Moskva görüşündən nə gözləyirik? - “Qarabağda suverenliyimiz tam bərpa olunmayıb“

Paşinyanın sözçüsü Moskva görüşünün detallarını açıqladı: Qərarlar qəbul ediləcək

Bu gün Moskvada Prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü baş tutacaq. Bu görüş Azərbaycanda olduğu qədər Ermənistanda da böyük marağa səbəb olub. Ermənistan cəmiyyəti Paşinyanın növbəti dəfə milli maraqları qurban verəcəyini düşünür. Bu səbəblə onlar baş nazirin Moskvaya yollanmasına mane olmağa çalışıblar.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq Araz Aslanlı qeyd edib ki, erməni cəmiyyəti düşünür ki, onlar qonşularına istədiyi iddianı irəli sürə və istədiyi bir şeyi haqsız şəkildə əldə edə bilər. Baş verənlər də bu atmosferin nəticəsidir:

“Təbii ki, bu proses Ermənistan müstəqilliyə qovuşmadan öncə başlayıb. Ermənistanın müstəqilliyə qovuşma və müstəqillikdən sonrakı mərhələsi də haqsız qazanclar əldə etmək hesabına qurulub. Ermənilər həmişə əldə etdikləri haqsız qazancı özlərində saxlamağa çalışıblar. Onlar anlamırlar ki, Paşinyan Moskva görüşündə Ermənistana aid olan bir şeydən vaz keçməyəcək. Əgər Moskva görüşündə nəsə sənəd imzalanacaqsa, bu, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün qorunması, suverenliyinin bərpası ilə bağlı ola bilər. Erməni cəmiyyəti isə bununla barışmaq istəmir. Amma barışsalar, Ermənistanı daha yaxşı gələcək gözləyəcək, barışmadıqları müddətdə isə problemlə üzləşəcəklər”.

Ekspert vurğulayıb ki, Azərbaycan Ermənistana qarşı beynəlxalq hüquqa zidd olan hansısa bir iddia irəli sürmür. Sadəcə erməni cəmiyyəti Ermənistanın beynəlxalq hüquq qarşısındakı öhdəliklərini unutmuş kimi görünür:

“Azərbaycan son hərbi əməliyyatlarla erməni cəmiyyətinə onların öhdəliklərini bir növ xatırlatmış oldu. İndi o prosesi tam yekunlaşdırmaqla bağlı görüşlərə ehtiyac var. 44 günlük müharibə ərazilərimizin böyük hissəsinin işğaldan azad edilməsi ilə nəticələndi. Amma həllə ehtiyacı olan bəzi məsələlər var. Qarabağda suverenliyimiz tam bərpa olunmayıb, münaqişənin tam nizamlanması ilə bağlı müəyyən nüanslar müəyyən edilməyib. Həmin nüansların müəyyən olunması üçün müzakirələr aparılmalıdır. Təssüf ki, erməni cəmiyyəti nə beynəlxalq hüquqdan qaynaqlananan öhdəliklərini, nə də reallığı düzgün qiymətləndirir. Ona görə də Paşinyana etiraz edirlər. Anlamalıdırlar ki, bu, təkcə Paşinyanın uğursuzluğu deyil, qonşularına ərazi iddiaları irəli sürən və iddiaları gücünə uyğun olmayan Ermənistan dövlətinin uğursuzluğudur”.

Moskva görüşündən nə gözləyirik? - “Qarabağda suverenliyimiz tam bərpa olunmayıb“






Fikirlər