Həm də sədrlər ancaq danışmaq üçünmüş

"Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir".

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dünən keçirilən monitorinq zamanı təmas xəttində baş vermiş insidenti şərh edərkən deyib.
Onun sözlərinə görə, dünən monitorinq zamanı atəş səsləri eşidilirdi:

"Mən təmas xəttində böyük təhlükənin olduğunu və bunun nə dərəcədə qorxulu olduğunun şahidi oldum. Biz təhlükəsiz yerdəydik. Lakin monitorinqi aparan səhra komandirləri güllələrin altında, açıq yerdə idilər".
Amerikalı həmsədr həmçinin bildirib ki, monitorinqdən sonra onlar ekspertlərlə söhbət ediblər:  "Atəşin haradan açıldığını müəyyən etmək, demək olar ki, mümkünsüzdür". Azərbaycan və Ermənistan prezidentlərinin  görüşməsi barədə isə  amerikalı həmsədr hər iki prezidentin görüşmək istədiyini deyib.

C. Uorlikin sözlərinə görə, hazırda görüşün təfərrüatları üzərində işləyirlər:
 "Prezidentlər münaqişənin hərtərəfli həlli üçün ortaq yolu, eyni zamanda təmas xəttində atəşkəs rejiminin pozulmasını müzakirə etməlidirlər. Bugünkü vəziyyət iki il əvvəlki vəziyyətdən tamamilə fərqlənir. İlk dəfədir ki, biz təmas xəttində ağır artilleriyadan istifadənin şahidi oluruq. Bunun nəticəsində, təəssüf ki, biz sivil vətəndaşların ölməsinin şahidi oluruq. Gərginlik gündən-günə daha da artır. Prezidentlərin görüşü zamanı gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edirəm. Biz həmçinin xalqlar arasında etimad tədbirlərinin gücləndirilməsi, icmalar arasında dialoqun yaradılmasını da müzakirə etməliyik".
Ceyms Uorlik prezidentlərlə  danışıqda onlara  öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalı olduqlarını dediklərini xatırladıb.
"Prezidentlәr regionda yaşayan bütün xalqlara müraciәt etmәlidirlәr ki, sülhә hazır olsunlar. Bu münaqişәnin nizamlanması yeni dövrә qәdәm qoyacaq vә regionun inkişafı üçün әhәmiyyәt kәsb edir. Cәnubi Qafqazda yaşayan xalqlar çәtin tarixә malikdir. Ümid edirәm ki, bu münaqişәnin hәlli hәr iki xalqı irәli aparacaq. Düşünürәm ki, gәlәcәk nәsillәrә burada daha stabil gәlәcәk borcluyuq. Hәr iki ölkәnin xalqları arasında әlaqә yaradılmalıdır vә onlar gәlәcәkdә birlikdә yaşamağı bacarmalıdır", - deyə o vurğulayıb.

...ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andrie (Fransa) və Ceyms Uorlik (Fransa) bölgəyə növbəti səfər edərək Yerevan-Xankəndi-Bakı marşrutu ilə hərəkət ediblər.
Amerikalı həmsədr C.Uorlikin də açıqlamalarından görünür ki, Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü keçirmək təklifindən başqa həmsədrlər təmas xəttindəki vəziyyətin monitorinqi və yaşanan insidentlərin araşdırılması ilə bağlı hansısa mexanizm yaratmaq ideyasını gerçəkləşdirmək istəyirlər.

Üstəlik, mister Uorlikin dediklərinə diqqətlə fikir versək, o, sətiraltı ifadələrlə rəsmi Bakını Minsk Qrupunun yeni, möhtəşəm və fenomenal təkliflərini qəbul etməməkdə suçlayır.
Minsk Qrupunun digər iki həmsədrindən fərqli olaraq mister Uorlik həddən artıq çox danışır, yazır, Twitter-də bloqerliklə diplomatlığı, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi təki həddən ziyadə mürəkkəb konfliktin çözülməsinə təkan verəcək vasitəçilik missiyasını səhv salır.
Üstəlik o, deyəsən, rəsmi Bakını sadəlövh sanır. Çünki "təmas xəttində monitorinq və insidentlərin araşdırılması" təklifi əslində Ermənistan rəhbərliyinin aylardan bəri səsləndirdiyi tələbin dəyişdirilmiş formatıdır. Ermənilər monitorinq və araşdırma tələbləri ilə onlara sərf edən status-kvo durumunu davam etdirmək istəyirlər.

Təbii ki, münaqişədəki mövcud durum sonsuzadək davam edə bilməz və etməməlidir.
ABŞ-dakı ermənilərin ən nüfuzlu diaspor təşkilatlarından olan "Hay Dat"ın Vaşinqtondakı ofisi bəyanat yayaraq bildirib ki, 85 amerikalı konqresmen ABŞ prezidenti Barak Obamaya məktubla müraciət edərək Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədindəki təmas xətlərində ATƏT-in Minsk Qrupunun daimi təmsilçilərinin yerləşdirilməsini təklif edib.
Konqresmenlərin məktubunda o da yazılıb ki, pozuntuları qeydə almaq üçün həmin təmsilçilərdə xüsusi vasitələr və avadanlıq olmalıdır.
Məktubda konqresmenlər münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün ABŞ prezidentindən daha aktiv fəaliyyət istəyir, münaqişə bölgəsindəki cəbhə xəttindən snayperlərin geri çəkdirilməsini istəyirlər.
Və əgər amerikalı həmsədr Uorlik belə birtərəfli təkliflərlə çıxış edirsə, o, Bakıda sərin qarşılanmasına əsla təəccüblənməməlidir.
Münaqişə tərəflərinin təmas xəttində monitorinqlər, habelə insidentlərin araşdırılması yalnız Ermənistanın hərbi birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam çıxarılmasını nəzərdə tutan böyük sülh sazişinin bir hissəsi kimi nəzərdən keçirilə bilər. 

Amerikalı həmsədr Ceyms Uorlik bunu unutmamalıdır.
Habelə o, yaddan çıxarmamalıdır ki, "Böyük Səkkizlik" ölkələrinin 2011-ci ilin may ayında Fransanın Dovill şəhərindəki sammitində ATƏT-in Minsk Qrupunda həmsədr olan ölkələrin dövlət başçıları "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanma prosesinin uzadılmasının yolverilməzliyi"ni bəyan etmişdilər.

Görünən budur ki, Minsk Qrupunun həmsədrləri münaqişənin çözülməsində və nizamlanmasında real irəliləyişlərə nail olmaqla bağlı konkret təkliflərə malik deyillər. Onların bəyanatları, təklifləri, çıxışları və tvitləri isə vəziyyəti daha da ağırlaşdırır.

 
Milli.Az






Fikirlər