İran yenə Azərbaycanı TƏHDID edib: “Şeytanların ağır cəzası olan tələlərinə diqqət edin”

İran yenə Azərbaycanı təhdid edib: “Şeytanların ağır cəzası olan tələlərinə diqqət edin”

Əliyevin İranın işğal dövründə Qarabağdan narkotrafik marşrutu kimi istifadə etdiyi haqda fikirlərindən sonra Tehran yenə inciyib. Bu ölkənin milli təhlükəsizlik şurasının katibi Əli Şəmxani bunu qəbul etmədiklərini deyib və iddia edib ki, “İran dünyada narkotika ilə mübarizədə qəhrəman ölkədir”.

Daha sonra Azərbaycanı “şeytanların ağır cəzası olan tələlərinə diqqət edin” sözləri ilə təhdid edib.

İran doğrudanmı qəhrəmandır?

Bu ölkədə narkotikdən istifadə gündəlik həyat tərzinə çevrilib. İranlı jurnalist Ramin Mostaqhim “Los Amceles Times” nəşri üçün hazırladığı reportajda yazır:

“İnsanlar tiryəki bükmək üçün kolların və xurma ağaclarının arxasında oturur və açıq şəkildə istifadə edirlər. Hətta həkimlər və tibb bacıları da istifadəçidir”.

İranda narkomaniya problemi milli epidemiyaya çevrilib: rəsmi şəxslər, həkimlər, kasıblar, zənginlər, dindarlar və dünyəvilər heroin də daxil olmaqla müxtəlif narkomaddələrdən istifadə edirlər.

Tehranın qərbində rabilitasiya mərkəzinin direktoru Həsən Rəzəvi deyir ki, narkomaniya cəmiyyətin bütün təbəqələrinə yayılıb: “Din xadimlərinin, ayətullahların övladları belə bizim klinikada müalicə olunurlar”.

O, son bir neçə ildə narkomaniyadan əziyyət çəkən 250 xəstəsinin olduğunu deyir: xəstələri arasında cərrahlar, sənətçilər, aktyorlar, müəllimlər, dövlət şirkətlərinin menecerləri və digər əməkdaşları da var.

Narkomaniya probleminin əsas səbəbi İranın Əfqanıstandan Avropaya tiryək və heroin daşınmasında əsas marşrut olmasıdır. İranlı həkimlər bildirir ki, sanksiyaların tətbiqindən sonra ölkədə narkomanların sayı daha da artıb: iqtisadi durğunluq insanların məyusluğunu artırır və bütün çətinlikləri unutmaq üçün narkotikdən istifadə edirlər.

Hətta kef məclislərində narkotikdən açıq şəkildə istifadə olunur. Skripkaçı Şabanəli Mirşəkər deyir ki, ilk dəfə 12 yaşında bir məclisə ifa etmək üçün gedəndə onu tiryəkdən istifadə etməyə məcbur ediblər. Ondan sonra asılılıq yaranıb.

BMT-nin Narkotiklərlə Mübarizə İdarəsi İranın ən böyük problemlərindən birinin nakomaniya olduğunu bildirir. Rəsmi məlumatlara görə, ölkədə 3 milyona yaxın narkotikdən istifadə edən var, lakin reabilitasiya mərkəzlərinin həkimləri real rəqəmlərin daha çox olduğunu bildirir.

Əfqanıstandan narkotiklərin gətirilməsi, istehsalı və Avropa bazarına çıxarılması işini İranın yüksəkçinli şəxsləri himayə edirlər.

İndi Şəmxani deyir ki, “İran narkotiklər mübarizədə qəhrəman ölkədir”.

Və işğal dövründə Qarabağdan narkotrafik kimi istifadə etdiklərini təkzib edir.

İran Qarabağdan iki məqsədlə istifadə edirdi:

Birincisi, narkotik daşınmasında marşrut kimi;

İkincisi, xammalın istehsalı üçün laboratoriya kimi;

Amerikalı diplomatların Ağ Evə göndərdikləri məxfi qrifli hesabatlarını yayan “Vikiliks” saytında da İranın Qarabağda narkotrafik və istehsal mərkəzi olaraq istifadə etdiyi haqda məlumatlar var idi. Tehranın ortaqları isə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan olub. İstisna deyil ki, Paşinyan da sələflərinin mirasını davam etdirir.

Asif Nərimanlı






Fikirlər