“Və onlar istənilən vaxt, bizim, daha dəqiq desək, cəmiyyətin gözləmədiyi bir məqamda açıq rusiyapərəst mövqe ortaya qoya bilərlər...”
“Bu mənada, çox təəssüf ki, vəziyyət 1920-ci illə yetərincə oxşardır...”
Görəsən, Azərbaycanda düz 102 il əvvəl -1920-ci il 28 aprel “inqilabı” öncəki situasiya ilə hazırkı durum arasında hansı paralelləri aparmaq olar? Yəni o mənada ki, o dövrdə də Moskvada Azərbaycanı tam mənada işğal etməyə hazır hakimiyyət var idi, indi də var... O dövrdə də Bakıda Rusiya köləliyinə can atanlar var idi, indi də... Bəs bu gün Azərbaycandakı rusiyapərəst qüvvələr hansı gücdədir? Kreml, Putin rejimi üçün sərfəli bir məqamda parlamentimizdə, hökumətimizdə yeni Əliheydər Qarayevlər, Çingiz İldırımlar peyda ola bilərmi?..
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bu fikirləri ifadə edib:
“1920-ci illə, həmin bədnam 28 aprel “inqilab”ı və ondan öncə baş verənlərlə müqayisədə bugünkü, yəni 102 il sonrakı durum deməzdim, eynidir. Amma şübhəsiz ki, ümumi çalarlar var. Bilirsiniz ki, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin istər parlamentində, istərsə də hökumətində və hətta ordusunda da rusiyayönümlülər, rusiyameyillilər fəaliyyət göstərirdi. Və indi artıq heç kəsə sirr deyil ki, 1920-ci ilin bu günlərində Azərbaycanın müdafiə naziri və onun müavini faktiki olaraq Rusiya ordusuna qarşı çıxış etməkdən üz döndərmişdilər. Və bu gün də çox təəssüf ki...”
“Məhz bu səbəbdən Türkiyə Azərbaycanın Rusiya tərəfindən işğalına faktiki olaraq müqavimət göstərə bilmədi…”
“1920-ci ildə Cümhuriyyət parlamentində rusiyapərəst böyük bir kəsim, fraksiya var idi, bu gün də o var... Və o zaman da son məqamda məlum oldu ki, həmin kəsim çoxluq təşkil edir, bu gün də eyni kəsim çoxluqdadır. Hökumətdə də onun kimi... Amma bir fərq var. O zaman gənc Türkiyə cümhuriyyəti qurulurdu və onun Rusiya ilə münasibətləri yaxşı idi. Çünki Türkiyə o biri tərəfdə Antanta və digər dövlətlərlə müharibə vəziyyətində olduğundan Moskva ilə yaxın olmağa məcbur idi. Və məhz bu səbəbdən də Azərbaycanın işğalına faktiki olaraq müqavimət göstərə bilmədi. Nə yaxşı ki, bu gün vəziyyət bir qədər fərqlidir” –açıqlamasının davamında bunları söyləyən politoloq ölkədə hələ də rusiyapərəst qüvvələrin fəallığını da təəssüflə dilə gətirib.
“Ən təhlükəlisi odur ki, rusiyapərəst qüvvələrin çoxu qapalı, gizli, latent şəkildə çalışır…”
“1920-ci ilin bu günlərində Avropa ağır Birinci Dünya savaşından yenicə çıxmışdı. Əslində hələ heç tam çıxmamışdı. Və buna görə də Avropanı daha çox özü, öz regionu maraqlandırırdı. Amerika Birləşmiş Ştatları isə faktiki olaraq qlobal siyasətdə yox idi. Bu gün bizim üçün sözügedən amillər, yəni Qərb və ABŞ amilləri də var. Fəqət, təbii ki, bu saat Azərbaycanın gələcəyi üçün həlledici amillər ölkənin daxilindəkilərdir. Və ilk növbədə siyasi dairələrin, siyasətçilərin mövqeyidir. Bu mənada, çox təəssüf ki, vəziyyət 1920-ci illə yetərincə oxşardır. İstər açıq, istər gizli şəkildə Əliheydər Qarayevlər də, Çingiz İldırımlar da, Musabəyovlar da var və digərləri... Bütün siyasi, hərbi, icra, qanunverici spektrdə həmin dediyimiz dövlət müstəqilliyimizi satan fenomenlər çağdaş Azərbaycanda da mövcuddur. Və onlar bu gün də 1919-1920-ci illərdə olduğu kimi, yalnız açıq fraksiya kimi fəaliyyət göstərmirlər. İndi ən təhlükəlisi odur ki, rusiyapərəst qüvvələrin çoxu qapalı, gizli, latent şəkildə çalışır. Və onlar istənilən vaxt, bizim, daha dəqiq desək, cəmiyyətin gözləmədiyi bir məqamda açıq rusiyapərəst mövqe ortaya qoya bilərlər. Ona görə də təhlükə qalmaqdadır. Ümumiyyətlə, nə qədər ki, Rusiya imperialist siyasətindən əl çəkməyib, istər Azərbaycan, istər digər postsovet ölkələri üçün, hətta qeyri postsovet ölkələri üçün də işğal təhlükəsi qalacaqdır”- deyə ekspert vurğulayıb.
Sultan Laçın