“Putinin psixikası tamamilə pozulub“ - Türk ekspert

“Putinin psixikası tamamilə pozulub“ - Türk ekspert

Vladimir Putin həm tarixi, həm də hərbi və kəşfiyyat biliklərinə malik, ölkələrin həssaslığından çox məharətlə istifadə etməyi bilən son dərəcə ağıllı dövlət xadimidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

O, Rusiya prezidenti Vladimir Putinin Donbassdakı hadisələri 1974-cü il Kipr böhranı ilə eyniləşdirməsini şərh edərkən deyib:

“Vladimir Putin belə bir açıqlama verməklə elə bir görüntü yaratmağa çalışır ki, sanki dəyər və önəm verdiyi Türkiyənin burada təsirini görmək istəyir, ya da ən azı Türkiyənin neytral qalacağına ümid edir. Çünki Putinin Türkiyə ilə bağlı çox mühüm proqnozları var və bunu ilk növbədə, bu baxımdan dəyərləndirir.

Digər tərəfdən, Ukrayna suveren dövlətdir. Bu, Rusiya üçün böyük problemdir. Putin hərbi hərəkətinə beynəlxalq hüquq baxımından haqq qazandırmağa çalışsa da, bu, Rusiyanın sərt bir dövlət görünüşüdür. Putin hər zaman deyir ki, təsir dairəmdə olan ölkələr özbaşına qərar verə, yəni suveren hüquqlarından istifadə edə, eləcə də seçim edə bilməzlər. Xüsusilə, NATO, ABŞ, Böyük Britaniya kimi ölkələrin nəzarəti altında və məni təhdid edən bir şəkildə. Yəni o, qırmızı xətt yaradır və bu qırmızı xəttin üzərindən öz normalarını ortaya çıxarmağa çalışır”.

Ekspert qeyd edib ki, bu, məsələlər çox mübahisəlidir:

“Rusiyanın orbitindəki ölkələr bunu qəbul etsələr də, dünyanın qalan hissəsi bunun beynəlxalq hüququn və suverenliyin pozulması kimi qiymətləndirir. İndi isə Putin bununla bağlı mübarizə aparacaq. Açığı, bu məqamda Birləşmiş Ştatlar xalq diplomatiyası ilə yanaşı, iqtisadi və siyasi sanksiyalarla da məşğul olacaq, digər tərəfdən, beynəlxalq hüquqdan və digər dövlətlərdən təzyiq elementi kimi istifadə edəcək. Ona görə də, Putin məsələni bu əsaslanma ilə irəli sürür. Düşünürəm ki, Kiprin yunan hissəsi və Şimali Kipri eyni şəkildə - Ukrayna böhranı ilə birlikdə eyniləşdirmək olmaz. Başqa sözlə, bunlar çox fərqli siyasi və demoqrafik quruluşa malik ərazilərdir. Donbassdakı proses daha fərqlidir”.

Türkiyənin Qafqaz Strateji Araştırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay isə qeyd edib ki, Kipr və Ukrayna məsələləri bir-birinin əksidir:

“Putinin müşavirləri və texniki komandası saxta məlumatlar əsasında hərəkət edir. Dünənki müraciətindən də görünür ki, Putinin psixikası tamamilə pozulub. O unudur ki, Kipr Osmanlı torpağı olub. 1877-1878-ci il Osmanlı-Rusiya müharibəsində İngiltərənin Osmanlı İmperiyasına verdiyi dəstəyə görə müvəqqəti olaraq ada İngiltərəyə icarəyə verilib. Sonra ingilislər bu adanı yunanlara təslim edib.

Kiprdəki yunanlar türklərə zülm və işgəncə verdiklərinə, oradakı iki müqaviləyə əməl etmədiklərinə görə Türkiyə Cümhuriyyəti orada yaşayan türkləri xilas etmək üçün bu əməliyyatı həyata keçirib. Ukraynada isə vəziyyət başqa cürdür. Rusiya Ukrayna ərazisində separatçı rus qoşunlarına dəstək verib. Sonra onları müvəqqəti hökumət qurmağa vadar edib və müstəqilliklərinin tanınması prosesinə başlayıbı.

Türkiyə haqlı və NATO ölkəsi olsa da, ABŞ-dakı yunan lobbisinin təzyiqlərinə tab gətirə bilməyən Ağ Evdə Türkiyəyə embarqo qoydu”.

Mütəxəssis bildiirb ki, Kipr və Kipr türklərinin mövqeyi ilə Ukrayna və Ukraynadakı separatçıların mövqeyi çox fərqlidir:

“Vladimir Putin tarixdən misallar gətirməklə də səhv etdi, çünki tarix Putinin əleyhinə işləyir. Ukraynanın şərq bölgələrinin qondarma müstəqilliklərini tanımaq cəhdləri yaxın günlərdə yeni separatizm dəbinin başlamasına səbəb olacaq. Bu, Rusiya Federasiyasındakı bütün azlıqlara sabah müstəqilliklərini elan etmək imkanı verəcək.

Putin çar Rusiyası ilə Sovet Rusiyasının indiki Rusiya ilə birləşdirib yeni ideologiya irəli sürərkən, əslində fəlakəti ruslar üçün hazırlamış oldu. 

Rusiya yaxın günlərdə Qərblə ciddi rəqabət aparacaq və bu, bütövlükdə ideologiyanı kəskinləşdirəcək, lakin Rusiya Qərblə kompromislərə gedəcək”.






Fikirlər