Müsavat Partiyası həmsədrlərin mövqeyini PİSLƏDİ
Müsavat Partiyası Azərbaycana diplomatik təzyiqləri, o cümlədən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin mövqeyini qəti şəkildə pisləyib. "AzerTaym.az" bildirir ki, partiyanın yaydığı açıqlamada bildirilir ki, Azərbaycan ordusu tərəfindən ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə aparılan hərbi əməliyyatlar beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam uyğundur. Belə bir şəraitdə həmsədrlərin uğurlu əməliyyatın qarşısını almaq cəhdləri Ermənistanın işğalçı siyasətinə dəstək kimi qiymətləndirilir. Müsavat Partiyası vasitəçiləri - ABŞ, Rusiya və Fransanı Azərbaycan-Ermənistan münaqişəsində neytral mövqe tutmağa və ya ATƏT-in Minsk Qrupuna həmsədrlikdən imtina etməyə çağırır. Müsavat Rusiya və İrandan Ermənistana silah təchizatı barədə məlumatlardan narahatlığını bildirir və hər iki dövlətdən açıqlama tələb edir. Məlumatda qeyd olunur ki, partiyanın yüzlərlə üzvü və onların övladları işğal olunmuş ərazilərin azad edilməsi uğrunda döyüşlərdə iştirak edirlər. Partiya üzvləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianələrin təşkili üzrə işlər davam etdirilir.