Müəllim kimi yaşayıb əksinqilabçı kimi güllələnən ədib...
Bu gün görkəmli ədib, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının təsisçisi Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur. Milliyyətcə məshəti türkü olan Ömər Faiq Nemanzadə 1872-ci ildə Gürcüstanın Azqur kəndində doğulub. 1906–1917-ci illərdə Bakıda jurnalist-yazıçı və müəllim işləyib. Müxtəlif mövzularda qələmə aldığı məqalələrdə milləti düşündürən, həyəcanlandıran problemlərə təmas edib. 1917-ci ildə vətəni Axalsıxa dönərək buradakı türklərin milli mənafelərinin müdafiəçisi olmağı seçib. Gürcüstan Respublikasının anti-türk siyasi şiddətinə qarşı çıxan Ömər Faiq 1918-ci ildə üç dəfə həbs olunub. Gürcü həbsxanalarının bütün zillətini yaşayıb. 1918-ci ildə Tiflis həbsxanasında Ömər Faiqlə görüşən şair Əhməd Cavad yazırdı: "Mən bu həkarəti yalnız Ömər Faiqə deyil, millətimə edilmiş hesab etdiyimdən gürcü millətinin dostluğunu ürəyimdə saxlamaqla, gürcü hökumətinə qələm dostlarım adından etiraz edirəm. Ömər Faiq təkçə Axalsixin deyil, bütün millətin xadimidir". Həbsdən çıxdıqdan sonra Bakıya gələrək 1919-cu ildə Bakı Polis idarəsində çalışıb. 1920-ci ildə isə yenidən Gürcüstana qayıdaraq "Zəhmətkeşin Səsi" qəzetinin baş yazarı və Gürcüstan İnqilab Komitəsinin üzvü olub. Sovet dövründə də müəllimlik və dramaturgiya fəaliyyətini davam etdirib. Dərs kitablarının hazırlanmasında daha fəal çalışıb. 1927-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün əhəmiyyətli olan "Xatirələrim" üzərində çalışıb. Lakin müəllif bu xatirələri bitirə bilməyib. O da 1937-ci ilin iyununda 66 yaşında “Sovet hakimiyyəti əleyhinə qurulmuş əks inqilabi millətçi təşkilatın sədri” kimi həbs olunur və güllələnir. /“Qafqazinfo”