"Putin görür ki, biz ona getdikcə daha da yaxınlaşırıq, amma özününkülər tərəfindən öldürüləcəyindən qorxur..."
"Ukrayna xüsusi xidmət orqanlarının hədəfləri hərbi cinayətkarlar və düşmən logistikasıdır..."
Ukrayna xüsusi xidmət orqanlarının prioritet məqsədləri arasında təkcə Rusiya prezidenti Vladimir Putin deyil, həm də "Vaqner qrupu" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin də var.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi rəisinin müavini general Vadim Skibitski Almaniyanın "Die Welt" nəşrinə müsahibəsində deyib.
Ukrayna xüsusi xidmət orqanları hərbi cinayətkarların "ovuna çıxır"
General Skibitskinin sözlərinə görə, xüsusi bölmələr ukraynalıları öldürmək əmri verən və çoxsaylı qurbanlara cavabdeh olan rusiyalıların "ovuna çıxır".
"Bu siyahıya kim başçılıq edir?" sualına Skibitski belə cavab verib: "Bu siyahıya Putin başçılıq edir, məhz o, nəyin, harada və necə baş verəcəyi barədə qərar verir və onu koordinasiya edir".
"O, görür ki, biz getdikcə ona daha da yaxınlaşırıq, lakin o, ola bilsin ki, özününkülər tərəfindən öldürüləcəyindən qorxur", - Skibitski dəqiqləşdirib.
Ukrayna kəşfiyyatının "Vaqner qrupu"nun sahibi Yevgeni Priqojinlə münasibətləri barədə jurnalistin sualına Skibitski belə cavab verib: "Biz onu öldürməyə cəhd edirik".
Kəşfiyyatçı sözünə davam edərək deyib ki, nəticə etibarilə təcavüzdə əli olan hər kəs, - hərbi rəhbərlər, rusiyalı komandirlər, silah istehsal edən və bunu maliyyələşdirən nüfuzlu biznesmenlər, - öz hərəkərlərinə görə cavab verməli olacaq.
"Bizim prioritetimiz öz adamlarına hücum əmri verən bölmə komandirlərini məhv etməkdir, biz onları öldürməyə cəhd edirik", - genaral vurğulayıb.
"Onların aradan götürülməsi bir çox dinc sakinlərin həyatını xilas edərdi...Beynəlxalq konvensiyalara görə, bu, qanuni hədəflərdir", - o, vurğulayıb.
Skibitski həmçinin Baş Kəşfiyyat İdarəsinin rusiyalı təbliğatçılara hücumların arxasında durması barədə qınaqları da şərh edib.
Kəşfiyyatçının sözlərinə görə, bu, Ukrayna xüsusi xidmət orqanları üçün o qədər də vacib hədəflər deyil. O, güman edib ki, rusiyalılar artıq bir-birilərilə hakimiyyət uğrunda savaşır. O, hakimiyyətə can atanlar arasında general Yevgeni Priqojinlə özünü Strelkov adlandıran İqor Qirkini göstərib.
Xüsusi xidmət orqanları düşmənin tədarük zəncirlərinə mane olur
Skibitski qeyd edib ki, Rusiyada kritik infrastruktur obyektlərinə bəzi hücumlar Ukraynanın müxtəlif idarələrinin əl işidir.
Bütün tədarüklər Rostovdan, yaxud Krımdan keçir. Onlar həmişə iki əsas yol vasitəsilə həyata keçirilir və rusiyalılar Zaporojye və Xerson ətrafındakı regionların nə qədər vacib olduğunu dəqiq bilir. Həmçinin logistika üçün üçüncü həlledici nöqtə olacaq Mariupol limanı da yenidən qurulur, - general deyib.
O, əlavə edib ki, işğalçıların logistik zəncirdən istifadəsinə imkan verməmək üçün infrastruktur obyektlərinin sıradan çıxarılması vacib məsələdir.
Krımda silah çatdırılmasına mane olmaq üçün məhv edilməli olan kritik infrastruktur o qədər də çox deyil.
Lakin, generalın sözlərinə görə, orada "zərbələr endirməyə tamamilə qadir olan" partizanlar, habelə kəşfiyyat nümayəndələri də var.