“Bir MİLLƏT Üç dövlət”? - Allahşükür Paşazadədən soruşacağam ...

“Bir millət üç dövlət”? - Allahşükür Paşazadədən soruşacağam...

10 noyabr razılaşmasına gedən yolda son döngəyə gəlinərkən Ankaranı, cəbhədəki vəziyyətlə eyni dərəcədə Şimali Kipr Türk Cümhuriyyətindəki prezident seçkisinin ikinci turu da maraqlandırırdı: qurucu dövlət başçısı Rauf Denktaşdan sonrakı üçüncü prezident olan Mustafa Akıncı ənənəvi siyasətə böyük ölçüdə zidd siyasət yürüdərək Ankara ilə körpüləri yandırmaq nöqtəsinə gəlmiş və parlamentin üçüncü sıradakı partiyası ikinci turda Akıncıya dəstək verəcəyini açıqlayınca Ankarada ciddi narahatlıq yaranmışdı: yunanlarla ən yüksək səviyyədə əməkdaşlığıa hazır olan Akıncının ikinci dəfə seçilməsi durumunda Türkiyənin adadan tamamilə kənarlaşdırılması məsələsi gündəmə gələcəkdi. 

Bunu yaxşı bilən prezident Erdoğanın bir gözü Qarabağda, o biri gözü Nikosiyada ikən 10 noyabr üç tərəfli razılaşması Türkiyənin diqqəti tamamilə adaya yönəltməsinə səbəb oldu. İkinci tur ərəfəsində Ankaradan gedən maddi yardımlar və Ersin Tatara verilən açıq veksel 15 noyabrda Türkiyəni təmin edən fəlsəfənin qalib gəlməsinə səbəb oldu. 

16  noyabrda xaricə (Azərbaycana) hərbi kontingent göndərmək üçün hazırlanan qərar layihəsini prezident Erdoğan  öz imzasıyla Türkiyə Böyük Millət Məclisinə göndərdi, Məclis ertəsi gün kürd təmayüllü partiyanın rədd etdiyi qərar layihəsini qəbul edincə gözlər yenidən həm Bakıya həm də Nikosiyaya çevrildi. 

Azərbaycan torpaqlarının mühüm hissəsinin azad edilməsi Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyinə dair gözləntilərin “plankasını” xeyli yüksəltdi: bütün sahələrdə əməkdaşlığın imkanların əl verdiyi dərəcədə gücləndirilməsi, mümkün olan sahələrdə inteqrə vəziyyətinə gətirilməsi. 

Şimali Kipr Türk Cümhuriyyətinin müqəddəratıyla bağlı da yeni bir dönəm başladığı üçün Ankara bu məsələni əməkdaşlığın çərçivəsini genişləndirmək və nəhayətdə, tanıma nöqtəsinə daşıdı. Əvvəlcə Bakıda 10 dekabrda keçirilən və cənab Erdoğanın məşhur nitqiylə yadda qalan zəfər mərasiminə Ersin Tatarın da dəvət edilməsi gündəmə gəldi, bu olmayınca Tatarın rəsmi şəkildə Bakıya dəvət edlməsinin üzərində duruldu və adada “İki müstəqil dövlətli” formul Qərb tərəfindən rədd edildikcə Ankara bu məsələylə bağlı Bakıya daha çox boylanmağa başladı: 

”Bir miillət iki dövlət” formulu yerini “Bir millət üç dövlət” şüarına buraxdı və xüsusilə, Türk milliyyətçiləri üçün Azərbaycanın, təkcə Türkiyə ilə deyil, Şimali Kipr Türk Cümhuriyyəti ilə də münasibətlərin maksimizə etməsi yeni bir “Türk Birliyi”-nin təməli sayılacaqdı. 

1974-cü il sülh hərəkatının 47-ci ili olan 20 iyula bu gözlənti içində gəlindi. Gözləntinin təməlinə Bakının razılığının yerləşdirilib-yerləşdirilmədiyi isə məchul idi...

2004-cü aprelində AŞPA-da Şimali Kipr Türk Cümhuriyyəti üçün sadəcə mənəvi  təsəlli baxımından  əhəmiyyəti olan bir səsvermədə Azərbaycan nümayəndə heyəti  iştirak etmədi: halbuki layihənin qəbul edilməyəcəyini Ankara da yaxşı bilirdi, Azərbaycanı öz yanında görmək üçün xahişlər də edilmişdi. 

Tənqid dalğası bir anda mətbuatı bürüyərkən AŞPA-dakı Türkiyə nümayəndə heyətinin başçısı Murat Mercana zəng edərək “Anlaşmazlığın  aradan qaldırılması  Səməd Seyidovla canlı yayına” dəvət etmişdim. Hal-hazırda Türkiyənin Vaşinqtonda səfiri olan Mercan “Mən bir daha Səməd bəylə bir arada ola bilmərəm”- deyə təklifi rədd edərkən 28 iyunda Bakıdan Nikosiyaya birbaşa təyyarə uçması soyuyan münasibətləri bir anda hərarətləndirdi yox, alovlandırdı: apreldə Azərbaycanı “vəfasızlıqla” günahlandıran “Hürriyet” qəzetinin baş redaktoru Ertuğrul Özkök bu dəfə dövlət başçısı Əliyevdən üzr istədi. “Birbaşa təyyarə”nin yaratdığı rüzgar uzun müddət əsdi. 

22 yanvar 2006-cı ildə ŞKTC-nin qurucu prezident (o vaxt artıq “keçmiş prezident”  statusundaydı) Rauf Denktaşa “təyyarə həmləsi”-ndən sonrakı vəziyyəti şərh etməyi xahiş edəndə “Avropa Birliyi Əliyevi möhkəm sıxışdırdı, bunu bilirik və minnətdarıq. Münasibətləri dərinləşdirməyin çox-çox forması vardır”- deyə cavab vermişdi...

“Təkrar biliyin anasıdır”-sa, 27 sentyabrda Türkiiyə ilə  tərəddüdsüz əməkdaşlıq şəraitində  başlayıb 10 noyabrda üçtərəfli sazişlə başa çatan proseslərin təkcə Türkiyə-Azərbaycan münasibətlərində deyil, Azərbaycan-ŞKTC münasibətlərində geri dönülməz səhifələr açması arzu edilir.

İddialara inansaq, prezident Erdoğanın 15 iyun Şuşa səfərindən 10-15 gün əvvəl siqnalını verməyə başladığı “müjdə”-nin eynisini ŞKTC-dəki 20 iyul mərasimi üçün verməsinin pərdə arxasında yenə çox böyük gözləntilərin var olduğunu deməliyikmi? 

O gözləntilər boş çıxınca cənab Erdoğan məcbur qalıb “müjdə”nin içini “ŞKTC-yə prezident sarayı tikəcəyik”  kimi ictimaiyyətin mənfi reaksiyasına səbəb olan sözlərlə  doldurmaq məcburiyyətində qaldı yoxsa saray, iqamətgah, tikinti işlərinə çox maraqlı olan Türkiyə prezidentinin “Nikosiyada prezident sarayı tikəcəyik”  açıqlaması “müjdə”-nin elə özü idi?

Allahşükür Paşazadədən soruşacağam...

Mayis Əlizadə

Turan.az






Fikirlər