Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla bağlı yanaşmalarına və İkinci Qarabağ müharibəsindən sonrakı fəaliyyətinə iki prizmadan baxmaq lazımdır.
Birincisi, Ermənistan KTMT-yə üzv olmaqla birmənalı şəkildə silah-sursatla təmin edilir.
İkincisi, Rusiya bu təşkilatın əsas oyunçusu və özəyi olduğu üçün Ermənistanın KTMT-yə üzv olması Şimal qonşumuzun strateji maraqları daxilindədir.
44 günlük müharibədə KTMT neytral münasibət sərgilədiyinə görə təşkilat Ermənistanın bir çox müxalifyönlü siyasətçilərinin və politoloqlarının kəskin tənqidi ilə üzləşmişdi.
2018-ci ildəki məxməri inqilabdan sonra KTMT ilə Ermənistanın hakim siyasi dairələrinin münasibətlərində soyuqluğun yaranması səbəbindən Nikol Paşinyanın bu təşkilata laqeyd münasibəti və onun Rusiya, yoxsa Qərblə yaxınlaşma münasibətlərində tərəddüd nümayiş etdirməsi (kiminlə strateji müttəfiq ola biləcəkləri ilə bağlı seçim qarşısında qalması) ciddi psixoloji və psixi problemlərinin olduğunu göstərsə də, Rusiya bunu nəzər almadı. Rəsmi İrəvanın əsas hərbi müttəfiqi Rusiya Ermənistandakı inqilabdan sonra Paşinyanın hesablanmamış addımlarını nəzərə alsa da, verilən qərarlar Kremlin qəzəbinə səbəb oldu.
Ermənistanın əvvəlcə müxtəlif diplomatik rıçaqlardan istifadə edərək təşkilata yaxınlaşmaması, uzun müddət KTMT ilə islahatların aparılmaması, demək olar ki, ölkə ictimaiyyəti arasında KTMT-yə qarşı bir səmərəsiz qurum kimi yanaşma və inamsızlıq münasibəti yaradıb. Bir sözlə, Ermənistan KTMT-yə üzvlüyünün milli strateji maraqlarına uyğun olmasını, bu təşkilatla əsas hərbi müttəfiqliyini və Cənubi Qafqazda əsas oyunçu olan Rusiya ilə maraqlarının kəsişdiyini anlamalı idi.
Bəzi erməni ekspertlər və siyasi dairələr Rusiyaya qarşı fikirlər yaymağa və 44 günlük müharibədəki məğlubiyyətlərinin əsas səbəbkarı kimi Moskvanı göstərməyə çalışırlar. Lakin digər erməni ekspertlər hesab edirlər ki, Ermənistan yeganə etibarlı təhlükəsizlik müttəfiqi olan Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlığı dərinləşdirməsə, "102-ci hərbi baza” İranın Naxçıvan və Türkiyə ilə sərhəd bölgələrində yeni bazalarını yaratmasa, NATO-nun yürütdüyü siyasətin qurbanı ola bilərlər.
Bunlara əsasən deyə bilərik ki, Ermənistan hakimiyyətinin iki fərqli qütbdə yer alan hərbi bloklar arasında manevr cəhdləri onun daxili siyasi vəziyyətininin gərginləşməsini qaçılmaz edəcək. Cənubi Qafqazda geosiyasi rəqabət, regiondakı qütblərarası (Rusiya-NATO/ABŞ) qarşıdurmalar, Ermənistanın Rusiya ilə əlaqələri gücləndirmək, inteqrasiyanı dərinləşdirmək cəhdləri Qərbin beyin mərkəzləri və Soros Fondu tərəfindən ölkəni hakimiyyət dəyişikliyi təhlükəsi ilə üzləşdirəcək.
NATO və ya ABŞ-ın Ermənistanda nəzarətini artırması Rusiyanın iqtsiadi-siyasi dayaqlarının sarsıdılması ilə nəticələnə bilər. Bu da Ermənistanda rəsmi Moskvaya "soyuq savaş” açmaq deməkdir. Belə olacağı təqdirdə bir tərəfdən Rusiya, digər tərəfdən isə ABŞ (NATO) Ermənistanı çıxılmaz vəziyyətə sala bilər. Aparılan analizlər göstərir ki, Ermənisan məngənəyə doğru irəliləyir və rəsmi İrəvan Qərblə Rusiya arasında hələ də strateji seçim qərarını verə bilməyib.
Telman Qasımov
Hərbi-siyasi ekspert /Qaynarinfo