“Nələrdən qurtulmuşuq? - Bəs nələrdən qurtulmamışıq?..” -"Əyrini əyri, düzü həmvar...”

“Nələrdən qurtulmuşuq? - Bəs nələrdən qurtulmamışıq?..” -

Müstəqillik dövrümüzdəki bayramlar xalqı nağıllara daldırıb məmləkətdəki nöqsan və cinayətləri malalamaq mexanizminə çevrilməməlidir...”
“Təhsildə, elmdə, səhiyyədə, hərbdə, sənayedə, kənd təsərüfatında, bir sözlə bütün sahələrdə rüşvətxorluqdan, korrupsiyadan qurtulmadıq...”
 
-FİKİR SAVAŞI-
 
Bu gün ölkə vurhavur Milli Məclisin 1997-ci ilin iyununda “Milli Qurtuluş günü” adlandırdığı  bayramı qeyd edir. Digər tərəfdən isə, eyni gündə Şuşada qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü qeyd olunur... Təki həmişə yurdumuzda bayram, toy-büsat olsun. Amma müstəqillik dövrümüzdəki bayramlar sovetlər imperiyası dönəmindəki “7 noyabr”, “1 May”, “9 May” kimi bayramlardan fərqlənməli, xalqı “kommunizm” və ya “demokratiya” nağıllarına daldırıb məmləkətdəki nöqsan və cinayətləri malalamaq mexanizminə çevrilməməlidir...
 
Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə çıxışlarında dövlət məmurlarına, nazirlərə, icra başçılarına müraciət edərək “nöqsan və cinayətləri malalamaq olmaz”  deyir... Təəssüf ki, nəticə çıxaranlar azdır və hələ də bir sıra məmurlar hər vasitə ilə nöqsan və cinayətlərini malalamaqda davam edir. Həmin vasitələrdən biri də dediyim kimi, bayramlardır. Bir də görürsən ki, rayon əhli cinayətlərindən, korrupsiya və rüşvətxorluğundan, məmur özbaşınalığından bezmiş bir icra başçısı hər hansı bir rəsmi bayramda, məsələn, elə bu gün keçirilən bayramda elə yağlı, gurultulu çıxışlar edir ki, adam nağıllar aləminə dalır və elə Stalin, Brejnev dövründəki kimi  dayanmadan, sürəkli əl çalaraq bu başçıya alqış etməyin gəlir... Bir anlığa gözlərin gerçəkliklərə qapanır və bütün ölkə kimi, həmin rayonda da hər şeyin əla olduğunu, bir məmurun belə, rüşvət almadığını, dövlət başçısının ayırdığı pullarla yalnız mərkəzi deyil, bütün küçələrin asfaltlandığını və zibillənmədiyini, şəhərdən keçən çayın kanalizasiya tullantılarından, çirkabdan tərtəmiz olduğunu, rayon cavanlarının işsizlik, rüşvətxorluq və özbaşınalıq əlindən baş götürüb qazanc dalınca Rusiyaya getmədiyini, məktəblərdə direktorların, xəstəxanalarda həkimlərin valideynlərdən, xəstələrdən rüşvət almadığını, icra başçısı və nümayəndələrinin seçkilərə qətiyyən müdaxilə etmədiyini, bir sözlə, bütün bölgə əhıinin əsl demokratik şəraitdə şad-xürrəm yaşadığını düşünürsən...
 
Fəqət, kimsə elə düşünməsin ki, bəndəniz “radikal müxalifət” kimi məmləkətdə hər şeyi qapqara rəngdə görür və deyir ki, bu dəqiqə artıq Azərbaycan çökəcək, dağılacaq və hamı acından qırılacaq... Heç vəzifələrini, var-dövlətlərini itirmək qorxusundan heç bir nöqsandan danışmayan hər şeyi al-əlvan rəngə boyayan iqtidar məmurlarından və  məddahlarından da deyiləm... Sabir demiş, daim “pisi pis, əyrini əyri, düzü həmvar” yazmağa çalışıram... Amma heç mən “sədaqət yolunu azmayıram, hələ əyri gördüklərimin dörddə birin yazmayıram!...”
 
