“PARTİYA YÜKÜ” VƏ AĞDAM MƏSCİDİNİN QAPISI... - YAP-a 5, yoxsa 45 partiya birləşməli idi?
Uzun illərin təcrübəsi göstərir ki, məmləkət, xalq, dövlət, büdcə olaraq hər cür lazımlı və lazımsız yükü götürmək və daşımaq bacarığına malikik. Bu, iqtisadi, sosial, mənəvi və hətta siyasi yük də ola bilər. Həmin bu yükün tərkib hissələrindən birini də cəmiyyətin böyük hissəsinin tanımadığı, adını bilmədiyi, ölkənin siyasi həyatına heç bir real təsiri olmayan, hətta seçkidən-seçkiyə də varlığı, aktivliyi hiss olunmayan, əvəzində leqal, yaxud qeyri-leqal yollarla maliyyələşən siyasi partiyaları hesab etmək olar... Bir neçə gün əvvəl “partiya sədrləri” adı ilə 50-yə yaxın şəxsin Ağdama səfərə aparılması, daha sonra bir neçə partiyaya qərargah verilməsi və bu tendensiyanın davam edəcəyinə dair söhbətlər, eləcə də məlum dairələrdə partiyaların maliyyələşməsi məsələsinin müzakirə olunması və s. Azərbaycandakı siyasi partiyaların sayı və əhəmiyyəti mövzusunu yenidən gündəmə gətirmiş oldu. Sosial şəbəkələrdə və mətbuatda son zamanlar “adından başqa heç nəyi olmayan” partiyalara önəm verilməsinə, onların qərargahla təmin olunmasına, bu və ya digər yollarla maliyyələşməsinə “müftəyeyənlər, belimizə yük olanlar az idi, bunlar da bir tərəfdən çıxdı” kimi reaksiyalar verilməkdədir. Təbii ki, həyat səviyyəsi, sosial durumu yüksək olan toplumlarda bəlkə də sözügedən təşkilatlara (əgər belə demək mümkünsə-C.M) bu münasibət yaranmazdı. Lakin Azərbaycanda, xüsusilə camaatın “qəpiyə güllə atan” indiki vaxtında belə reaksiyalar başadüşüləndir. Bəs, bu münasibət haradan qaynaqlanır və nə dərəcədə ədalətlidir? Rəsmi statistikaya görə, Azərbaycanda dövlət qeydiyyatından keçən partiyaların sayı 56-dır. Lakin 6-7 partiya istisna olmaqla, əhali arasında onların böyük əksəriyyətinin nəinki adını bilən, heç olmasa sədrini üzdən tanıyan belə yoxdur. Ancaq bu, onların adlarındakı pafosu qətiyyən azaltmır. Özü də bu pafos əksər hallarda təkrarçılıq və primitivliklə müşayiət olunur. Onların çoxlarının adları eyni mənanı daşıyır və böyük ehtimalla proqram və nizamnamələri də heç nə ilə fərqlənmir. Məsələn, Vəhdət Partiyası və “Milli Vəhdət” Partiyası, Azərbaycan Kommunist Partiyası və Azərbaycan Vahid Kommunist Partiyası, Vahid Azərbaycan Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Birlik Partiyası - bunların arasında istər ad, istərsə də mahiyyət baxımından hansı fərqlər ola bilər? Yaxud, digər adlara fikir verin - Demokratik Azərbaycan Dünyası Partiyası, “Qorqud” Partiyası, "Azərbaycan Mübarizləri" Partiyası - sanki partiya yox, “reket qəzet” adlarıdır. Ümumiyyətlə, siyahıda adları da varlıqları kimi absurd olan partiyalar kifayət qədərdir... Əlbəttə, bu partiyaların sədrlərinin böyük əksəriyyəti, yəqin ki, ayrı-ayrılıqda şəxsiyyət olaraq savadlı, vətənpərvər, müasir