Putinin müsahibəsi: Marağımıza uyğun və zərərli olan nədir? - İLHAM İSMAYIL yazır...

{title}

Qarabağ 200 ildən çoxdur ki, istər çar Rusiyasının, istər sovet Rusiyasının, istərsə də Rusiya Federasiyasının siyasətində mühüm yer tutub. İkinci Qarabağ müharibəsi başlayan gündən isə Rusiya siyasətində çox kəskin bir dönüş yaranıb - sanki Rusiyanın bircə dərdi var, o da Qarabağdır. Belarus, Ukrayna, Moldovada, Suriyada baş verənlər, Covid-19, hətta Rusiya siyasətində bir nömrəli rəqib sayılan ABŞ-da seçkilər bir tərəfədir, Qarabağ  da bir tərəfə. Putinin dünyada baş verənlərlə  Qarabağdakı vəziyyətə reaksiyasını müqayisə etsək, Qarabağa olan diqqətinin tərəzinin gözündə ağır tərəf olduğuna heç bir şübhə yoxdur. Dünən “Rossiya-24” kanalına verdiyi müsahibədən də məlum oldu ki, Pusiya lideri xüsusilə son bir həftədə Qarabağa fokuslanıb.
 
Putinin müsahibəsində Azərbaycanın ərazi bütövlüyünün iki dəfə vurğulaması, Türkiyənin proseslərdə beynəlxalq hüquqa zidd olmayan siyasətini xüsusi qeyd etməsi və digər məslələrlə bağlı dedikləri müsbət məqamlardır. Amma, Rusiya liderinin mövqeyində bəzi məsələlərin ümumiyyətlə doğru olmadığını qeyd etməklə yanaşı, perspektiv siyasətimizdə diqqət edəcəyimiz çox ciddi fikirlərini də vurğulamalıyıq.
 
Putinin dediklərinə keçməzdən əvvəl, Kreml sahibinin müsahibə zamanı çox da sərrast və inamlı təsir bağışlamadığı açıq hiss olunurdu. Bəzi cavablarda isə çətinlik çəkdiyi, pauzalar verdiyi, fikrini bildirməzdən əvvəl fasilələr verdiyi diqqətdən yayınmadı. Fikrimizcə, bu onu göstərir ki, zaman dəyişib, geoplitikada Rusiyanın əvvələr kobud şəkildə etdiyi müdaxilələr indi qəbul olunmur, yeni şərtlər reallıqdır və Qarabağda mövcud situasiya Rusiya üçün də mürəkkəb və həssas məna daşıyır.
Müsahibənin giriş hissəsində  Putinin Qarabağ probleminin yaranmasının səbəb kimi Sumqayıt hadisələrini göstərməsi yanlış idi. Ən azı fevralın 13-də Xankəndidə DQMV-in Ermənistana verilməsi tələbi ilə ilk mitinq, fevralın 22-də Əsgəranda  Əli Hacıyev və Bəxtiyar Quliyevin ermənilər tərəfindən qətlə yetirilməsi, fevralın 19-da Ermənistanın bir çox yerlərindən azərbaycanlıların qovulması, 27-dən 28-nə keçən gecə baş vermiş Sumqayıt hadisəsindən əvvəl olduğunu Putin keçmiş KQB işçisi kimi yaxşı bilir. Onun məntiqindən belə çıxır ki, Sumqayıt hadisəsi nəticəsində ermənilər silahlanıb 20 faiz Azərbaycan torpaqlarını işğal ediblər.
Putinin Qarabağdakı mövcud status-kvo ilə bağlı dedikləri isə həm xəbərdarlıq idi, həm bu vəziyyətin uzun müddətə ola biləcəyinə işarə. Gürcüstanda sülhməramlılara atəş açılmasını “böyük səhv” adlandıran Putin Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasına gətirib çıxardığını xüsusi virğuladı və bir növ xəbərdar etdi ki, Rusiya sülhməramlılarına atəş açmaq ağır nəticələrə səbəb ola bilər. Bu vəziyyətin düzəlməsinin zamanını isə  faktiki olaraq “yaraların hər iki tərəfdə təzə olması ilə” əlaqələndirdi. Qarabağa veriləcək statusun da birgəyaşayışdan qaynaqlacağına birbaşa işarə vurdu. 
Sonda status məsləsinin gündəmdən çıxmadığını deməklə Rusiya prezidenti bizim məlum mövqemizə korrektələr etməyi dolayısı ilə xatırlatmış oldu. İlk baxışda burada bir o qədər təhlükə hiss olunmaya bilər. Status vermək fikrində olmadığımızı dövlət başçısı vurğulayıb, deməli, bundan sonra dünya ayağa qalxsa da uzaqbaşı mədəni muxtariyyət məsələsi müzakirə oluna bilər. Qarşı tərəfin iddiasının hansı statusa razılaşması artıq önəm daşımır. Baxmayaraq ki, nəinki status, itirdiklərini geri qaytarmaq üçün müharibəni belə gözdən keçirən erməni liderlər var. Kilikiya Böyük Evinin katalikosu  I–ci Aram çağırış edib: ”Müharibə hələ bitməyib. Sayıq və realist olmaq lazımdır. Müharibə qaçılmazdır, məsələ yalnız onun başlamasının vaxtı ilə bağlıdır”. Bu, düşmənin din xadiminin mövqeyidir. 
  
Sülhməramlılarla daim əlaqə saxlamaq bizim üçün çox vacibdir. Bunun üçün bizim dövlət strukturlarının Qarabağda  tədricən fəaliyyətini başlamaq lazımdır. Daimi kontaktın olmasının  müsbət sonuclar verdiyi Birinci Qarabağ müharibəsində, hətta ilkin dövrlərdə özünü təsdiq edib. 
Ermənilər işğal illərində həmişə bizə təklif edirdilər ki, dost olmaq, gedib-gəlmək, ticarət etmək lazımdır. Qalib olan tərəf üçün bu düzgün siyasətdir. İndi biz Qarabağ ermənilərinə bu cür təkliflərlə müraciət edib təşəbbüsü ələ almalıyıq. Ona görə ki, biz qalibik! Qalib kimi də daha yuxarıdan baxmalıyıq. Bu, bizim xeyrimizə ola biləcək siyasətdir. 
Dövlət tarixi üçün 5 və ya 10 il böyük zaman deyilrdi. Ona görə də “sülhməramlılarla” bağlı tələsik bədbin nəticələr çıxarmağa dəyməz, sadəcə bu zaman kəsiminin ilk mərhələsində təməlli addımlar atmaq son qələbə möhürünü vurmağı tezləşdirəcək. Problemi görmək işin bir tərəfidir, onun həllini göstərmək və bu istiqamətdə çalışmaq isə qələbəyə yaxın olmaq deməkdir. 
 
İlham İsmayıl






Fikirlər