Paris Sülh Konfransının qərarının icra zamanı çatdı-Makron da biz deyəni deyir?
Belə yerdə deyiblər, “ölüsü ölən kiridi, yasa gedən kirimədi”. Fransanın ölüsü ölən, uçurumun başında zorla müvazinətini saxlayan Ermənistanla bağlı davranışları eynilə “yasa gedən”i xatırladır, kirimir ki, kirimir. Guya Ermənistanı bu qədər çox istəyirmişlər...
Baxın, Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyanla Sebastyan Lekornu arasında görüş olub. Görüşsünlər, işimiz yox. Amma bu görüş hansı məqsədə xidmət edir, sülhəmi? Qətiyyən yox! Yayılan məlumatda “xoruzun quyruğu” görünür: “Görüş zamanı Azərbaycanla sərhəddəki vəziyyət müzakirə olunub. Məlumata görə, Fransa Müdafiə Nazirliyi vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyətini tezliklə Ermənistana göndərəcək”. Nə vaxtdan Fransa Müdafiə Nazirliyi “qiymətləndirici” funksiyanı icra edən qurum kimi tanınıb? Bəlkə BMT-dən mandat alıblar, xəbərimiz yoxdur. Normalda Fransa iki həftədir Ermənistanı dolaşan KTMT komissiyasının yekun rəyini gözləməli, ona uyğun da hansısa sülh çağırışı ilə müraciət ünvanlamalı idi, əgər sülh, barışıq istəsəydi. Amma görünən budur ki, hətta Ermənistanın üzv olduğu qurumun üzvləri də baş verənlərdə ermənilərin təxribatının tətikləyici rol oynadığını bildiklərindən soyuqqanlı davranmağa üstünlük verirlər.
Təsəvvür edin, Ermənistanın birinci prezidenti Levon Ter Petrosyan yaxasını cırır, Ermənistana, ermənilərə çağırış edir ki, 90-cı illərdə məni eşitmədiniz, heç olmasa bu dəfə səhv etməyin, Azərbaycanın, Türkiyənin təklifləri ilə razılaşın, yoxsa nə dövlət qalar, nə dövlətçilik, nə erməniçilik! Hətta Qarabağ canisi, vaxtilə Ter-Petrosyanı aşırıb, kürsüsünə sahiblənmiş Robert Köçəryan da “Artsax Respublikası”, “öz müqəddəratını təyinetmə”, “suverenlik” kimi ifadələrin Ermənistan rəsmilərinin leksikonundan sadəcə olaraq yoxa çıxması bizim ciddi problemlərimiz olduğuna dəlalət edir”-deyir, anlayır ki, yuxuları çin olmadı, qatar getdi! Serj Sərkisyan, Seyran Ohanyan və digər bir sıra radikal haylar da bənzər ümidsizliyə qapılıb. Amma Fransa deyir yox e, ruhdan düşməyin, haylar, haydı, toparlanın, gedin irəli!
Sentyabrın 26-da Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Parisə yollandı, Makronla danışıqlar aparıldı. Bundan sonra Fransa rəsmiləri Azərbaycan ordusunun əvvəlki mövqelərə çəkilməsi barədə sərsəm açıqlamalar verirlər, çağırışlar edirlər. Soruşan gərək: Azərbaycan əsgəri hansı “əvvəlki” mövqelərə çəkilsin? Bəlkə yenə Ağdama, Füzuliyədək geri çəkilək, siz həmsədrlərinizi yollayasınız, təzədən 30 il danışmağa başlayaq?!
