“Ermənilərlə danışıqlar aparıram, yaxın günlərdə cənab prezidentə...” - Hafiz Hacıyevlə MÜSAHİBƏ

“Ermənilərlə danışıqlar aparıram, yaxın günlərdə cənab prezidentə...” - Hafiz Hacıyevlə MÜSAHİBƏ

Son günlər sülhməramlı kontingenti vasitəsilə Rusiyanın Azərbayacana qarşı açıq şəkildə qəsd etməsi, təhdidlər törətməsi və təxribatlara imza atması geniş vüsət alıb. Xüsusən də rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinin erməni separatçıları tərəfindən ekoloji terrora məruz qalması, faydalı qazıntıların istismar edilməsi ciddi etirazlarla qarşılanır. Buna etiraz olaraq artıq 4 gündür ki, azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri Şuşa-Xankəndi yolunda dinc etiraz akisyalarına start veriblər. Nəzərə alsaq ki, sülhməramlıların fəaliyyət müddətinin bitməsinə hələ 3 il var, deməli, bu özbaşınalıq yenə davam edə bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, kontingentin nə yerli, nə də beynəlxalq mandatı var. Yəni, nə Milli Məclis onların gəlişini ratifikasiya edib, nə də mandatları BMT nizamnaməsi ilə tənzimlənib. Belə olan halda, gedişat nə vəd edir?

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mövzu ilə bağlı Konkret.az-ın suallarını cavablandırıb:

– Hafiz bəy, hazırda Şuşa-Xankəndi yolunda baş verənlərdən gözləntilər nədir?

 

– Bütün dünyaya bəllidir ki, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra erməni separatçılarının və rus sülhməramlılarının nəzarəti altında qalan ərazilərimizdə sərvətlərimiz talanır və Rusiyanın sülhməramlı adı altında Azərbaycana gələn işğalçı ordusu Moskvadan Xankəndinə göndərilən erməni əsilli milyarder Ruben Vardanyanla birləşib sərvətlərimizi talayır. Bu, birmənalı şəkildə Azərbaycan xalqında və dövlətində böyük narazılıq yaradıb. Çünki bizim torpaqlarımızda sərvətlərimizi heç kim özbaşına istismar edə bilməz. Bu baxımdan, bizim media nümayəndələri, Qeyri Hökumət Təşkilatları, sadə vətəndaşlar, o cümlədən müəyyən tərəfdaşlarımız aksiyaya qoşularaq torpaqlarmızı erməni işğalından müdafiə etməyə, sərvətlərimizin talanmasının dayandırılmasına etiraz edirlər. Çünki bizim buna tam hüququmuz var. Bunu heç kim qadağan edə bilməz. Lakin çox təəssüf ki, bu günə qədər erməniləri himayəsi altında saxlayan sülhməramlı ordu Azərbaycanı yox, ancaq erməni teroruçularını müdafiə edib. Onların orda məskunlaşmasına, Azərbaycan torpaqlarını talamasına, terror-təxribat hadisələri törtəməsinə şərait yaradıb, üstəlik, indi də bizim vətəndaşlarımıza azad edilən torpaqlarına keçməsinə icazə vermir.

– Necə ola bilər ki, rus sülhməramlıları İrandan gələn yük maşınlarının, terrorçuların, yaxud qeyri-qanuni səfər edənlərin Qarabağa keçməsinə şərait yaradır, lakin bizi öz ərazilərimizə buraxmır?

 

– Bu, bizim üçün də çaşdırıcı haldır. Biz elə buna görə mübarizə aparır, haqqımızı tələb edirik. Bütün dünya da bu məsələdə bizim tərəfimizdə olmalıdır. Çünki bizim başqasının torpağında gözümüz yoxdur. Yəqin ki, onların məqsədi başqadır. Elə buna görə, 4 gündür ki, etiraz aksiyaları səngimək bilmir. Düşünürəm ki, hadisələr bu şəkildə davam etsə, bütün Azərbaycan xalqı ora gedib, azad edilən ərazilərdə yaşamaq istədiklərini bildirməlidir. Lakin görünən odur ki, Rusiyanın ali orqanları, o cümlədən prezident Putin öz imzasına hörmət eləmir. Çünki o imza atdığı bəyanaməyə hörmət etsəydi, bu vəziyyət yaranmazdı. Ona görə də Qarabağda olan vətəndaşlarımız hazırlıq görüb, ora axışmalı, erməni terrorçularının dağıtdığı evlərinə getdiklərini bildirməlidirlər. Hətta, orada çadır qurub yaşayacaqlarını deməlidirlər. Onda bütün dünya da görər ki, Azərbaycan 30 il işğal altında qalan ərazilərini azad edəndən sonra vətəndaşları dədə-baba torpaqlarına qayıtmaq, ölüsünün qəbrini ziyarət etmək istəyir. Amma nə etmək olar ki, bizim də bəxtimizə Rusiyanın işğalçı ordusu düşüb.

