“Bəzi insanlar “bakkuş” və “yetim-yesir” sözünə ilişməyə...”
Deputat Rüfət Quliyevin qiymət artımı ilə bağlı Milli Məclisdəki çıxışı sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə məruz qaldı. Onun çıxışında "1 manat 45 qəpiyə “bakuş” satılır. Onu götürüb, deyirsən ki, gedim yetim-yesirin uşaqlarına verim, sevindirim...” sözlərini işlətməsi bəzi istifadəçilərin sərt reaksiyasına səbəb oldu. Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev həmkarının sözügedən çıxışda heç kəsi alçaltmadığını, fikirlərində haqlı olduğunu bildirib: “Əslində, Rüfət müəllim çox doğru çıxış etmişdi. Sadəcə olaraq bəzi insanlar o çıxışda “bakkuş” və “yetim-yesir” sözünə ilişməyə üstünlük verdilər. Ola bilsin ki, Rüfət müəllimin ritorikası, onun demə stilistikası bir az fərqli olub, amma o həmin fikri yetim-yesiri aşağılamaq məqsədilə səsləndirmədi. Hər kəs bilir ki, Rüfət müəllim elə bir insan deyil və elə pis şəkildə nə isə deməz. Bəlkə də bu onun uzun müddət rus dilində təhsil alması ilə əlaqədardır və bu onun danışıq şəklinə belə sirayət edib. Amma ümumilikdə, Rüfət müəllimin dediyi həmin məsələ doğru idi. Biz bir məhsulu götürüb kassaya gələnə qədər məhsulun qiyməti 45 qəpik dəyişə bilməz. Bu problem doğurdan da var. Bilirsiniz, bəzən monopoliya xidməti və yaxud dövlət idarələri qiymətlərin artmasına nəzarət etdiyinə görə belə hallar olur. İş adamları bəzən bu cür priyomlara əl atırlar, məhsulun qiyməti başqa, çekdə isə başqa olur. Qiymətlər o qədər bahadır ki, artıq orta səviyyəli insanların belə yaşamasına çətinlik yaradır. Bu gün orta səviyyədə qazancı olan insan dolana bilmir. Düşünəndə ki, orta səviyyədən aşağı və kasıb dolanan insanlar bu gün nə vəziyyətdədir insan narahat olur. Bu baxımdan nələrsə düşünmək lazımdır. Mən və digər deputat həmkarlarım da bu barədə hər zaman düşünür”.