Bəli, ölkədə küçələrin mərməri kimi hamar, gül-çiçəkli parklarımız kimi al-əlvan çox şey var: binalarımızda, yaraşıqlı meydanlarımızda ucalan və yeri görünən üçrəngli bayraqlarımızı görəndə, rusiyapərəst, sorospərəst, iranpərəst olmasından, rüşvətlə, yaxud təmiz işləməsindən asılı olmayaraq hər bir məmuru ayağa qalxmağa vadar edən himnimizi eşidəndə, 44 günlük savaşdakı şəhid və qazilərinin sayəsində torpaqlarımızın əksər hissəsini azad edərək adını dünya orduları sırasına  yazan ordumuzun paradlardakı, tədbirlərdəki yeri titrədən zəfər addımlarını duyanda, Şuşada keçirilən rəsmi və qeyri-rəsmi tədbirləri, Kəlbəcərdə, Laçındakı zümrüd yaylaqlara yerləşən qoyun, mal-qara, arı köçlərini, nəhayət, mətbuat konfranslarında yerli və xarici jurnalistlərin aramsız suallarını saatlarla, özü də 4 dildə cavablandıran dövlət başçısını görəndə adamın qəlbi qürurla dolur, yenilməz, xoşbəxt bir ölkədə yaşadığını hiss edir... 
 
Amma insan gərək hisslərə qapılmasın, reallıqla yaşasın. Və gerçəkliyə baxanda 15 iyun 1993-cü ildən bəri nələrdən qurtulub və əksinə, nələrdən qurtulmadığımızı da görürük...
 
-Bəli, Gəncədəki 4 iyun olaylarından sonra Heydər Əliyevin Bakıya gəlişi, Elçibəyin Kələkiyə gedişi ilə ölkədə  gözlənildiyi deyilən kütləvi silahlı qarşıdurma və növbəti xaosdan qurtulduq.  
 
-Sonrakı aylarda Rusiya daha 6 rayonumuzu Ermənistana işğal etdirsə də,  yarım milyondan çox insanımız qaçqın düşsə də, arxivləri açılmamış keçmiş “KQB” agenturası tərəfindən qondarılmış “TMR”-dən, “Sadval”dan, bir sözlə,  Azərbaycanın federallaşması təhlükəsindən də qurtulduq...  
 
-Bundan sonrakı illərdə rəsmi əsaslandırmalara görə, məcburən bağlanmış atəşkəs razılanmasından, “Əsrin müqaviləsi” adlanan  neft kontraktlarının imzalanmasından sonra tədricən 1992-1993-cü illərdə çörək mağazalarının, sexlərinin qarşısında yaranan uzun növbələrdən qurtulduq...  
 
-Daha sonra torpaqlarımızın ermənilərə işğal etdirilməsi nəticəsində didərgin düşərək çadırlarda, vaqonlarda, qazmalarda, yataqxanalarda, özgə qapılarında və s. məskunlaşmış soydaşlarımızın xeyli hissəsi dövlət tərəfindən tikilmiş yeni evlərlə təmin olunmaqla  şəraitsiz məkanlarda yaşamaqdan qurtuldu... 
 
-Nəhayət, 2020-ci ilin payızındakı 44 günlük savaşda torpaqlarımızın xeyli hissəsi şəhid və qazilərimizin canı-qanı hesabına Rusiya-Ermənistan işğalından qurtuldu və fəqət, bir hissəsi faktiki işğal altında qaldı...
 
Bəs nələrdən qurtulmadıq və hələ də qurtulmamışıq?..
 
-Əvvəla, vəzifədən, kürsüdən, hakimiyyətdən, var-dövlətdən, evdən, maşından ötrü biri-birimizin ayağından dartmaq, biri-birimizə badalaq gəlmək, arxadan xəncər soxmaq xislətindən qurtulmadıq...
 
