“ŞÜBHƏ OLSAYDI, MƏNİ PARÇALAYARDILAR” DEMİŞDİ – Məmmədyarovun “şəxsi işi” ABŞ məhkəməsində!
Xəbər verildiyi kimi, Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb. “AzPolitika.info” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyon dollarlıq mənzillərlə bağlı məlumatlar ictimailəşəndən sonra - 2020-ci ilin oktyabrında start verilib. Məlumata görə, iddia Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda alınmış mənzillərlə bağlıdır. Xatırladaq ki, 2015-ci ilin yayında nazirin böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə iki mənzil alıb. Bununla bağlı mətbuatda keçən ilin sonlarında xəbər yayılandan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva açıqlama verərək, bunun nazirin şəxsi işi olduğunu bildirmişdi: “Xarici işlər nazirinin və nazirlikdə işləyən şəxslərin şəxsi məsələsini şərh edə bilmərəm”. Daha sonra Elmar Məmmədyarov özü də müsahibələrinin birində eyni mövqedən çıxış edərək, illik maaşı 30 min manat olmasına baxmayaraq, milyonlarla ABŞ dolları dəyərində mənzil almasını onun “şəxsi işi” olduğunu bildirmişdi. Ən əsası isə əlavə etmişdi ki, mənzillərə görə ödənən pulun mənbəyi şəffafdır. Əks halda, onu ABŞ-da ciddi sorğu-suala çəkərdilər: “Mən də təkrar edirəm – bu, şəxsi məsələdir. Mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər, bir sent, bir qəpik, bir manat belə götürməzdilər. Mən nazir olmazdan əvvəl 1983-cü ildən XİN-də işləmişəm, 12 il ABŞ-da işləmişəm. Nazir olmazdan öncə başqa qazancım yox idi? Yüz yol var ev almaq üçün, kredit, ipoteka ilə almaq olardı, nə qədər imkan var. Amma yenə deyirəm: şübhə olsaydı, Amerikada məni parçalayardılar. Bank cavabdehdir çünki, o pul haradan, necə gəlir. Şübhə olmayanda imkan yaradırlar...” İndi sabiq nazirin dili ilə desək, deyəsən doğrudan da ABŞ Məhkəməsi Məmədyarovu “parçalamaq” niyyətindədir. Hansı ki, sabiq nazir Amerikadakı orqanlarda onun mənzillərə verdiyi pulun mənbəyi barədə heç bir şübhə olmadığını iddia edirdi. Bəs, necə oldu? Deməli, doğrudan da bu pulların “çirkli” olmasına dair ciddi şübhələr var. Və bu şübhələr əsassız deyil. Təkcə Azərbaycanda XİN strukturlarındakı korrupsiya faktlarıyla bağlı həyata keçirilən həbsləri və üzə çıxan faktları qeyd etmək kifayətdir. Doğrudur, adət etdiyimiz kimi, yəni MTN işində, həmçinin Mədəniyyət Nazirliyində olduğu kimi, XİN məsələsində də nazir məsuliyyətdən kənarda saxlanıldı. Lakin hamıya gün kimi aydın olan acı gerçəklik olduğu kimi yerində qalır və hər kəsə bəllidir ki, nazirlərin xəbəri olmadan bu qurumlarda total korrupsiya ayaq tutub yeriyə bilməzdi... Xatırladaq ki, bu yaxınlarda Milli Məclisin üzvü, oliqarx-deputatlardan biri olan Cavanşir Feyziyevin də Böyük Britaniyadakı 20 milyon dollarlıq vəsaitinin üzərini “qara buludlar” aldığı məlum oldu. Göründüyü kimi, məmurlarımız, deputatlarımız Azərbaycanda müxtəlif əyri yollarla mənimsədikləri, büdcədən, xalqdan oğurladıqları milyonları aparıb xarici ölkələrdə düz-əməlli istifadə etməyi də bacarmırlar və “uf demədən” həmin ölkələrin məhkəmə, hüquq-mühafizə, bank və s. müvafiq orqanlarına yedizdirirlər...