Rusların Xankəndidə icma təxribatı: “Saxarov bizə düşmən mövqedə dayanan adam olub”

Rusların Xankəndidə icma təxribatı: “Saxarov bizə düşmən mövqedə dayanan adam olub”

Andrey Saxarov, əslində, Azərbaycana düşmən mövqedə dayanan və erməniləri müdafiə edən, erməni separatizmini açıq şəkildə dəstəkləyən şəxslərdən biri olub”.

 

Bu sözəri açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, sülhməramlıların müvəqqəti yerləşdiyi Xankəndi şəhərində rus fizik, Nobel mükafatı laureatı Andrey Saxarovun heykəlinin qoyulması, habelə Qarabağın bir sıra hissələrində, o cümlədən Ağdərədə rus mədəniyyət mərkəzlərinin yaradılması faktına toxunub.

BAXCP funksionerinin sözlərinə görə, məqsəd Azərbaycan icitmaiyyətini qıcıqlandırmaqdan ibarətdir:

“Çünki biz Saxarovun adının belə qıcıqlandırıcı bir xarakter daşıdığını bilirik. Bu aspektdən onlar Saxarovun beynəlxalq müstəvidə Qərb tərəfindən də qəbul olunması faktorunu nəzərə alırlar. Çünki vaxtilə o, sovet rejiminə xəyanət mövqeyində dayandığı üçün onu yüksəklərə qaldırmışdılar. Buna görə də onu məqsədyönlü şəkildə qabardırlar. Eləcə də bu adamlar bir düşərgə idi. Qorbaçovun və Saxarovun həyat yoldaşları, o cümlədən Qalina Starovoytova və digərləri separatizmə açıq dəstək verən insanlar idi.

O ki qaldı bölgədə rus icmasının qurulması məsələsinə, əvvəla, Rusiya hakimiyyəti postsovet məkanındakı uğursuzluqlarını, xüsusilə də Ukraynada qarşılaşdığı uğursuzluqları mahiyyət etibarilə kompensasiya etmək və ictimaiyyətə müəyyən mesajlar vermək üçün bəhanələr axtarır. Rusiyanın atdığı addımlar və bütün məqamlar yalnız idealoji təbliğata xidmət edir. İndiki şəraitdə kimsə düşünürsə ki, Rusiya iddia etdiyi kimi, postsovet məkanının sərhədlərinə özünün təsir imkanlarını maksimum dərəcədə bu və ya digər adda yenidən bərpa etməyə cəhd göstərir və yaxud Rusiyanın iddia etdiyi kimi, “rus arenası”nı formalaşdırmaq niyyəti güdür, bu insanlar yanılır. Çünki Rusiyadan kənarda baş verən nə varsa, siyasi hakimiyyətin daxili ictimai rəyə hesablanmış idealoji təbliğatının tərkib hissəsidir”.

Mütəxəssisin sözlərinə görə, indiki şəraitdə də Azərbaycan ərazilərində Rusiya hərbçilərinin atdığı addımlar da məhz bu məsələyə xidmət edir:

“Eyni zamanda şübhəsizdir ki, bu, Azərbaycan üçün qıcıqlandırıcı xarakter daşıyır. Eləcə də bu, Ermənistan cəmiyyətinə müəyyən mesajlar vermək xarakteri də daşıyır.

Hər kəsə bəllidir ki, Azərbaycan ərazilərində, xüsusən də etnik ermənilərin yaşadığı Qarabağda heç zaman ruslar yaşamayıb. Hətta həmin ərazilərdə rus icması Çar Rusiyası dövründə belə olmayıb, nəinki SSRİ dövründə. Ola bilsin ki, bir-iki nəfər kimlərləsə ailə qurub və gəlib həmin ərazilərdə yaşayıblar. Amma mahiyyət etibarilə rus icması və rus mədəniyyəti, ümumiyyətlə, bu ərazilərə tamamilə yaddır.

Əgər Rusiya öz mədəniyyətini təbliğ etmək istəyirsə, yaxşı olar ki, bütövlükdə boş qalmış Ural ərazisində, Volqaboyu torpaqlarda, eləcə də Rusiyanın şimalında tamamilə boş qalmış kəndlərində mədəniyyət mərkəzləri yaratsın və insanları oraya cəlb etsin”.

 E. Mirzəbəyli əlavə edib: “Maraqlı bir məqam da budur ki, Rusiya ərazisinin az qala yarısından çoxu boşdur, çünki orada insanlar yaşamırlar. Yalnız mərkəzi şəhərlərdə, xüsusilə də Sankt-Peterburq və Moskvada insanlar çoxluq təşkil edirlər. Digər ərazilərdəki rus kəndlərində obyektiv bir çəkiliş aparmaq imkanı versələr, – şübhə edirəm ki, buna imkan verəcəklər – kəndlərdə yalnız qocaların yaşadığını görəcəklər. Çünki bircə adam da yaşamır. Getsinlər, rus icmasını orada yaradıb, oraya yerləşdirsinlər. Birinci növbədə, öz torpaqlarında bunu təmin etməyi bacarsınlar.

Yoxsa ki, onların Azərbaycan ərazilərində atdığı addımlar təxribatdır. Əgər düşünürlər ki, bu siyasət effektiv nəticə verəcək və Azərbaycanın milli maraqlarına geri çəkilməsinə zəmin yaradacaq – kökündən yanılırlar. Çünki biz torpaqlarımızdan işğalçıları necə qovmağın yollarını çox yaxşı bilirik. Bundan sonra da eyni proses davam edəcək”.

Poltioloq əmindir ki, belə addımlarla Rusiya sülhməramlıları Azərbaycan ərazilərindəki mövcudluqlarının vaxtını azaltmış olurlar:

“Bu gün Rusiyanın dünyaya meydan oxuması cəhdlərinin necə iflasa uğramasının şahidi oluruq. Belə olan halda regionda da meydanoxuma cəhdlərinin iflasa uğrayacağının şahidi olacağıq. Ona görə ki, Rusiya heç vaxt Qafqazı ram etməyi bacarmayıb. Tarix boyu baş verən hadisələri rus siyasətçiləri yaxşı-yaxşı xatırlasalar, nəhayət ki, anlayarlar ki, imperiya iddialarından və separatizmi dəstəkləməkdən əl çəkmək lazımdır. Çünki Rusiyanın özü federal dövlətdir və bu ölkənin əhalisinin 30%-dən çoxu müsəlman dininə sitayiş edənlərdir. Eləcə də türkmənşəli xalqlar da burada yaşayırlar. Unutmasınlar ki, bunu davam etdirsələr, ən böyük problem Rusiyanın özü üçün yarana bilər. Bu aspektdən də “şimal ayısı” ayaqlarını geri çəkib, nəhayət ki, qonşuları ilə insan kimi, sivil bir dövlət olaraq davranmağı bacarmalıdır. Bu xalqlar bu regionun aborigen xalqlarıdır, bu torpaqların sahibləridir və bu torpaqlardan heç yana gedəsi deyillər”.

 






Fikirlər