Bunun da birinci səbəbi bu oldu ki, müstəqilliyimizin ilk illərindən keçmiş sovet-rus imperiyası “KQB”-nin arxivlərinin  açılmaması və orada kimlərin vəzifədən, hakimiyyətdən, puldan ötrü  nəinki soydaşlarını, yoldaşlarını, həmkarlarını,  hətta Vətən torpaqlarını satmağa, xalqının qanını içməyə hazır olduğunu bilə bilmədik və belələri “KQB”-korrupsiya şəbəkəsi kimi pöhrələnərək ölkədə həm yüksək, həm orta, həm alçaq vəzifələrdə qaldığından onların alçaq, rəzil, tamahkar, qaniçən xisləti tədricən bütün məmləkət əhlinə sirayət etməyə başladı...
 
-Odur ki, son 3 onillikdə bir xalq, dövlət olaraq “KQB”-korrupsiya şəbəkəsi ilə yanaşı, tamahkarlıqdan,  yalançılıqdan, saxtakarlıqdan, yaltaqlıqdan, məddahlıqdan, çoxüzlülükdən, riyakarlıqdan, vicdansızlıqdan qurtulmadıq...
 
 
-Təhsildə, elmdə, səhiyyədə, hərbdə, sənayedə, kənd təsərüfatında, bir sözlə bütün sahələrdə rüşvətxorluqdan, korrupsiyadan, eləcə də qohumbazlıqdan, tayfabazlıqdan, klançılıqdan qurtulmadıq...
 
-“KQB”-korrupsiya şəbəkəsinin Moskvanın göstərişi ilə, eləcə də təəssüf ki, bəzi Qərb fondlarının, şirkətlərinin də dəstəyi ilə xalqı tamamilə çökdürmək, tənəzzülə, deqradasiyaya düçar etmək üçün qəzetlər, telekanallar, saytlar, internet kanalları vasitəsilə təşkil etdiyi kütləvi əxlaqsızlıq, həyasızlıq, fahişəlik, ləvatlıq, homoseksuallıq və s. təbliğatından qurtula bilmədik...
 
-Rüşvətxorluq, korrupsiya, tayfabazlıq, qohumbazlıq ucbatından iqtisadiyyatda, ticarətdə, sənayedə, kənd təsərrüfatındakı monopoliyadan, inhisarçılıqdan və nəticədə ilbəil, aybaay, günbəgün qiymət artımından, inflyasiyadan da qurtulmadıq... 
 
Öncə dediyim kimi, bu gün həm də Şuşada qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü qeyd olunur... Bu günümüz və gələcəyimiz üçün böyük nailiyyətdir... Fəqət, Şuşaya gedəndə, şəhid və qazi qanlarıyla yuyulmuş o yurdun saf havasını udanda, təmiz suyunu içəndə, gözəl mənzərələrini seyr edəndə ətraf kəndlərə, aşağıdakı Xankəndinə, Xocalıya, Əsgərana, Xocavəndə, Ağdərəyə tərəf diqqətlə baxıb düşünün; imperiyapərəst və şovinist Rusiyanın, Ermənistan hay toplumunun təcavüzkar, qəsbkar, revanşist xislətli böyük bir kəsiminin və Qarabağdakı separatçı-terrorçu xislətli erməni rejiminin təhlükəsindən tam qurtulmuşuqmu? Xeyr, qurtulmamışıq. Bu gerçəkliyi də malalamaq lazım deyil... Ən azı, ona görə ki, vurhavur şəkil, video, selfi çəkdirdiyimiz Şuşanın bir rayon mərkəzi və Daşaltı kəndi istisna olmaqla, qalan 36 kənd və bir qəsəbəsi faktiki olaraq Rusiyanın nəzarət-himayəsindəki separatçıların əlindədir... 
 
Öncə nəfsimizin caynağından qurtulmaq  arzusuyla:
 
Sultan Laçın
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər