“Rasim Musabəyov, Tofiq Zülfüqarov və digərlərinin niyə belə etdiklərini...” - Deputat qalmaqallı açıqlamalardan danışdı
“İstəyərdim, təhlükəsizlik konsepsiyasına dəyişiklik edilsin, Türkiyə Silahlı Qüvvələrinin bazaları Azərbaycanda yerləşdirilsin. Türk qoşunu nəinki Qarabağda, Bakıda və digər yerlərdə olmalıdır. Tarixə diqqət yetirsək, görərik ki, XVII, XIX əsrlərdə türklər xilasedici missiya ilə çıxış ediblər. XX əsrdə də bu missiyanı Qarabağda həyata keçirirlər. Türk qoşunları Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Hamı bilir ki, Nuru Paşa, Ənvər Paşa hansı xidməti göstəriblər. Ona görə də Türkiyə Silahlı Qüvvələri Azərbaycanda olmalıdır, çünki onlar bizim təhlükəsizliyimizin qarantıdır”. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. T.Kərimli həmkarı Rasim Musabəyovun da mövqeyinə münasibət bildirib: “Rasim Musabəyov deyir ki, türk qoşunu gələrsə, ermənilər qıcıqlanar. Türk qoşunu məhz elə buna gəlməlidir. Ermənilər və onların havadarları bilsinlər ki, Türkiyə Azərbaycanı dəstəkləyir. Türkiyə heç vaxt bizi tək buraxmayıb. Naşükür olmamalıyıq, onlar bizi müharibə vaxtı tək buraxmadı. Düşünürəm, türk qoşunu Qarabağda təkcə müşahidə ilə kifayətlənməməlidir... Baltikyanı ölkələr istisna olmaqla, ilk dəfədir ki, post-sovet məkanında başqa bir dövlətin qoşunu yerləşdirilib. Bu, çox önəmli məsələdir. Rasim Musabəyovun mövqeyini, doğrusu, başa düşə bilmədim. Rasim müəllim həmişə Türkiyənin tərəfindən çıxış edib. Rasim Musabəyov, Tofiq Zülfüqarov və digərlərinin niyə belə etdiklərini anlaya bilmirəm. Onlar belə etməməlidirlər. Bəzi şəxslər Qəzənfər Musabəyovu müzakirəyə çıxarır, Rasim Musabəyovu tənqid edirlər. Bu, düzgün deyil. Qəzənfər Musabəyov Rasim Musabəyovun babasının dayısı olub. Necə ola bilər ki, Nəriman Nərimanov yaxşı olsun, Qəzənfər Musabəyov pis olsun? Bilirsiniz ki, onu bolşeviklər güllələyiblər... Qəzənfər Musabəyovun da xidmətləri olub. Tarixi bu cür təftiş etmək düzgün deyil. İdealist insanlar olublar, düşünüblər ki, fəhlə-kəndli hökuməti qurmaq lazımdır, rüşvətxorluqla məşğul olmayıblar, özlərinə şərait qurmayıblar. Rasim Musabəyova hücumu düzgün hesab etmirəm. İstəyərdim, Rasim bəy də dediklərinə düzəliş etsin. O, bunu Rusiya auditoriyasına niyə deməli idi ki? Bir daha qeyd edirəm ki, Türkiyə ordusunun Azərbaycana gəlməsi xalqın arzusudur”. /Pravda.az