Bakı yeni qaydalar yazır: iki nəhənglə necə dil tapmalı...

Avropa İttifaqı (Aİ) və Çin hazırda dünyanın iki ən böyük geosiyasi gücü, iki ən qüdrətli iqtisadi potensialıdır. Aİ ilə Çin arasındakı təmaslarla münasibətlər dünya iqtisadiyyatı ilə siyasətinin ən önəmli məqamlarından biridir. Eyni zamanda Aİ ilə Çin arasındakı siyasi, iqtisadi və s. sahələrdəki rəqabət də qlobal geosiyasətdəki vəziyyəti müəyyənləşdirən nüanslar arasındadır.

Çin hazırda Aİ-nin ən böyük ticari tərəfdaşıdır: Brüssellə Pekin arasındakı ticari dövriyyənin həcmi 720 milyard dolları keçib.

Avropa İttifaqına üzv ölkələrin şirkətləri Çin iqtisadiyyatına həvəslə sərmayə yatırır, Çin şirkətləri də Aİ məkanında aktiv fəaliyyət göstərirlər.

Lakin iki güc arasındakı iqtisadi və maliyyə münasibətləri harmoniyadan çox uzaqdır.

Əsas problem ticari maraqların qorunması və bazarlara çıxış imkanları ilə bağlıdır. Aİ ölkələrinin şirkətləri şikayətlənirlər ki, onların əqli mülkiyyət hüquqları Çində kütləvi, genişmiqyaslı şəkildə pozulur. Avropalılar habelə əlavə vergilərdən və Çin bazarına girişlə bağlı çoxsaylı məhdudiyyətlərdən şikaytlənirlər.

Rəsmi Pekin isə Avropa İttifaqı ölkələrində bəzi sahələrə çinli şirkətlərin sərmaye yatırmaq planlarının maneələrlə üzləşdiklərini vurğulayırlar.

Geosiyasətə gəldikdə isə, Aİ ilə Çin dünya siyasətindəki əksər məsələlərə fərqi baxışlara malikdirlər ki, sonucda ciddi fikir ayrılıqlarıyla təzadlar yaranır. Məsələn, Aİ multilateralizmi yaymağa, BMT, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı kimi beynəlxalq təşkilatların möhkəmlənməsi ilə səlahiyyətlərinin artırılmasına çalışırsa, Çin qlobal miqyasda imkanları ilə çəkisini artıraraq dünyanın müxtəlif regionlarındakı proseslərə təsir imkanlarını gücləndirməyə can atır.

Rusiya və İran kimi ölkələrin ən böyük ticari tərəfdaşı olan Çin iqtisadi rıçaqlar vasitəsilə həm Moskvanı, həm də Tehranı faktiki vassal vəziyyətinə salıb. Bununla yanaşı, "Bir kəmər, bir yol" layihəsi vasitəsilə Asiya və Afrika ölkələri ilə əlaqələrini gücləndirən Pekin iqtisadi, maliyyə və siyasi ekspansiyanın "yumşaq güc" variantını seçib. Xatırladaq ki, sözügedən layihə Çinin 60-dan artıq ölkədə ticari əlaqələrinin genişləndirilməsini, müvafiq infrastrukturun inşasını nəzərdə tutur.

Avropa İttifaqı da son illərdə ceyli fəallaşaraq dünyanın müxtəlif bölgələrində maraqlarını təmin etməyə çalışır. Məsələn, Aİ-nin Latın Amerikası və Afrika dlkələri ilə assosiativ tərəfdaşlığı və fəal əməkdaşlığı nəzərdə tutan anlaşmalarının sayı sürətlə artır.

Bəhs etdiyimiz vəziyyətdə, Aİ və Çin Xalq Respublikası kimi iki nəhəngin gücləndikləri dövrdə Azərbaycan necə siyasət yürütməli, nə etməlidir?

Çinlə Azərbaycan arasında əməkdaşlığın geosiyasi perspektivləri ölkələrimiz arasındakı əlaqələrin ən önəmli məqamlarından biridir. Ölkələrimizin təbii ki, geosiyasi maraqlara malik olduqlarından məqsədlərə çatmaq üçün iqtisadi, texnoloji və hərbi resurslardan istifadə edirlər.

Bəhs etdiyimiz geosiyasi perspektivlər arasında ən mühümü təhlükəsizlik, sərhəd toxunulmazlığı və ərazi bütövlüyü ilə bağlıdır. Azərbaycan Qarabağla bağlı problemi tam həll etmək üçün Ermənistanın yekun sülh sazişi imzamalamasına çalışırsa, Çin ötən əsrdən bəri həllini tapmamış Tayvan problematikasını çözməyə çalışır.

Enerji təhlükəsizliyi də önəmli nüanslardan biridir. Çin dünyada ən böyük enerji istehlakçılarından biridir, Azərbaycan isə böyük neft və qaz ehtiyatlarına malikdir. Energetika sahəsində Azərbaycanla Çinin əməkdaşlığı "Səmaaltı imperiya"nın enerji təhlükəsizliyinin təminatında çinlilərə kömək edir, Azərbaycaan isə enerjidaşıyıcılarının satış bazarlarını diversifikasiya etməyə imkan verir. Çin Azərbaycanın neft və qazının ən iri istehlakçıları arasında yer alır. Çin şirkətlərinin Azərbaycada müxtəlif layihələrə sərmayələri isə ölkəmizin neft-qaz sektoru ilə yanaşı, iqtisadiyyatın qeyri-neft seqmentinin inkişafına da təkan verir.