– Sülhməramlılar bizi öz ərazilərimizə buraxmır, biz isə israr edirik. Sizcə, bu gedişlə hansı nəticəni əldə etmək olar?

 

– Düşünürəm ki, yaxın günlərdə buna qəti cavab verilməlidir. Əslində isə heç onların cavablarını gözləməməliyik. Bizim dövlət qurumları, güc struktuları, hüquq mühafizə orqanları öz torpaqlarına gedib, işə başlamalıdır. Onlar kimdir ki, bizim qarşımızı kəsib mane olur? Onların elə bir səlahiyyətləri yoxdur. Üçtərəfli bəyannamədə bu göstərilməyib. Biz gedib öz ərazilərimizdə nə edəcəyimizi özümüz planlaşdırmalıyıq. Zamanında ermənilərin, rusların nazıyla çox oynamışıq, amma kifayətdir. Azərbaycan müstəqil ölkədir. Müstəqil ölkə kimi də terrorçuları öz ərazisindən çıxarıb. Geridə qalan hissəsini də onlardan təmizləmək üçün səlahiyyətlərimiz var. Biz heç kimə hesabat verməyə məcbur deyilik ki, sən mənim ərazimdə terrorla məşğulsan, xahiş edirəm, çıx, get. Belə şey ola bilməz. Gördünüz, İlham Əliyev terrorçulara qarşı necə amansız mübarizə apardı, biz də eyni ilə onlara qarşı amansız mübarizə aparmalıyıq.

– Bəs, siz bu istiqamətdə hansısa fəaliyyət göstərirsiniz?

 

– Mənim Xankəndidə yaşayan ermənilərlə əlaqələrim var, onlarla tez-tez danışıram. Onlar da yaxın günlərdə cənab prezidentə müraciət etmək fikrindədirlər. Terrorçular sadəcə onlara imkan vermirlər ki, onlar cənab prezident İlham Əliyevə müraciət etsinlər ki, bizim vətəndaşlığı qəbul etsinlər. Amma biz istənilən halda, onlarla müəyyən iş aparırıq ki, onlar terrorçuların axmaq fikirlərinə uymasınlar. Mən ermənicə bildiyim üçün onları daha yaxşı başa salıram ki, terrorçuların və rus işğalçılarının himayəsi altına yaşmaqdansa, müstəqil, tolerant Azərbaycanın nəzarətində yaşamaq daha yaxşıdır. Başa salırıq ki, Azərbaycanda 30 mindən çox erməni var, hamısı da rahat yaşayır, siz onlardan da yaxşı yaşacaqsınız, sizə heç kim heç nə edən deyil. Sizin də nümayəndələrinizi Xankəndidə vəzifəyə təyin edəcəyik, nə lazımdır kömək göstərəcəyik ki, yaxşı yaşayasınız. Onlar mənim apardığım danışaqları ruh yüksəkliyi ilə qarşılayırlar. Amma onları qorxudur və imkan vermirlər ki, qərar versinlər. Onlara imkan versələr, ağ bayraq qaldırıb, Azərbaycan dövlətindən xahiş edərlər ki, onları erməni terrorçularının əlindən qurtaraq. Biz hər şeyi açıb deyə bilmirik, amma işlər aparırıq və bu işlər çox uzun çəkə bilməz. Yaxın günlərdə bu məsələlər yekunlaşmalıdır.

