Etibar Əliyev Ramiz Mehdiyevin oğlundan yazdı: “Bunu da ehtiyatla yazıram, qorxuram ki...”
"Fövqəladə Hallar nazirliyində ən rahat, ən dinc iş Ramiz Mehdiyevin Kəmaləddin Heydərova müavin olan oğlu Teymur Mehdiyevin işidir. Bu generalın üzünü hələ heç kim görməyib. Rəhbərlik etdiyi "Şərq-Qərb" nəşriyyatı tenderlərdə iştirak edən kimi bütün nəşriyyatlar dabana tüpürüb qaçırlar. Əvvəlcədən bilirlər ki, qalib odur. Məsələn, Elm və Təhsil nazirliyinin 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi tenderin qalibi Teymur bəyin rəhbərlik etdiyi "Şərq-Qərb"ASC olub. Nazirlik Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat ödəyəcək. Bilmək olmaz, bəlkə də xərcləyib qurtarıblar". "AzerTaym.az" yenisabah.az xəbər verir ki, bunu deputat Etibar Əliyev qeyd edib. "Teymur Mehdiyevin mübarək Nəşriyyatı bu qədər vəsaiti udmamışdan əvvəl çap məhsulları üzrə ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcu olmuşdu. Hesablama Palatasının 2020-ci ilə dair hesabatından: "“Şərq-Qərb” ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib." Bütün bunlar barədə mətbuatda xeyli yazılar dərc olundu. Ancaq nə faydası, yazılar T.Mehdiyevin şəriklərini hiddətləndirdi və daha böyük məbləğlər qopardılar. Bu yazını da ehtiyyatla yazıram, qorxuram ki, onun məbləğini yenidən artıralar. T. Mehdiyevin qanunsuz biznes fəaliyyəti barədə nazir K. Heydərova çağırışlar oldu. Lakin nəticə olmadı. Bəlkə struktur dəyişikliyini gözləyir", - deyə deputat qeyd edib.