Doxsanların məşhurlarını doxsanlarda doğulanlar tanımır - SƏBƏB
Ötən əsrin 90-cı illərdə Azərbaycan siyasi elitasının təmsilçiləri yavaş-yavaş unudulurlar. Bir zamanlar Milli Azadlıq Hərəkatının liderləri kimi tanınan liderlər ya böyük siyasəti tərk edib, ya da fəaliyyətlərinin durğunluq dövrünü yaşayırlar. Mirmahmud Mirəlioğlu, Lalə Şövkət, İsa Qəmbər, Nemət Pənahlı və s. – bu adlar artıq kütləyə heç nə demir. Siyasi şərhçi Şahin Cəfərli düşünür ki, əsas səbəb Azərbaycanda siyasi aktivliyin həddən artıq zəif olmasıdır. “Ölkəmizdə demokratik siyasi rəqabət mühiti yoxdur və yaxud çox dardır. Siyasi partiyaların fəaliyyəti üçün münbit şərait olmayıb. Onlar ənənəvi çap mediasının hegemon olduğu, hələ sosial medianın bu səviyyəyə çatmadığı dönəmlərdə televiziyalara buraxılmayblar və KİV-nə çıxış imkanları məhdudlaşdırılıb. İlkin dönəmlərdə onları yeni nəslinin tanımamasının əsas səbələrindən biri də budur”, – deyə politoloq Yenisabah.az-a açıqlamasında bildirib. Şahin Cəfərli əlavə edib: “Sonrakı dövrlərdə sosial medianın getdikcə geniş vüsət alması, yayılması, siyasətçilərin də ənənəvi mediaya ehtiyac duymadan cəmiyyətə çıxış imkanlarını artırıb. Təəssüf ki, bu müddətdə də artıq adları məlum siyasətçilərin bir çoxu ya yaşlanmasına görə fəaliyyətini azaldıb, kənara çəkilib. Bəziləri isə siyasətdən ümumiyyətlə gedib”. “Lalə Şövkəti uzun müddətdir, ümumiyyətlə heç yerdə görmürük. Nə ənənəvi, nə də sosial mediada. Onun fəaliyyətiylə bağlı partiyasından da hansısa bir açıqlama eşitməmişik. Belə görünür ki, Lalə xanım artıq aktiv siyasətdən kənara çəkilib”.