Ermənistan tərəfi Moskvada əldə olunmuş atəşkəs anlaşmasının mürəkkəbi qurumamış, Gəncə şəhərini raket atəşinə tutdu. Yaşayış binasına atılan raket 10 nəfərin ölümünə, 40 nəfərin isə yaralanmasına səbəb oldu. Bu gün Azərbaycanda fəaliyyət göstərən səfirlik nümayəndələri xaraba qalmış həmin ərazidə olublar.
Bəs, Gəncədə baş verən, rəsmi Bakının Xocalı soyqırımının davamı kimi dəyərləndirdiyi bu qırğını xarici media necə işıqlandırır?
Qətərə məxsus Ərəb dünyasının ən nüfuzlu media orqanı olan "aljazeera.com" Gəncədə baş verən terror aktı ilə bağlı ətraflı məlumat yayıb. Media orqanı xüsusi ilə vurğulayır ki, Gəncə şəhəri Dağlıq Qarabağdan 60 kilometr kənarda yerləşir. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və burada hər hansı hərbi baza yoxdur. Buna baxmayaraq, məhz bu şəhər belə dəhşətli hücuma məruz qalıb.
Qeyd edək ki, 2013-cü ildən ABŞ-da da yayımlanan "aljazeera.com"a məxsus "Al Jazeera America" televiziya kanalı da həmin materialları yayımlayır. "Aljazeera.com" dünyanın "BBC" və "CNN" kimi nəhəng media mərkəzləri ilə ciddi rəqabətdədir və bir çox hallarda onları üstələyir.
ABŞ-ın " news.sky.com" saytı da bu məsələyə xüsusi diqqət ayırıb. Saytda atəşkəsdən sonra Gəncənin bombardman edilməsi və mülki şəxslərin öldürməsi haqqında geniş məlumat verilib. Eyni zamanda, Gəncədə partlayış anını özündə əks etdirən kadrlar izləyicilərin diqqətinə çatdırılıb. "TRT Haber"in də yaydığı həmin görüntülər " mirror.co.uk", " bbc.co.uk", " msn.com", " sbs.com.au" və onlarla bu kimi saytlar tərəfindən yayımlanıb.
Onu da qeyd edək ki, "Reuters" agentliyi də "TRT Haber"ə istinadən həmin kadrlara yer verib.
"The Associated Press" və "Xinhua” agentlikləri də Gəncə terroru ilə bağlı video-görüntüləri yayıblar.
Böyük Britaniyanın "The İndependent" qəzeti də Gəncə hadisələri haqqında məqalə dərc edib.
İranın "The Tehran Times" qəzeti isə Gəncə şəhərinin adını çəkməyib. Sadəcə, qeyd edib ki, İran Azərbaycan və Ermənistanda mülki əhalinin hədəfə alınmasını şiddətlə qınayır.
Almaniyanın ən nüfuzlu nəşri olan "DW" də bu barədə geniş məqalə hazırlayıb.
Elbəyi Həsənli, Sürix