Fəzail Ağamalı İrana od püskürdü: “Deyir bir çadırda 4-8 ailə gecələsin, sənin əxlaqına LƏNƏT!”

“İran beynəlxalq səviyyəli terrorçu dövlətdir və bizimlə müharibə vəziyyətindədir”

Milli Məclisin yaz sessiyasının ilk iclasında parlament rəhbərliyi və deputatlar İrandakı səfirliyimizdə törədilən terror aktına da kəskin münasibət bildirdilər. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı çıxışında İranla əlaqələrə yenidən baxılması təklifi ilə çıxış etdi. “Yeni Müsavat”a müsahibəsində AVP sədri daha sərt mövqedən çıxış etdi.

- Fəzail bəy, terror aktından keçən günlər ərzində İran hakimiyyətindən səfirliyimizdə terror törədilməsi ilə əlaqədar hər hansı ciddi bir açıqlama gəlməyib. Üstəlik, terror aktını həyata keçirən şəxs “ruhi xəstə” kimi təqdim edilərək dispanserə salınıb. Bu fakt ondan xəbər verir ki, Tehran rejimi terrorun izinin itirilməsinə çalışır. Sizcə, bundan sonrakı addımlarımız nədən ibarət olmalıdır?

- Təbii ki, İranla münasibətdə hər şeyi öz adı ilə çağırmalıyıq. 30 il ərzində İranın Azərbaycana qarşı düşmənçiliyi bütün mənalarda öz təsdiqini tapıb. Xüsusi olaraq son vaxtlar İran molla-fars rejiminin Azərbaycana qarşı olduqca əsəbi, düşmənçilik mövqeyi bütün hədləri keçdi. Faktiki olaraq bu rejimin hərbi-siyasi rəhbərliyi tərəfindən xeyir-duası verilən və İranın sadiq adamları tərəfindən hazırlanan, təşkil edilən və həyata keçirilən, səfirliyimizdə törədilən terror aktı, silahlı hücum İranın Azərbaycana açıq şəkildə düşmənçiliyini bir daha nümayiş etdirdi. Bundan sonra İran daha nə etməlidir ki, biz həqiqətən dediklərimizi təkrarlamağa ehtiyac duymayaq? İran Ermənistana kömək edirmi? Edir. Erməni separatçılarına kömək edir? Edir. 44 günlük müharibəyə qədər də, müharibə dövründə də, ondan sonra da Ermənistanı, separatçıları silahlandırıb? Silahlandırıb. Terrorçuları, təlimatçıları göndəribmi? Göndərib. Maliyyə yardımı edibmi? Edib. Ən müxtəlif rəsmi görüşləri reallaşdırıb. Anna Akopyanın başına yaylıq bağlayıb, onu “müsəlman” edir? Azərbaycanın ərazisi olan səfirliyimizə hücum Azərbaycan dövlətinə hücum kimi qiymətləndirilməlidir. Bunu edir və terrorçunu telekanallara çıxarır, o da özünə haqq qazandırır. İndi də onu “ruhi xəstə” kimi xəstəxanada yerləşdirib. Sonra da ona iynə vurub öldürəcəklər, yaxud soyadını dəyişib, sərbəst buraxacaqlar.

Beləliklə, İran Azərbaycana qarşı bu şəkildə düşmənçiliyini ortaya qoyub. Mən parlamentin iclasında da söylədim, İranın açdığı cinayət işi bu terror aktını olduğu kimi, cinayət işi olaraq tövsif etməyəcək. Çünki o halda bu terrorçu, eyni zamanda onunla əlbirliyində olanlar, bu akta xeyir-dua verən İranın dini, siyasi lideri də hakim qarşısında oturmalıdır. Çünki o, bu işlərin baş verməsinə xeyir-dua verib, ona rəhbərlik edib. Onun tapşırığı əsasında bu gün cinayətkar haqqında obyektiv, dürüst istintaq aparmaq əvəzinə, onu dəlixanıya salıblar.

- Necə bilirsiniz, İran niyə düşmənlərinin sayını çoxaltmağa meyillidir?

