Musavat.com-da yayınlanan “Dərin təhlil” verilişində keçmiş Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə politoloq, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov əlbəyaxa dava olub. Tofiq Abbasov Pənah Hüseynə hücum edərək ona zərbələr endirib.
Məsələ ilə bağlı Tofiq Abbasov Bakupost.az -a açıqlama verib.
Onun sözlərinə görə hadisə anidən baş verib:
“Orada baş verənlər hamının gözü qarşısında olub. Həyatımda birinci dəfə “Dərin təhlil” verilişində Pənah Hüseynlə salam-əleyk etmişəm. O vaxta qədər onunla heç bir əlaqəm və münaqişəm olmayıb. Mən ona təhqiramiz söz demədim. O, mənim böyüklərimi söydü, ona görə mən də “tədbir” gördüm. Yəni hər şey canlı yayımda anidən oldu. Burada uydurma heç nə yoxdur. Uydurma yazmaq istəsələr də, edə bilməzlər”.
Qeyd edək ki, Tofiq Abbasov verilişdə olan digər qonaq deputat Səməd Seyidovun adını çəkərkən, “Səməd bəy” deyəndən sonra “Səməd müəllim” deyərək düzəliş etməsinə Pənah Hüseyn replika ilə cavab verib.
“Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”.
Bundan sonra ikili arasında mübahisə əlbəyaxa davaya çevirilib. Məh “Bəy” kəlməsinin tərəflər arasında davaya səbəb olması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.