək istəyən akademik bu azmış kimi sərsəm bəyanatlar verir. O son bəyanatları açıq-aşkar hakimiyyətə qarşı bəzi sabotajla məşğul olur. Onun hərəkətləri nə akademik adına yaraşır, nə də ki, ağsaqqala. Yəqin ki, heş kim unutmayıb, Cənab Prezident İlham Əliyev hər kəs üçün – gənc kadrdan tutmuş ağsaqqal məmura qədər belə bir mesaj vermişdi, “Heç kimin keçmişdəki və indiki xidməti, titulu, vəzifəsi nəzərə alınmayacaq. Kim qanunları pozarsa, dərhal cəzalandırılacaq. Dözülməz hallara qarşı mübarizə davam edəcək”. R.Mehdiyev dövlət başçısının bu qətiyyətli fikirlərini unutmamalıdır. Böyük sənətkarımız Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” komediyasındakı toy səhnəsində baş verənlər milyonlarla tamaşaçıda hər dəfə dərin gülüş doğurur. Səhnədəki personajlar və hadisələr - Qoçu Əsgərin, Həsənqulu bəyin, Rza bəyin, ləzginka oynayan qızın və səhnədəki digər elementlərin hər biri Novxanıdakı məclisdəkilərə çox bənzəyir. Abel Məhərrəmovun düşdüyü durum Həsənqulu bəyin monoloquna daha çox oxşayır. Həsənqulu bəy Məşədi İbadı göyə qaldırıb- endirir, gah yaltaqlıq edir, gah riyakarlıq. İspan şərabından meyxoş olan Abel müəllim Ramiz Mehdiyevin “xarüqalərindən” danışır. Ancaq burada bir həqiqəti etiraf edir, xırda adam olmağını. Bəli, Abel Məhərrəmov kimi xırda və yarıtmaz, səriştəsiz, dövlət üçün heç bir faydası olmayan adamlar Ramiz Mehdiyevin sayəsində vəzifə qazanıblar, var-dövlət sahibi olublar. Onların əqidəsi və sədaqəti də şərab köpüyünə bənzəyir. Novxanıdakı tragikomik səhnələrdə əsas personajlardan biri olan Siyavuş Novruzovun hərəkətləri isə həm gülüş, həm də acı nifrət doğurur. YAP-ın icra katibinin müavini kimi məsuliyyətli bir vəzifənin sahibi sanki uşaq başı aldadırmış kimi bəhanələr gətirir: “Ramiz müəllim, Prezidentdən icazə aldığını dedi, mən də, inandım getdim”, “Məni aldatdılar”. Azərbaycan Prezident ən ciddi şəkildə karantin qaydalarına riayət olunmasını tələb edir və davranışı ilə qaydalara hamı üçün nümunə, örnəkdir. Bir azca ağıl işlədin, dövlət başçısı hansısa məmura bu qaydaları pozmağa icazə verərmi?
Qətiyyən. S.Novruzov bu sözü ağzından çıxaranda nə danışdığını bilirmi? Görünür, toydakı içkinin dozası hələ də başından çıxmayıb. Yaxud, insan haqlarının, ədalətin keşikçisi olan Ombudsmanın insanların təhlükəsizliyi naminə tətbiq edilən qanunun ədalətinə qarşı çıxması, əl qaldırıb rəqs etməsi hansı çərçivəyə sığa bilər? Eləcə də, əli abbasovlar, digərlərinin hərəkətləri riyakarlığın, əqidəsizliyin, mövqesizliyin ifadəsidir. Xalqımız həqiqətən çox müdrik və hər şeyi yerli-yerində nizamlayan xalqdır. Bəziləri əqidəsiz və mövqesiz adamların Yeni Azərbaycan Partiyasından (YAP) kənarlaşdırılmasını məlum məclislə calayır və məntiqsiz arqumentlərdən çıxış edirlər. Ramiz Mehdiyevin nəvəsinin YAP-dakı islahatlara nə dəxli var? Dövlətin siyasi və iqtisadi sektorlarında dərin islahatlar həmişə aparılıb və bu gün daha qətiyyətlə davam etdirilir. Sovet üsul-idarəsinin, inzibati amirlik sisteminin ruhu və təfəkkürü ilə irəliyə getmək mümkündürmü? Təbii ki, hələ də 80-90-cı illərin havası ilə yaşayan məmurların indiki islahatları qəbul etməyə nə iradələri, nə də ağıl və təfəkkürləri çatmır. YAP Sədri Cənab Prezident İlham Əliyevin və YAP Sədrinin müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müasir islahatlar kursunun əsas fəlsəfəsi vətənpərvər, milli, müasir düşüncə və təfəkkürə malik, yenilikçi kadrlarla daha böyük uğurlara irəliləməkdir. YAP respublikamızda siyasi və iqtisadi sabiliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsində fəal iştirak etdiyindən Partiyanın özünün də bu dinamikliyə və çevikliyə uyğunlaşması, ayaqlaşması lazımdır. Bu baxımdan YAP-da da Yeniləşmə, Gəncləşmə labüddür. Bu çətin və məsuliyyətli Yolda Partiya üzvlərinin də məsuliyyəti artır, milli və vətənpərvər kadrların üzərinə böyük yük düşür. Milli mövqeyi olmayanlar, bulanıq suda balıq tutmaq istəyən riyakarlar isə su durulduqca üzə çıxır və partiyamız bu nadürüstlərdən ələnərək daha da saflaşır, şəffaf dövlət quruculunda möhkəmlənir. YAP dünənin, bu günün və sabahın partiyasıdır. YAP ölkəmizin ictimai-siyasi həyatının və proseslərin ayrılmaz tərkib hissəsidir. Partiyada aparılan yeniləşmə siyasəti də təsdiqləyir ki, YAP strukturlarında istedalı və vətənpərvər, işgüzar, çalışqan və yeni fikirli insanlara geniş Yol açılmaqdadır. Bu, dövlət siyasəti ilə partiya siyasətinin ahənginə uyğun olaraq vəhdət təşkil edərək qarşısıalınmaz prosesə çevrilməkdədir. Heydər Əliyev ideyalarına sadiq və dönməz əqidəli, Cənab Prezidentin islahatlar kursuna sadiq mövqeyi olan və yeni təfəkürlü, müasir baxışlı insanlar YAP-ın möhtəşəmliyini daha da artıracaqdır".
Xalqa toy tutanlara xalq hər zaman özü toy tutur. “Boz kardinal”a da (bu gün ona bozarmış, saralmış, üzülmüş kardinal da demək olmur) vaxtilə özünü qanunlardan üstün tutaraq dövlətçiliyin yolunda can qoyan milli vətənpərvər kadrlara divan tutduğuna görə, bu gün ona toy tutulur. Bu toy nə qədər tragikomik bir səhnə olsa da həyatın acı həqiqətidir.
Maraq doğuran digər bir məqam var.