siyasi dünyagörüşünə malik insanlardır. Hər halda buna ümid edirik. Lakin bu şəxslərin əhəmiyyətli bir qisminin məqsədi, məramı qeyri-müəyyən, hətta qaranlıq görünür. Onların arasında adını Azərbaycan Naminə Alyans qoyub da, nəyə, kimə xidmət etdiyi sual yaradan Abutalıb Səmədov kimilərinin və bu qəbildən olan digərlərinin partiyaları var... Nə verib bu partiyalar indiyə kimi ölkənin ictimai-siyasi mühitinə, hansısa yeni, fərqli istiqamət yarada, yaxud gənc siyasi fəal qrup, qüvvə yetişdirə bilibmi? Yox. O zaman bu partiyalarlın sayının 56 yox, 5-6 olması daha məntiqli olmazmı? Məsələn, 5 partiaynın YAP-a birləşməsinə dair məlumat yayıldı. Bunun ölkənin siyasi həyatına hansısa təsiri oldumu? Xeyr. Necə ki, 5 yox, hətta eyni qaydada daha 45 partiya YAP-a birləşsəydi, bunun heç bir “yan təsiri” olmayacaqdı... Əgər məqsəd doğrudan da xalqa, millətə, azad siyasi rəqabət mühitinin yaradılmasına xidmət etməkdirsə, o zaman olmazmı ki, bu şəxslərin heç olmasa bir qismi vahid partiyada birləşib, daha ciddi, müəyyən siyasi yükə malik qüvvəyə çevrilsinlər, ortaya rəqabət qabiliyyətli vahid partiya kimi çıxsınlar və ən azından lağlağı obyekti olmaqdan qurtulsunlar? Axı, kəmiyyətin keyfiyyətə keçməsi qanununu heç kim qüvvədən salmayıb. Nə vaxta qədər özləri hakimiyyəti seçki saxtakarlığında günahlandırmaqla yanaşı, bir toyun adamını belə toplamaq imkanları olmadığı halda, saxta qurultaylar keçirəcək, saxta partiya üzvləri siyahısı təşkil edəcəklər? Yaxşı, tutaq ki, hakimiyyətin siyasi partiya adı ilə bu şəxsləri önə çəkməsində, onları maliyyələşdirməsində, siyasi qüvvə kimi təqdim etməsində hansısa maraqları var. Ən azı siyasəti biznesə, əqidələrini alver predmetinə çevirən "partiya liderlərinin" Azərbaycana qarşı heç də xoş niyyət güdməyən xarici qüvvələrin təsiri altına düşməsinin, "5-ci kolona" qoşulmasının qarşısını almaq məqsədi güdülür. Bəs, bunların özlərinə nə gəlib? Başqa vaxt xalqdan, dövlətdən, millətdən danışan həmin adamların şəxsiyyəti buna necə imkan verir? Bu partiyaların, 6-7-sı istisna olmaqla, siyasi vitrin yaradılması xatirinə nəyinsə qarşılığında həmin vitrində dilsiz-ağızsız maneken olmağa razılıq verməsi onlara başucalığı gətirə bilərmi?... Xeyli müddətdir ki, siyasi partiyaların büdcə hesabına maliyyələşməsi məsələsi gündəmə gətirilir və hazırda müşahidə edilən tendensiya bununla bağlı qərarın qəbul edilməsi ehtimalının yüksək olmasından xəbər verir... Deməli, yaxın vaxtlarda, böyük ehtimalla, büdcənin belinə yüklənən maddələrin biri də artacaq. Və özlərini partiya sədri hesab edənlər də bundan bəhrələnəcəklər. Bu, istər-istəməz həmin “partiya rəhbərləri”nin Ağdama səfəri zamanı Ağdam məscidinə baş çəkmələrini yada salır. Bəli, bütün məscidlər kimi, Ağdam məscidinin də qapısı açıq idi... /“AzPolitika.info”