“İNANMIRAM ETİBAR MƏMMƏDOV MƏNİMLƏ O TONDA DANIŞMIŞ OLSUN...” – Pənah Hüseyn

Azərbaycanın keçmiş Xarici işlər naziri, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucularından olan Vilayət Quliyevin bu partiyanın təsis qurultayı haqda paylaşımı cəmiyyətdə maraqla qarşılanıb.

V.Quliyev paylaşımında bildirib ki, AMİP-in təsis qurultayında o vaxtkı dövlət katibi Pənah Hüseynov da iştirak edib, Prezident Elçibəyin təbrikini oxuyub. Nahar fasiləsində isə onunla AMİP sədri Etibar Məmmədov arasında maraqlı bir dialoq olub.

V.Quliyev yazır:

“Fasilədə direktorun otağında qurultayın rəhbər heyəti üçün nahar süfrəsi açılmışdı. Təbii ki, ofisiantlar həm qonaq, həm də vəzifəli şəxs kimi P.Hüseynovun ətrafında fırlanırdılar. Akademiyadan yaxşı tanıdığım Pənah, bəlkə də, ömründə ilk bahalı kostyumunu geymiş, dəbdə olan qalstuk taxmışdı. Amma qətiyyən iddialı görünmürdü, əksinə özünü çox sadə və səmimi aparırdı.

Görünür, şəxsinə göstərilən diqqətdən təsirlənən Pənah birdən dayandı, üzünü AMİP liderinə tutub:

 

- Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. – Sən öl, o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.

Etibar da hazırcavablıq nümunəsi göstərdi:

- Qorxma, dedi. – Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!”

 

 

 

V.Quliyevin bu paylaşımı ilə bağlı “Yenisabah.az” saytına danışan Pənah Hüseyn deyib ki, belə bir dialoqun olduğunu xatırlamır:

“Mən, sözün açığı AMİP-in təsis qurultayında iştirakımı xatırlamıram. Guya AMİP sədrinə üzümü tutub məni kreslodan heç kimin qoparda bilməyəcəyini demişəm. Unutmayaq ki, bütün hökumət kresloları əbədidir, sadəcə oturanlar dəyişir və mən bunu vəzifədə olanda da çox yaxşı bilirdim, indi də bilirəm. Bu yazılanlar şişirdilib. Çünki mənim leksikonumda o formada sözlər ümumiyyətlə yoxdur, olmayıb da.

Vilayət müəllimin hazırda neçə yaşı olduğunu bilmirəm, amma qurultayda baş verənləri dəqiq xatırlamış olmasına inanmıram. Mən Vilayət müəllimi yaxşı adam kimi tanıyıram, yaxşı yazar olduğunu bilirəm, amma görünür çox bədii əsərlər yazdığına görə məsələni şişirdərək bədiiləşdirib”.

Pənah Hüseyn AMİP sədri Etibar Məmmədovun ona xitab edərək “Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!” deməsi haqda iddiaya da münasibət bildirərək, AMİP sədrinin ona vəzifədə olduğu vaxt elə söz deməsinin mümkün olmadığını dilə gətirib: “Qəti! Mən inanmıram Etibar Məmmədov vəzifədə olduğum o illərdə mənimlə o tonda danışmış olsun. İfadə həddindən artıq bayağı səsləndiyi üçün AMİP sədrinin insanlar arasında mənə elə bir şey demiş olmasına inanmıram.

Düzdür, bir daha deyirəm, qurultayda baş verənlər yadıma gəlmir, amma aramızda hər hansı buna oxşar dialoq olubsa da, yazılanlar kimi olması mümkün deyil. Ola bilsin, Vilayət Quliyev o qədər bədii yazılar yazır ki, hadisələri də bədiiləşdirməyi çox sevir”.

“AzPolitika”






Fikirlər