Portakalın Kılıçdaroğluna demədiyi qalmadı: “Kreslodan yapışıb qalmısan...”

Portakalın Kılıçdaroğluna demədiyi qalmadı: “Kreslodan yapışıb qalmısan...”

Türkiyə müxalifətinin ötən ay keçirilən parlament və prezident seçkilərində növbəti dəfə məğlub olması hakimiyyət opponentləri arasında ciddi çaxnaşma yaradıb. Zaman keçdikcə, əks düşərgə məğlubiyyətin acısını daha dərindən hiss edir və etiraz səsini ucaltmağa başlayır. 

Müxalifətin iki aparıcı partiyasında - CHP və İYİ Partiyasında gizli narazılıq üzə çıxmağa başlayıb. İndi həm CHP, həm də İYİ Partiyasındakı narazılar öz liderlərini daha yüksək səslə və açıq mətnlə tənqid edirlər. Partiyadaxili müxalif cinahdan, hətta “istefa” tələbləri də səslənməyə başlayıb. 

Qeyd edək ki, tənqidçilərin sırasına ölkənin aparıcı siyasi analitikləri, müxalifətyönlü tanınmış jurnalistlər də qoşulub. “Sözcü TV”də “Xəbərlər” proqramının aparıcısı Fatih Portakal isə dünən səsləndirdiyi fikirlərlərlə Türkiyə gündəmini əməlli-başlı dəyişib. Jurnalist ötən gün 19:00-da efirə gedən proqramda həm CHP sədri Kemal Kılıçdaroğlunu, həm də İYİP lideri Meral Akşeneri istefaya səsləyib. O, canlı efirdə “sonuncu seçkilərdə müxalifət növbəti dəfə biabırçı şəkildə məğlub oldu. Amma görünən odur ki, heç kim məsuliyyəti boynuna götürüb istefa vermək istəmir. Əksinə, həm Kemal Kılıçdaroğlu, həm də Meral Akşener müxtəlif vasitələrlə narazıların ağzını yummağa çalışır”, - deyə söyləyib.

F. Portakal K. Kılıçdaroğlunun “təmiz adam” olduğuna dair iddialara da münasibət bildirib. Jurnalist deyib ki, K. Kılıçdaroğlunun şəxsi həyatı və yaşam tərzi onu maraqlandırmır:

“Mən Kemal bəyin siyasi fəaliyyətindən danışıram. Onun siyasi fəaliyyəti isə uğursuzluğa düçar olub. Məğlub olan adam istefa verib getməlidir, amma Kemal bəy bu barədə düşünmür, əksinə, kürsüsünə yapışıb qalıb...”

Jurnalistin sonrakı fikirləri isə daha sərt olub:

“Kılıçdaroğlu deyir ki, “ayaqdayıq, mübarizəni davam etdiririk”. Bu adamın ürəyindən növbəti seçkilərdə də namizəd olmaq keçir. Növbəti seçkilərdə sənin 80 yaşın olacaq. 80 yaşında meydana atılacaqsan?! Məntiqli deyil. Məntiqli olan bu gün getməkdir”.  Yenisabah.az






Fikirlər