- Bu ölkə tamamilə başını itirib, başıpozuq bir ölkədir. Bu ölkə artıq bütün dünya ilə düşmən vəziyyətindədir. Açıq deyirəm, İran bizimlə müharibə vəziyyətindədir. Müharibə vəziyyətinin qaş-gözü olmur ki. Bizim ərazimizə təcavüz edirsə, elə bu, müharibə vəziyyətidir. Ona görə də, təbii ki, Azərbaycanın indiki səbirli, təmkinli, ölçülüb-biçilmiş mövqeyi başadüşüləndir. Lakin göründüyü kimi, Azərbaycan xüsusi olaraq beynəlxalq müstəvidə, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bu məsələnin üstünə getməkdədir. Əminəm ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən açılmış cinayət işi əsasında bu terror aktı olduğu kimi, dəqiqliklə araşdırılacaq və törədilmiş cinayətin İran fars-molla rejiminin siyasi və dini rəhbərliyi tərəfindən hazırlanmasının, xeyir-dua verilməsinin, icrasına rəhbərlik etməsinin nəticəsinə gəlinəcək.

“Şeyx həzrətlərinə müraciət edirəm: Xoydakı, cənubdakı soydaşlarımızın fəlakəti ilə bağlı bütün islam dünyasına, İslam Konfransı Təşkilatına müraciət etsin”

- Rəsmi Tehranın Türkiyə və Azərbaycana münasibəti elə Xoy vilayətindəki zəlzələdən zərər çəkənlərə yardım göstərilməsinə belə razılıq verməməsindən bəlli oldu. O halda Türkiyə və Azərbaycanın birgə istintaq qrupu yaratması ehtimalı belə, öncədən suya düşmüş olur. Faktiki olaraq İran bütün qapıları üzümüzə bağlamaqda qərarlı görünür və obyektiv istintaq aparmaq niyyətində deyil. Belə olan təqdirdə beynəlxalq aləmə üz tutmağımız nə dərəcədə vəziyyəti dəyişə bilər? Onsuz da, sizin dediyiniz kimi, bütün dünya ilə müharibə vəziyyətində olan İran rejiminə terror aktı ilə bağlı beynəlxalq səviyyədə təzyiqlər göstərilə bilərmi?

- Tamamilə doğru deyirsiniz, İran bütün qapıları bağlayıb. Türkiyə və Azərbaycanın istintaq prosesində iştirakına da imkan vermirsə, məncə, bu vəziyyət barədə hüquqşünaslarla məsləhətləşmələr aparılmalıdır, beynəlxalq səviyyədə cinayət hadisəsi ilə bağlı bir qurum yaradılmalıdır, ona səlahiyyət verilməlidir. Hətta BMT-nin mandatı verilməlidir ki, o mandat əsasında müstəqil istintaq qrupu İrandakı hadisəni araşdırsın və həqiqəti üzə çıxartsın. Lakin belə bir qurumun yaradılmasının perspektivi olsa da, istintaq qrupunun İrana buraxılacağına mənim inamım yoxdur.

- Hər halda Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası arasında əməkdaşlıq var, nəticə olmasa da...

- İstintaq qrupu yaradılsa da, bu, nəticə etibarilə fars-molla rejimini, onun dini-siyasi rəhbərliyini ifşa edə biləcək nəticəyə gəldiyinə görə həmin istintaq qrupunun yaradılmasına mənim o qədər də inamım yoxdur. Sadəcə olaraq, məncə, bunun özü Azərbaycan tərəfindən imkanlar daxilində, ortada olan faktlar əsasında araşdırılıb, özünün hüquqi-siyasi qiymətini alacaq. Həmçinin zaman gələcək ki, həmin istintaqın nəticələrinə uyğun olaraq bu teraktın təşkilatçıları, onun rəhbərləri, himayədarları, həm də həyata keçirənlərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Belə nümunələr tarixdə var. Ya kiminsə ölümündən sonra, yaxud rejimin devrilməsindən sonra hətta ölən cinayətkarın qəbrinə də cəza kəsirlər, bunlar mümkündür.

