Deputatdan rus dili tədrisinə etiraz: “25 yaşdan cavan qızları ...”

Deputatdan rus dili tədrisinə etiraz: “25 yaşdan cavan qızları ...” 

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı övladlarına rus dilli təhsil verən valideynlərə və işə götürənlərin mütləq rus dili tələb etməsinə etiraz edib.

Yenisabah.az xəbər verir ki, Söz.az-a müsahibə verən millət vəkili həmin şəxsləri sərt şəkildə tənqid edib:

"Bu, anormal bir yanaşmadır və o məmurların, işə götürən insanların psixoloji cəhətdən xəstəliyinin əlamətidir. Bu insanlar normal vətəndaş şüurundan, təfəkküründən məhrumdurlar. 

Onlar öz vətənində işə götürülən insanların ana dilini mükəmməl bilməsini soruşmaq əvəzinə, ingilis və rus dilini necə bildiyini soruşurlar. Sən öz dilinin keşiyini çəkməlisən.

O təfəkkür sahibləri var  ki, ancaq 25 yaşdan cavan qızları işə götürür. 25 yaşlı adam işi nə bilir? Yetişmiş, təcrübəli 30-35-40 yaşlı şəxslər var, onlar niyə işləməsin? Hansı ağılla, hansı əxlaqla ancaq gənc uşaqları axtarırsan? Aparıb orada onun əxlaqını pozacaqsan, tamam ayrı psixologiya ilə böyüməsini istəyirsən?! Belə olmaz! Bunu açıq danışmaq lazımdır. 

Niyə 25 yaşa qədər qız axtarırsan? Niyə peşəkar axtarmırsan? Niyə öz dilini mükəmməl biləni axtarmırsan? Şirkətdə 4-5 nəfər ingilis dili bilən varsa, kifayətdir, bütün şirkətdən ingilis dili biliyi tələb etmək anormaldır. 

Rus məktəblərində oxuyan azərbaycanlı uşaqların danışıq dili ancaq küçə, bazar, ev dilidir, ədəbi dil deyil. Biz müstəqil bir dövlətik, müstəqilliyə və qanunlarımıza hörmət etmək lazımdır".

S.Rüstəmxanlı həmin valideynləri qınaq atəşinə tutub:

"Əgər valideynlər belə həvəslə uşaqlarını rus məktəblərinə qoyurlarsa, onda belə çıxır ki, bu uşaqları Rusiya üçün hazırlayırlar. Milli Məclisdə rusca danışan yoxdur, hamı azərbaycanca danışır. Rusca danışan, dili təmiz bilməyənlər də ümumiyyətlə danışmırlar. 

5 il orada otururlar, amma danışmırlar. Yəni sən uşağını rusca oxudursansa, ya onu Rusiya üçün hazırlayırsan, ya da müstəqilliyi müvəqqəti sayırsan, öz gələcəyinə inamın yoxdur, təzədən Rusiyanı bura gətirməyi düşünürsən, fikirləşirsən ki, keçmiş SSSRİ bərpa olunacaq və ruslar bura gələcək. 

Bir azdan həmin adamlar tələb edəcək ki, Azərbaycanda ikinci dövlət dili rus dili olsun. Bu qədər qan tökülüb, bu qədər mübarizə aparılıb, müstəqillik qazanana qədər bu millət can çəkişib. İndi niyə bunu başqalarının ayaqları altına atmışınız?!"






Fikirlər