Bu dəfə çoxdandır mətbuatda görünməyən keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın harada olduğunu öyrənməyə çalışdıq.
Bu da təsadüfi deyil. Axı bu gün - 7 noyabrda çoxdandır siyasətdən və mətbuatdan uzaq düşən Lalə xanım yubileyini - 70 yaşını qeyd edir.
Belə görünür ki, o, siyasi kariyerasını artıq yekunlaşdırıb...
Lakin Lalə Şövkətin yaxın silahdaşları bildirirlər ki, o, siyasətdən tamamilə çəkilməyib.
Modern.az-ın məlumatına görə, Azərbaycan Liberal Partiyası üzvlərinin sözlərinə görə, Lalə Şövkət mətbuat və aktiv siyasətlə məsafə saxlayır, ad gününü isə qeyd etməyi sevmir.
Lalə xanımın hazırda Bakıda - öz evində yaşadığı bildirilir. Qeyd olunur ki, Lalə Şövkət mətbuata açıqlamalar verməsə də, ölkədəki siyasi prosesləri diqqətlə izləyir.
Lalə Şövkət 1951-ci ildə noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub. 1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. İlk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974-cü ildə institutu bitirdikdən sonra Moskvadakə Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına internaturaya göndərilib.
25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib. 37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müdafiə edərək, o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olub və Rusiya Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib.
100-dən çox elmi əsərin müəllifidir. Professordur.
1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirib.1990-ci il yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik edib.
1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şeverdnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olub və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi hərəkat yaradıb. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatıdır.
1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyev tərəfindən Bakıya dəvət olunan Lalə Şövkət iyulun 7-də dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan imtina edib.
1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib. 7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət prezident seçkilərinə qurumun lideri kimi qatılıb.
2005-ci il parlament seçkilərinə Mili Birlik və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində böyük qələbə qazanıb və onun mandatı rəsmən təsdiq edilib. Lakin o, seçkilərləd saxtakarlığa yol verildiyini bildirərək, rəsmən millət vəkili mandatından imtina edib.
Sonralar heç bir seçkiyə qatılmayıb.
Lalə Şövkət 2013-cü ildə müxalifətin təmsil olunduğu Milli Şuranın üzvləri sırasında yer alsa da, sonradan bu qurumdan istefa verib. O, demək olar ki, siyasətdən kənara çəkilib…