"İranda baş verənlərin əsl təşkilatlandırıcı amili pərdə arxasındadır..." -Bəs o hansı gücdür?..

Həmin çəkişmə siyasi konyuktura şəklində küçələrə yalnız o zaman çıxır ki, artıq daxildə məsələlər həll olunub, yəni bir klan digərinə qalib gəlib...” 

Artıq 3-cü aydır ki, “İran İslam Respublikası” adlanan cənub qonşumuzun ərazisində ilk baxışdan kortəbii görünən qanlı iğtişaşlar davam edir. Kütləvi insan itkiləri, yaralılar var. Bəs görəsən, bu dəhşətli olay və proseslər xarici güclərlə də bağlı olan  hakimiyyətdaxili qruplaşmalar tərəfindən yönləndirilir, yoxsa, bütün bunlar, doğrudan da, Tehran rejiminin zülmündən cana doymuş xalq kütlələrinin kortəbii etirazının nəticələridir? 
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzunu belə şərh edib:
 
“İrandakı iğtişaşların birinci səbəbi, buna təkan verən birinci amil insanların artıq mövcud şəraitdən bezməsi, onların azadlığa, daha geniş hüquqlara malik olmağa can atmalarıdır. Bu, şübhəsizdir. Amma eyni zamanda bu, İranda iki güclü klan arasında gedən mübarizənin də təzahürüdür. Bunun da təsiri var. Onlardan biri Rəfsancani, digəri isə Xamneyi klanıdır. Bu iki klan arasında böyük bir savaş gedir. İranda bu savaşlar daim saray çəkişmələri səviyyəsində olub. Bu, yüzillərdən gələn bir ənənədir. Həmin çəkişmə siyasi konyuktura şəklində küçələrə yalnız o zaman çıxır ki, artıq daxildə məsələlər həll olunub, yəni bir klan digərinə qalib gəlib”. 
 
Siyasi analitik belə nəticəyə gəlir ki, pərdə arxasında olayları hələlik müşahidə edən təşkilatlandırıcı güc Rəfsəncani klanıdır.
 
“Hazırda görünən budur ki, hələki güclər bərabərdir və həmin səbəbdən də bu gün müxalif olan Rəfsəncani klanı hələlik prosesləri öz nəzarəti altına almağa tələsmir. Əlbəttə ki, insanların mübarizə əzmi bir tərəfdən güclənirsə, digər tərəfdən əzilərək zəifləyir, mübarizə resursları hədərə xərclənir. Və ən təəccüblüsü odur ki, artıq iki aydan çoxdur davam edən proseslərdə hər hansı bir idarəçilik, təşkilatlanma görünmür. Bu da dediyim səbəbdəndir. Çünki əsl təşkilatlandırıcı amil pərdənin arxasındadır. Və bu, çox güman ki, Rəfsəncani klanıdır...” -deyə Ərəstun Oruclu vurğulayıb.
 

 

Sultan Laçın






Fikirlər