Obama hərbi gəmidə, Əliyevlə Putin eyni oteldə... - G20-nin pərdəarxası
Türkiyənin ev sahibliyi edəcəyi və noyabrın 15-16-da keçiriləcək G20 Liderlər Zirvəsinin bəzi pərdəarxası məqamları məlum olub. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 12 dövlət başçısı, 11 baş nazir və 2 Avropa Birliyi liderinin iştirak edəcəyi zirvəyə 500-ə yaxın iş adamı da daxil olmaqla, ümumilikdə 13 min nəfər qatılacaq. Zirvəni 3 min mətbuat nümayəndəsi izləyəcək. G20 ilə əlaqədar Antalyanın Bələk bölgəsi “təhlükəsiz ərazi” elan edilib. Liderlərin təhlükəsizliyini 11 mini polis olmaqla, 12 min nəfərlik heyət qoruyacaq. Liderləri qarşılayan hava limanından otellərə qədər 350-dən çox kamera quraşdırılıb. Turizm zonası olan Bələkdə Zirvə görüşü üçün 28 otel bağlanıb. Liderlər toplantılarını “Regnum Carya Golf&SPA Resort” da keçirəcəklər. Liderlərin nə zaman gəlib və nə zaman qayıdacaqları, hansı oteldə qalacaqları isə təhlükəsizlik məqsədi ilə açıqlanmır. ABŞ prezidenti Barak Obamanın Antalyaya prezident üçün ayrılan xüsusi təyyarəsi ilə bazar günü gedib və oradan da helikopterlə Bələkdə onun üçün ayrılan otelə keçəcəyi gözlənilir. Obama üçün zirvənin mərkəzi oteli olan Regnum Carya-da gülləkeçirməz şüşələri olan lüks villa inşa edildiyi deyilir. Lakin Obamanın bu villanın əvəzində Antalya körfəzindəki ABŞ donanmasına aid döyüş gəmisində qalacağı ehtimal edilir. Bu arada Zirvə artıq ilk liderini də qarşılayıb. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz dünən axşam saatlarında özəl təyyarəsi ilə Antalyada eniş edib. Kral 60-a yaxın avtomobildən ibarət olan kortejlə bağlatdırdığı “Mardan Palace” otelinə gedib. 1000 nəfərdən ibarət Səudiyyə Ərəbistanından gələn heyətin istifadəsinə 65 zirehli Mercedes verilib. Bununla yanaşı, kral 400 lüks avtomobil kirayə götürüb. Qeyd edək ki, Zirvəyə dəvət edilən xüsusi qonaqlar arasında prezident İlham Əliyev də var. Liderlərin qalacaqları otellərin adı rəsmi olaraq açıqlanmasa da, Türkiyə mətbuatı Azərbaycan, Rusiya və Braziliya dövlət başçılarının Maxx Royal-da qonaqlanacağını yazır.