“İnanırıq ki, İlham Əliyev Xankəndi haqdakı sözünün də arxasında sonadək dayanacaq...”

“İnanırıq ki, İlham Əliyev Xankəndi haqdakı sözünün də arxasında sonadək dayanacaq...”

Əslində Azərbaycan Respublikası torpaqlarında xarici güclər tərəfindən qondarılan erməni-azərbaycanlı münaqəsi elə məhz Xankəndindən başladı. 1988-ci ilin fevralın 13-dən başlanan separatçı mitinqləri sonradan Xankəndindəki azərbaycanlılara qarşı açıq təzyiq, təqib və sonda terror hərəkətlərinə keçdi. Artıq 1988-ci ilin sentyabrından azərbaycanlı evlərinə hücumlar etməyə, evlərimizi yandırmağa başladılar. Xankəndindəki soydaşlarımız nə qədər duruş gətirsə də. 1991-ci ilin payızından  artıq sonuncu azərbaycanlı ailələri də şəhəri tərk etməli oldu” .

 

Bunu Xankəndinin Ermənistan tərəfindən tam işğalının 30-cu qara "yubileyi" ilə bağlı Moderator.az-a  açıqlama verən 122 saylı Xankəndi seçki dairəsindən sabiq parlament üzvü, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora Qasımova söyləyib.

“Xankəndiyə  bitişik olan, Azərbaycanlıların kompakt yaşadığı Kərkicahan qəsəbəsindəki soydaşlarımız da 1988-ci ildən bəri erməni terroru qarşısında  duruş gətirsələr də, sonda yetərli kömək olmadığından öz dədə-baba yurdlarını tərk etməyə məcbur qaldılar...

Bu 30 ildə digər Qarabağ, Zəngəzur köşkünləri kimi, Xankəndi və Kərkicahan camaatının da nələr çəkdiyinin həm bir vətəndaş, həm da sabiq millət vəkili kimi şahidiyəm... Təəssüf ki, 44 günlük müzəffər savaşımızdan sonra da müəyyən beynəlxalq amillər səbəbindən Xankəndiyə, Kərkicahana da üçrəngli bayrağımızı sancaraq, orada dövlətimizin yurisdiksiyasının  bərpasına nail ola bilmədik” – açıqlamasının davamında bu fikirləri söyləyən Milli Qəhrəman xanımı Ali Baş Komandan İlham Əliyev başda olmaqla dövlətimizin tezliklə Xankəndinin separatçı və terrorçu ermənilərdən azad ediləcəyinə inamını ifadə edib.

“Bütün çətinliklərə rəğmən böyük ümidim var ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan dövləti  tezliklə keçmiş Dağlıq Qarabağdakı Xocalı, Əsgəran, Ağdərə və s. yaşayış məntəqələrimiz kimi Xankəndini də separatçı və terrorçulardan təmizləyib azad edəcək və üçrəngli bayrağımız bu şəhərimizin də meydanları və hökumət binaları üzərində dalğalanacaq...

Bilirsiz, mövcud beynəlxalq şərtlər daxilində bu işləri görmək çox çətindir. Mən cənab Ali Baş Komandanın hansı çətinlik, gərginliklərlə üzləşdiyini, az da olsa, təsəvvür edirəm. Ancaq parlament üzvü olduğum dövrlərdə də İlham Əliyevin bir dövlət başçısı olaraq Azərbaycan xalqına, onun milli dəyərlərinə, eləcə də torpaqlarımıza olan sevgi və sadiqliyinin şahidi olduğumdan onun bütün bu çətinliklərindən də öhdəsindən gələcəyinə inanıram... 

Cənab Ali Baş Komandan hələ 44 günlük savaşdan neçə illər əvvəldən müxtəlif tədbirlərdə, o cümlədən Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə görüşlərində daim deyirdi ki, Azərbaycan bayrağı bütün işğal altındakı torpaqlarda dalğalanacaq və bu sırada birinci Xankəndinin adını çəkirdi. Söyləyirdi ki, üçrəngli bayrağımız Xankəndidə, Şuşada və digər işğal edilmiş ərazilərimizdə dalğalanacaq və  Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. 44 günlük müzəffər müharibəmiz dövründə hər dəfə Ali Baş Komandanın xalqın ürəyindən keçənlərlə səsləşən çıxışlarını eşitdikcə qəlbimiz dağa dönürdü... 

Və Şükür Allaha ki, biz şəhıd və qazilərimizin canı-qanı sayəsində Şuşa şəhərini, Qubadlını, Zəngilanı, Ağdamı, Kəlbəcəri və s. azad etdik.  Allah cəmi şəhidlərimizə rəhmət eləsin, xəstə qazilərimizə şəfa versin!..

Bir daha təkrar edirəm ki, Xankəndinin də azad olunacağına inamım böyükdür. Çünki cənab İlham Əliyev daim bir fikri də təkrarlayır ki, mənim sözüm imzam qədər etibarlıdır... 

Yadımdadır ki, 2018-ci il Prezident seçkilərindən sonrakı andiçmə mərasimində İlham Əliyevin son cümlələrindən biri də bu oldu ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına çalışacağam. O sözlər həmin vaxt məni çox mütəəssir etdi. Millətə, xalqa gərək nə qədər səmimi sevgin ola ki, bu sözü işlədəsən, bu vədi verəsən. Və son Qarabağ savaşı zamanı İlham Əliyev Ali Baş Komandan kimi “Mənim sözüm imzam qədər etibarlıdır” deyəndə dərhal  Azərbaycan xalqını digərlərindən fərqləndirən bir gözəl milli dəyərini xatırladım...

Bilirsiz ki, XIX əsrin ortalarında Azərbaycanda qonaq olmuş fransız yazıçı və səyyah Aleksandr Düma özünün “Qafqaza səyahət” əsərində azərbaycanlıların KİŞİ SÖZÜ dəyərindən bəhs edir.  Məşhur yazıçı yazır ki, əgər hər hansı bir azərbaycanlı ilə iş görmək istəsən, rəsmi sənədə, müqaviləyə-filana ehtiyac yoxdur. Azərbaycanlı kişi sözü verdisə, ölüm olsa belə, sözünü nə geri götürəcək, nə də ki, dəyişəcək. Halbuki, ermənilərlə müştərək iş görmək istəsən, unutmamalısan ki, erməni şəxsi mənafeyinə görə öz imzasından belə imtina edər...  

Deməli, cənab Prezident İlham Əliyev də xalqımızın bu özünəməxsus ali dəyərini qəlbində, vicdanında yaşadaraq söyləyir ki, mənim sözüm imzam qədər etibarlıdır. Bu baxımdan Ali Baş Komandanın Xankəndi haqqında dediyi sözün də arxasında sonadək dayanacağına və digər işğaldan azad  şəhərlərimizdəki kimi  Xankəndidə də öz əli ilə üçrəngli Azərbaycan bayrağını ucaldacağına tam əminəm”- deyə sabiq deputat vurğulayıb.






Fikirlər