“Nəzarət olmasa, məmurlar ac qurd kimi Qarabağı udacaq“ - Partiya sədri
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Bununla qanun bağlı layihəsi artıq parlamentin müzakirəsinə təqdim olunub. Layihədə əks olunan 15 maddəyə əsasən, artıq məmurların Şuşanı Azərbaycanın digər bölgələri kimi zəbt edə bilməyəcəyini demək mümkündür. Maraqlıdır, Kəlbəcəri, Laçını, Qubadlını, ümumilikdə, işğaldan azad edilən digər bölgələrimizi məmurlardan necə qoruya bilərik? Mövzu barədə Yenisabah.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, ilk növbədə Dağlıq Qarabağ ərazisindən olan məcburi köçkün və qaçqınların mülkiyyət hüquqlarının bərpası istiqamətində özəlləşdirmə aparmalıdır: “Bu haqda mən məsələ qaldırmışam. Qarabağdakı əmlak özəlləşdirmə xətti ilə onlara verilməlidir, yeganə yol budur. Əslində, Azərbaycan əhalisinin böyük bir hissəsi özəlləşdirmədə iştirak edib, amma faktiki olaraq qaçqınlara, məcburi köçkünlərə məxsus əmlak ermənilərin əlinə keçdiyinə görə onlar özəlləşmədən kənarda qalıb, torpaq islahatından bəhrələnə bilməyiblər. Ermənilərin vurduğu ziyan hesablanıb məhz o pul üzərində özəlləşdirmə həyata keçirilməli, hamı öz payını mütləq almalıdır, ondan sonra kim orada nə iş görür, özü bilər”. Siyasətçi diqqətə çatdırıb ki, mütləq şəkildə restitusiya həyata keçirilməlidir: “Yəni əmlakın həqiqi sahibləri tapılmalı və əmlak o adamlara verilməlidir, yerdə qalan sahibsiz əmlak varsa və ya şəxs əmlakı aldıqdan sonra ondan imtina edərsə, bu zaman istədikləri insana sata bilərlər. Kimlər o torpaqlardan çıxarılıbsa, məhz onlar geri qayıtmalıdır. Məsələn, axısqa türkləri də qaçqındır, ancaq onları aparıb Qarabağda yerləşdirmək olmaz, çünki o torpağın öz sahibləri var”. Həmsöhbətimiz hesab edir ki, məcburi köçkünlərin və qaçqınların həmin ərazilərə qayıtması məmurların tamahını tamamilə sonlandırmayacaq: “Onlar 50 cür oyun oynayıb, camaatın əlində olan hər şeyi almağa cəhd edəcəklər. Bu gün Azərbaycanda torpağın 90 faizi məmurların əlinə keçib, müxtəlif inzibati üsullarla kəndliləri incidərək torpağı əllərindən alıblar. Təkcə Allahşükür Paşazadə Dəvəçidən nəvəsinə min hektar torpaq alıb. Təsəvvür edin ki, bu, adi molladır və bu qədər torpaq mənimsəyib, onda digərləri nə edər?! Şamaxı torpağı, Cəlilabad ərazisi məmurların əlindədir. Əksər rayonlarda məmurların torpağı var”. Partiya sədri bildirib ki, torpaq islahatı keçirərək torpağı camaata paylamaq və daha sonra isə onun istifadə üçün insanlara şərait yaratmaq vacibdir: “Çünki ortada təcrübə var ki, torpaq islahatı həyata keçiriləndən sonra məmurlar o torpağın istifadəsi ilə bağlı maneə yaradır. Belə ki, su vermilmir, aqrotexniki xidmət göstərilmir, kənd təsərrüfatı məhsullarının istehsalına mane olunur, xaricdən daha ucuz və keyfiyyətsiz təsərrüfat məhsulları gətirilir və Azərbaycanda maya dəyəri yüksək olan yerli malların satışına əngəl törədilir. Nəticədə camat torpaqdan imtina edir, torpaq sahibsiz qalır, hamı şəhərə axın edir və həmin cinayətkarlar fürsətdən yararlanıb torpağı ələ keçirir. Eyni siyasətin sabah təkrar yaşanmaması üçün yalnız torpaq islahatı həyata keçirmək kifayət deyil, həm də torpaqdan istifadə üçün qaçqın və köçkünlərə kifayət qədər maddi dəstək göstərilməli, dövlət subsidiya siyasəti həyata keçirməli, orada kiçik və orta sahibkarlığın yaradılması üçün kurslar açılmalı, sahibkarlar yetişdirilməlidir. Yəni dövlət dövlət kimi bir layihə həyata keçirməlidir. Əgər başlı-başına buraxılsa, bizim məmurlar ac qurd kimi Qarabağı udacaqlar”. "AzerTaym.az"