Qarabağda yenə silahlar işə düşür? - “Rusiyanın istəyi bəllidir...”
“Rusiya ilə Ermənistan arasında soyuq küləklərin əsdiyi bir məqamda inanmıram ki, Azərbaycan hansısa addım atsın. Çünki indi diplomatiya vaxtıdır. Əsas məqsəd danışıqların və hansısa razılaşmaların əldə edilməsidir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib. Onun fikrincə, hazırda hərbi əməliyyatları reallaşdırmaq olmaz: “Gərək, onun da məqamı gələ, münasib şərait yarana. Hətta bütün dünyanı inandıracaq hansısa bir dəlil olmalıdır ki, Azərbaycan nə üçün hərbi yola müraciət edib... Hələlik danışıqlar gedir. Rusiyanın istəyi bəllidir: öz qoşunları üçün Azərbaycandan hansısa mandat qoparmaq. Azərbaycan isə istəyir ki, Qarabağda suverenliyini bərpa etsin. Bu 2 ziddiyyətli məqsəd arasında yarış gedir”. Ekspertin qənaətinə görə, hazırda Rusiyanın beynəlxalq siyasətdəki imkanları çox məhdudlaşıb, beynəlxalq aləm tərəfindən təcrid olunub: “Bu gün Rusiyada Avropa ilə təmaslara girmək istəyi yoxdur. Sergey Lavrovun Azərbaycana gəlməsi də normaldır. Yəqin ki İrəvana gedəcək. Hətta son zamanlar Nikol Paşinyanı israrla Moskvaya çağırırlar”. “Bu gün Rusiya Qərblə müxtəlif istiqamətlərdə dalaşır, öz xarici siyasətini həyata keçirməyə çalışır. Ani nəticənin olacağını düşünmürəm, amma mən Azərbaycanın nə istədiyini bilirəm: Azərbaycan istəyir ki, Laçın yolunda gömrük-sərhəd məntəqəsi açsın, erməni qoşunları Azərbaycan ərazilərini tərk etsin və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Buna əngəl faktorun da kim olduğu bəllidir”, – deyə Z. Əlizadə fikirlərini yekunlaşdırıb.