Dövlət orqanlarında gizlənən DAXİLİ DÜŞMƏNLƏR: "Baxçalının Şuşada məktəb tikdirməsini..." - Keçmiş təhsil naziri
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Şuşada məktəb tikdirmək fikrindən daşınmasını açıqladıqdan sonra prezidentin köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı anlaşılmazlıq olduğunu və məktəb layihəsinin həyata keçiriləcəyini bildirməsi bu məsələyə diqqəti artırıb. Xatırladaq ki, bundan öncə də Türkiyə ilə təhsil sahəsində əməkdaşlıq məsələsində bir çox problemlər yaranmış, Türkiyə Maarif Vəqfinin Azərbaycanda məktəb açması bəzi bürokratik əngəllərə ilişmişdi. Bu bürokratik maneələr nəinki Vəqfin, həm də Atatürk Liseyinin məktəb açma layihəsinin önünü kəsmişdi. Uzun diplomatik cəhdlərdən sonra yalnız bu yaxınlarda, cari ayın 21-də Təhsil Nazirliyi və Türkiyə Maarif Vəqfi arasında əməkdaşlıq protokolu imzalanmasına nail olundu. Sual yaranır: Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsini istəməyənlər və daxildən bu münasibətləri baltalamaq arzusunda olanlar kimlərdir?
Sabiq təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında sözügedən anlaşılmazlığın iki ölkə arasındakı münasibətlərin sarsılmasını arzulayan qüvvələrə xidmət edən “içimizdəki düşmənlər”in fəaliyyətinin nəticəsi olduğunu bildirib: “Baxçalının Şuşada məktəb tikdirməsini alqışlamaq lazımdır. Buna kim mane olub, deyə bilmərəm. Məsələ nə o yanlıqdır, nə bu yanlıq. Buna mane olanlar olubsa, deməli, onlar “5-ci kolon”un tör-töküntüləridir. Çünki Rusiya və İran Türkiyənin Azərbaycanda möhkəmlənməsini istəmir. Sadaladığım bu qüvvələrə xidmət edən adamlar məhz buna mane olublar”. "AzerTaym.az"