Digər önəmli məsəloə nəqliyyatdır. Ölkəmiz Çindən Avropaya və Avropadan Çinə marşrutların üzərində önəmli tranzit qovşağıdır. Çinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol" (BRİ) layihəsi "Səmaaltı İmperiya"nı Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə Çini Avropa ilə birləşdirəcək nəqliyyat marşrutları ilə magistrallarının inşasını nəzərdə tutur.

Xəzər dənizindən keçən su nəqliyyat marşrutlarının inkişafı sahəsində də Çinlə Azərbaycan arasında fəal əməkdaşlıq var. Qazaxıstandakı Aktau və Azərbaycandakı Ələt limanları arasındakı bərə marşrutunun istifadəyə verilməsi Çindən Avropaya yüklərin daşınma vaxtını əhəmiyyətli dərəcədə azaldıb.

Onu da unutmayaq ki, Xəzər regionundan təbii qazın Avropa İttifaqına çatdırılmasına yönəlmiş "Cənub Qaz Dəhlizi" layihəsində Azərbaycan önəmli rol oynayır. Avropa İttifaqı üçün enerjidaşıyıcıları mənbələrinin diversifikasiyası və təbii qaz təminatı məsələsində Rusiyadan idxalı minimuma endirmək baxımından sözügedən layihə Aİ üçün müstəsna əhəmiyyət kəsb edir.

Digər məqam hərbi əməkdaşlıqdır ki, Bakı və Pekin arasında hərbi sahədə ciddi ikitərəfli əməkdaşlıq mövcuddur. Ölkələrimiz birgə hərbi təlimlər keçirir, hərb elmi və texnologiyaların mübadiləsi sahələrində tərəfdaşlıq edirlər.

Çin dünyada ən iri silah və hərbi texnika istehsalçısı, habelə satıcısıdır. Azərbaycan silahlı qüvvələrini sürətlə modernləşdirir, yeni silahlar və hərbi texnikalar alır.

Bu baxımdan hərbi texnika və texnologiyalar sahəsində Çin Azərbaycan üçün potensial ciddi, perspektiv tərəfdaşdır.

Ən nəhayət, qlobal geosiyasətdə də Çinlə Azərbaycanın ümumi maraqları var. Ölkələrimiz çoxqütblü dünya düzəni ideologiyasının tərəfdarı olaraq beynəlxalq münasibətlərdə inhisarlaşmanın və "siyasət ixracı"nın qəti əleyhdarları olaraq beynəlxalq hüquq, ədalət və bərabərhüquqluğa istinad edən qlobal geosiyasi münasibətlər sistemi ideyasını dəstəkləyirlər.

Avropa İttifaqına gəldikdə isə, Bakının Brüssellə sıx əməkdaşlığı 2009-cu ildə "Şərq Tərəfdaşlığı" proqramının imzalanmasından sonra daha da aktivləşib.

Sözügedən proqram çərçivəsində Aİ və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönəlmiş müxtəlif müqavilələrlə sazişlər imzalanıb.

Energetika sahəsində Aİ-nin önəmli tərəfdaşı olan Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın əksər hissəsi "Transanadolu qaz boru kəməri" (TANAP), "Transadriatik qaz boru kəməri" (TAP) və s. infrastruktur layihələri vasitəsilə nəql olunur.

MDB, Şərqi və Mərkəzi Avropa ölkələrində ən iri üç neft-qaz hasilatçısı və ixracatçısı arasında yer alan Azərbaycanın "qara qızıl"ı ilə "mavi yanacağı"nın hasilatı ilə nəqlində də Aİ ölkələrinin şirkətləri aktiv iştirak edirlər.

Ümumiyyətlə, energetika, investisiyalar və ticarət sahələrində Aİ ölkəmiz üçün önəmli tərəfdaşdır.

Təhlükəsizliyin təminatı, insan haqları, regional stabillik və s. saşhələrdə Aİ ilə Azərbaycan arasında fasiləsiz, aktiv dialoq mövcuddur.

2006-cı ildə energetika sahəsində əməkdaşlığı nəzərdə tutan saziş, 2011-ci ildə "Cənub Qaz Dəhlizi" ilə bağlı anlaşma sonradan TAP və TANAP layihənəinin reallaşmasının əsasını qoydu.

Habelə, bərpa olunan enerji sahəsində də Azərbaycan ciddi potensiala malikdir. Günəş, külək və hidroenergetika sahələrində Bakıilə Brüssel arasında tərəfdaşlıq fasiləsiz inkişaf edir.

1994-cü ildə gerçəkləşdirilməyə başlanan, Avropa İttifaqı və Asiya ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yönəlmiş "Avropa-Asiya Tərəfdaşlığı" (EAP) layihəsi çərçivəsində Bakı ilə Brüsselin əməkdaşlıığı 1996-cı ildə fəal start götürmüşdüsə, EAP çərçivəsində həyata keçirilən Transavropa Nəqliyyat Şəbəkəsi (TEN-T) çərçivəsində nəqliyyat infrastrukturu ilə ticari əlaqələr genişlənir.

... Avropa İttifaqı və Çin ölkəmizin strateji tərəfdaşları, geosiyasi arenada əməkdaşlıq etdiyi güclərdir. Hər iki güclə üfüqi əlaqələri maksimal dərəcədə inkişaf etdirməli, onların arasındakı raqabətdən yararlanmalıyıq.

Çünki Azərbaycanın maraqlarının təminatı və mənafelərinin reallaşması bizim üçün ən ümdə məsələdir.

Elçin Alıoğlu
 






Fikirlər