Rusiyanın işğalçı ordusu bu məsələyə münasibət bildirməsə, biz qəti mövqe ortaya qoymalıyıq. Görünür, Putinlə cənab prezidentin danışığı hələlik bir nəticə verməyib. Bəs, niyə nəticə vermir? Putin niyə öz imzasına hörmət eləmir? Bu da çox maraqlı məsələdir. Çünki Putin öz imzasına hörmət etsəydi, sülhməramlıların komandanı Volkova göstəriş verərdi ki, sizin ixtiyarınız yoxdur yolu kəsməyə, siz ora başqa məqsədlə getmisiniz. Qeyd etmək yerinə düşər ki, Üçtərəfli Bəyannaməyə görə, bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıtmalıdır. Amma sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə bir nəfər də vətəndaşımız yoxdur. Mən Qarabağda yaşayan Aram kişiylə, Sevan kişiylə, Akopla telefonla danışmışam, deyirlər ki, bura bir nəfər də azərbaycanlı qayıtmayıb. İstəyirlər ki, keçmiş qonşuları geri qayıtsın. Dinc erməni əhalisinin fikri bundan ibarətdir. Bu mənada, düşünürəm ki, yaxın bir neçə gündə gördüyümüz işlər öz nəticəsini verəcək.

– Sülhməramlıların nə yerli, nə də beynəlxalq mandatı var. Yəni, onların Azərbaycandakı fəaliyyəti de-faktodur. Məsələyə bu faktdan yanaşsaq, onları 2025-ci ilə qədər, yəni daha tez ölkəmizdən çıxara bilərik?

 

– Təbii ki, sizin də dediyiniz kimi, onların ölkəmizə gəlişini Milli Məclis təsdiq etməyib, nə də ki, onların fəaliyyəti BMT nizamnaməsinə uyğundur. Onlar işğalçı ordu kimi terrorçuların bir tayıdır. Ona görə də 2025-ci ili gözləmək lazım deyil, onları bir-iki aya ölkədən qovmaq lazımdır. Onlar başa düşməlidirlər ki, artıq Azərbaycan keçmişdəki Azərbaycan deyil. Ona görə də, sülhməramlıların Qarabağda heç bir hüququ olmadığına görə, təcili surətdə ordakı erməni vətəndaşlarımızla danışıqları sürətləndirməliyik. Çünki onlar da birlikdə yaşamağa razıdırlar. İşğalçı rus ordusu Qarabağdan çıxandan sonra onlar bizimlə yaşamağa razı olacaqlar. Sadəcə heç bir mandatı olmayan, özünü zorla Azərbaycana pərçim edən Rusiyanın işğalçı ordusu imkan vermir ki, erməni vətəndaşlarımız bizimlə birlikdə yaşasın, Azərabaycan qanunlarına hörmət eləsin.

– Müsahibələriniz birində Xankəndiyə gedib, orada yaşamağa, işləməyə hazır olduğunuzu demişdiniz. Üstəlik, erməni dilini bildiyinizi və onlarla əlaqədə olduğunuzu bildirdiniz. Bu fikriniz yenə də aktualdır?

 

– Mən Vətənimin, Prezidentimin naminə buna hazıram. Düzdür, orada işləmək, yaşamaq çətindir, hər an ölümlə qarşılaşmaq mümkündür, amma buna baxmayaraq ölümü də gözə alıb bunu edə bilərik. Yetər ki, bu biabırçıqldan özümüzü xilas edək. Amma orada milli qüruru, milli qeyrəti olan adam işləməlidir, daha gedib ermənilərdən də rüşvət alan yox. Mənim təklifimə vaxtında qulaq asan olsaydı, bu gün Xankəndinin meri azərbaycanlı idi. Təəssüf ki, biz nədənsə bəzi məsələlərdə gecikirik. Mən əlaqə saxladığım ermənilərə də demişəm ki, yaxın günlərdə bizdən kimsə orada mer olacaq, onlar da sevinirlər ki, nə edirsiniz-edin, bizi terrorçuların, işğalçı rusların əlindən xilas edin. Ona görə də ora uşaq-muşaq yeri deyil, ora təcrübəli və dünya siyasətindən, regional proseslərdən başı çıxan adam lazımdır. Biz də özümüzü o yerdə görürük. Hətta, cənab Prezident fərman versə, gedib qurulan çadırların birində vəzifəmizi elan edib, erməniləri bir-bir qəbul edərik. Bütün dünya da görər ki, artıq Azərbaycanın Xankəndidə meri var, polisi var, bütün dövlət strukturları fəaliyyətə başlayıb. Bu, çox müsbət addım olardı. Dünyada da artıq Qarabağın, Xankəndinin Azərbaycanın olması bir daha öz təsdiqini tapardı. Burada heç bir qəbahətli iş yoxdur, tam qanunauyğun bir məsələdir.






Fikirlər