Lakin indiki halda İranın özünüqəsdə çevirə biləcək bir istintaqın obyektiv şəkildə aparılmasına Tehran imkan verməyəcək. Bu, mənim gəlmiş olduğun qənaətdir. Görün bu, nə qədər bəsit düşüncəli, nə qədər insani keyfiyyətlərdən, bəşəri dəyərlərdən uzaq bir rejimdir ki, öz vətəndaşının qayğısına qalmır. Xoy vilayətində baş verən, cənubdakı soydaşlarımızın böyük fəlakətinə səbəb olan zəlzələ ilə bağlı özü də kömək etmir, Azərbaycanın və Türkiyənin yardım təşəbbüsünə də imkan vermir. Hətta informasiya qaynaqlarından məlumat aldıq ki, Güneydəki soydaşlarımız yığışaraq imkanları daxilində Xoy bölgəsinə isti paltar, yorğan-döşək, çadırlar və digər zəruri əşyaları göndərmək istəyiblər maşın karvanı ilə. Amma rejim mənsubları karvanın qarşısını kəsib, nə yalvarışlara, çağırışlara baxmayaraq, bu karvanın zəlzələ bölgəsinə getməsinə imkan verilməyib. Yəni hətta bizim cənubda yaşayan soydaşlarımızın belə, Xoy camaatına kömək etməsinə imkan verilmir. Deməli, nəticə etibarilə orda soyqırımı aparılır. Təbii fəlakətlər nəticəsində o insanlar ağır faciələrlə üz-üzə qalıblar. Qış vaxtıdır, 25-30 dərəcə şaxtada o insanlar donacaq, uşaqlar, qadınlar, qocalar, isti paltarı, yatmağa yeri olmayan azərbaycanlılar kütləvi şəkildə xəstələnəcəklər. Deyir bir çadıra 4-8 ailə yığışsın, orda gecələsin. Sənin əxlaqına lənət! Sənin əxlaqın hardadır? Bir qızın saçı göründüyünə görə ona min cür işgəncə verdiniz, qətlə yetirdiniz, neçə vaxtdır çadranın altından saçı görünən qadınlara zülm edirsiniz, bu tərəfdən də deyirsiniz ki, 4-8 ailə bir çadırın içərisində yaşasın! Bu ailələrin cavanı var, qızı, yaşlısı, uşağı, kişisi, gənc oğlu var. Utanmaz köpək uşağı! Ay şərəfsizlər, bu cür yanaşma, bu cür insanlıqmı olar?!

- Fəzail bəy, bir daha səfirliyimizdəki terror haqda soruşum: iş Beynəlxalq Ədalət Məhkəməsinə qədər gedib çıxarsa, hansısa nəticələri ola bilərmi? Xatırladım ki, üç il əvvəl, elə yanvar ayında İran “səhvən” Ukraynanın sərnişin təyyarəsini vurdu və bu günədək cəzasını almayıb...

- İran beynəlxalq səviyyəli terrorçu dövlətdir. O təkcə Yəməndə, İraqda, Suriyada insan qırğını ilə məşğul olmaqla kifayətlənmir, eyni zamanda ayrı-ayrı terrorçu təşkilatları maliyyələşdirir, onu silahlandırır, ruhlandırır, yaşadır. İran eyni zamanda terroru rellaşdıran, terrorçu dövlətdir. Bəli, Ukrayna təyyarəsi vuruldu, nəticəsi nə oldu, kimin cinayəti üzə çıxarıldı, ittihama məruz qaldı? Həm də niyə vuruldu, hansı səbəbdən? İndi Azərbaycana qarşı atılan addımı son olaraq düşünmürəm. Hesab etmirəm ki, İran fars-molla rejimi bizə qarşı atmış olduğu murdar hərəkətlə kifayətlənəcək. Qətiyyən. Ona görə də mən əminəm ki, Azərbaycan dövləti bütün bunların fərqindədir. Bizim bütün hüquq-mühafizə orqanlarımız gücləndirilmiş iş rejimində fəaliyyətini qurub, mənim buna qətiyyən şübhəm yoxdur. Eyni zamanda mən Milli Məclisdə də söylədim, Azərbaycan gecikmədən BMT-də bu məsələni müzakirəyə çıxartmalıdır! İranın törətdiyi bu terror aktı BMT-də, onun bütün qurumlarında xüsusi sənəd kimi yayılmalıdır, BMT-nin müvafiq qurumlarının, hətta mümkün olsa, Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmalıdır. Həmçinin mən yaranmış fürsətdən istifadə edib Şeyx həzrətlərinə, Allahşükür Paşazadəyə müraciət edirəm: Xoydakı, cənubdakı soydaşlarımızın fəlakəti ilə bağlı bütün islam dünyasına, İslam Konfransı Təşkilatına müraciət etsin. İranın özünə müraciət etsin ki, bəsdir, bu vandallığa, bu vəhşiliyə son qoyun! Şeyx bütün dünya müsəlmanlarını hərəkətə gətirsin, İrana ciddi təzyiqlər olsun ki, cənubdakı soydaşlarımız indiki fəlakətli vəziyyətdən bir az sığortalana bilsinlər...  






Fikirlər