Biz rəsmi Parisin Azərbaycana və azərbaycanlılara münasibətindən bəhs edərkən uzaqlara da ekskurs edə bilərik. Məsələn, 1919-cu il Paris Sülh Konfransında iştirak üçün Fransaya yollanan Azərbaycan Xalq Cümhuriyyətinə viza verilməsindən imtinayadək. O zaman Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi heyət İstanbulda aylarla gözlədi, viza üçün, bu dəfə ingilis “barmağı” öz işini gördü. Üstəlik, ingilis-fransız komandanlığı Azərbaycan nümayəndə heyətinin üzvü Əhməd bəy Ağayevi “Utopizm tərəfdarı olmaqda və jurnal və parlament çıxışlarında Antantaya qarşı çıxmaqda” ittiham edərək həbs etdilər! Amma bu müddətdə ermənilər Parisdə likör içib, təbliğat aparırdılar Azərbaycan əleyhinə... Fransa bu gün sərhədlərdən danışır, Azərbaycan ordusuna əvvəlki mövqelərə qayıtmaq çağırışı edir. Lap yaxşı, elə biz də bunu istəmirdikmi? Məmnuniyyətlə ƏVVƏLKİ sərhədlərimizə qayıtmağa, elə Parisdə, Makronun Paşinyanı qucaqladığı şəhərdə təsdiqlənmiş sərhədlərimizdə dayanmağa hazırıq! 11 yanvar 1920-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransı tərəfindən de-fakto olaraq tanındı, 113,9 min kv.km olan dövlət! Azərbaycan Prezidenti artıq sözünü deyib: bütün xəritələr əlimizdədir, 19-20-ci əsrlərin xəritələri də, ondan əvvəlkilər də! AXC-nin 113,9 min kv.km-lik ərazisindən 86,6 min kv.km qalıb sovetlərin işğalından sonra! Zəngəzur Paris Sülh Konfransının qərarından düz 11 ay sonra Azərbaycandan qoparılıb! Hələ ondan sonra nə qədər torpaqlar itirmişik, Nüvədi kəndinin işğalı 60-cı illərdə rəsmiləşdirilib!!! Bəlkə elə Fransanın məqsədi budur: gərginliyi tətikləməklə Azərbaycanı Paris Sülh Konfransının qərarlarını icraya sövq etmək istəyir. 4 qətnaməni icra etmiş ordu üçün elə də çətin deyil...
Elə Makron kimilərin “qaz” verməsinin məntiqi nəticəsidir ki, ermənilər Erablur panteonunda təkcə 13 sentyabr döyüşlərindən sonra 200-dən çox qəbir qazdılar, hələ də meyit-itkin axtarırlar. Azərbaycan əsgərinin əlindən canını qurtarmış daha bir hərbçi 14 gündən sonra (!) gedib evinə çıxdı... Bütün bunlara görə ermənilər heç də Nikol Paşinyanın yox, erməni baş naziri bərk-bərk qucaqlayan Emmanuel Makronun yaxasından yapışmalıdır. Baş verənlərdə Rusiyanı, ya KTMT-ni günahlandırmağın da yeri yoxdur. Əgər erməni milləti normal düşünmə qabiliyyətinə malik olsaydı, anlayardı ki, onların düşməni nə Türkiyədir, nə Azərbaycan, Ermənistanı “kiçik bacı” adlandırıb, bu “bacı”nı pis yollara vadar edən Fransadır...
Deməli, Fransa “köhnə bazara təzə nırx” qoymaq istəyir. Nə baş verəcək? Şübhəsiz ki, erməniləri qızışdıracaqlar, növbəti təxribatlar olacaq, Azərbaycan növbəti dəfə sərt cavab verəcək, istisna deyil ki, qarşıdakı atəş nöqtələri susdurulmaqla yanaşı, əsgərimiz Göyçə gölünə, Qarakildə, Qafan şəhərinə bir az da yaxınlaşacaq, bəlkə lap sürəti bir az da artırıb, birtərəfli qaydada Zəngəzur dəhlizini açacaq. Təcrübəmiz var artıq, Fransanın da üzv olduğu, səs verdiyi BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra edən Azərbaycan ordusu üçün 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasını, Zəngəzur dəhlizinin açılmasını təmin etmək heç də çətin deyil. Qısa müddətdə Araz boyunca 132 km-lik məsafə qət edən ordumuz 43 km-i bir neçə saata da dəf edə bilər! Fransa bunumu istəyir? İstəyirsə, Makron açıq desin, ermənilər də işini bilsin! Desin ki, ay bədbəxt haylar, biz sizin türklər tərəfindən məhvinizi istəyirik!
Sizin moderatorluğunuzla aparılan danışıqların nəticəsini gördük, yeni-yeni “əsərlər”iniz də ortaya çıxır: uzunluğu 500 metrə çatan yeraltı tunellər, raket dağıtmaz bunkerlər! Özü də bizə bəd etdiyiniz 5 rayon ərazilərində! Susun, ölün yerinizdə, lal olun! Bizim şəhidlərimizin qanına bulaşan əllərinizi bir daha bizim ərazilərimizə uzatmayın!
Elşad Paşasoy,
Musavat.com