Deputatın qəzeti bağlanır? - AÇIQLAMA

Deputatın qəzeti bağlanır? - AÇIQLAMA

Son günlər bəzi kütləvi informasiya vasitələrinin maliyyə çatışmazlığı səbəbi ilə öz fəaliyyətini dayandırması barədə sosial şəbəkədə xəbərlər yayılır. Bu baxımdan adı hallanan media qurumları sırasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevə məxsusluğu qeyd edilən "Cümhuriyət" qəzeti və Cebhe.info saytı da var. İddia olunur ki, maliyyə çatışmazlığı səbəbilə xeyli müddətdir qəzet çıxmır. Saytda çalışanların əmək haqqı isə 3 aydır gecikdirilir. “Cümhuriyət” qəzetinin redaktoru, tanınmış jurnalist Elman Cəfərlinin bu gün "Facebook" hesabında status yazaraq 2015-ci ilin sentyabrından çalışdığı mətbuat orqanını və Cebhe.info saytını tərk etdiyini bəyan etməsi sözügedən məsələni yenidən diqqət mərkəzinə gətirib.

Mövzu ilə bağlı Yenisabah.az saytına açıqlama verən "Cümhuriyət" qəzetinin baş redaktoru Rafael Becanov rəhbərlik etdiyi media qurumları barədə səsləndirilən iddiaları təkzib edib.

O qeyd edib ki, qəzet və sayt fəaliyyətini dayandırmayıb:

“Nə qəzet, nə də sayt bağlanır. Məvaciblərin verilməməsi kimi problem də yoxdur. Bu məlumatları kim yayırsa, onlardan soruşun. Sadəcə karantin rejimi səbəbilə iş rejimimizdə müəyyən dəyişikliklər var".

"Cümhuriyət" qəzetinin redaktoru E.Cəfərlinin qəzetdəki və saytdakı fəaliyyətinə son qoymasına münasibət bildirən R.Becanov deyib ki, o, başqa işə getməsi ilə bağlı müraciət edib, öz ərizəsi ilə işdən azad olunub.

 

Deputatın qəzeti bağlanır? - AÇIQLAMA

 






Fikirlər