KURSA GEDƏN PARTİYA SƏDRLƏRİ - Kim hansı xarici DİLİ BİLİR?..

Dövrümüzdə işçi axtararkən qoyulan ilk tələblərdən biri dil bilgiləri olur. Əsasən rus və ingilis dillərini bilən şəxslərin iş tapmaq şansı da bu səbəbdən digərlərinə nisbətən daha çoxdur. Paytaxtda da hər addım başı dil kurslarına rast gəlmək mümkündür. 
Dil bilgilərinin siyasətçilər üçün də vacibliyini nəzərə alaraq, BakuPost.az partiya sədrləri arasında sorğu keçirib. Məlum olub ki, ən çox dil bilgilərinə sahib partiya sədri 2015-ci ildə yaradılan ikinci Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevdir. Dil öyrənməklə arası olmayan siyasətçilər isə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Ədalət Partiyasının rəhbəri İlyas İsmayılovdur. 
Müsavat Partiyasının sədri Arif Hacılı saytımıza açıqlamasında deyib ki, dil bilgilərini mükəmmələşdirmək üçün ödənişsiz onlayn kurslardan istifadə edir. O, ingilis və rus dillərini bildiyini qeyd edib:
 
Картинки по запросу arif hacılı 
"Rus dilini təmiz bilirəm, ingilis dilinə isə ünsiyyət səviyyəsində hakiməm. İngilis dilinin tam kursunu universitetdə, jurnalistika fakültəsində oxuyanda keçmişəm. Amma dili öyrənmək üçün yalnız universitet kursunu keçmək kifayət etmir. Bu dildə danışmaq zəruridir. Xeyli illər əvvəl müəyyən kurslara getmişəm. Bizim yaşadığımız regionda ən çox istifadə oluna dillər türk və rus dilləridir. Amma Avropada və dünyanın hər yerində ingilis dili daha çox lazım olur. Türk, rus və ingilis dillərini bilməklə bütün dünyada ünsiyyət yaratmaq mümkündür. Bu səbəbdən hazırda dilin mükəmməlləşdirilməsi üçün internetdən, google-dan istifadə edirəm. İmkanlar genişdir. Xüsusən rus dilini bilən adamlar üçün rusca olan onlayn ingilis dili kurslarından faydalanmaq rahatdır”. 
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı rus və ərəb dillərini bilir.
 
Картинки по запросу sabir rüstəmxanlı 
 
Xalq şairinin yaradıcılığında rus dilindən bədii əsərlərin tərcümələri ayrıca bir xətt təşkil edir. Bu tərcümələrə görə o, ayrı-ayrı ölkələrin nüfuzlu mükafatlarına layiq görülüb. Əldə etdiyimiz məlumata görə, S. Rüstəmxanlı ötən ilə kimi ingilis dilini də öyrənmək üçün fərdi müəllimlə məşğul olurmuş. 
Ümid Partiyasının sədri İqbal Ağazadə isə fars və rus dillərində mükəmməl bildiyini qeyd edib:
 
Картинки по запросу iqbal ağazadə 
"Mən Fars tərcüməçiliyi ixtisası üzrə Şərqşünaslıq fakültəsini bitirmişəm. Fars dilini mükəmməl bilirəm. Rus, ingilis dillərini də bilirəm. Hansısa dili öyrənmək üçün kursa getməmişəm. İngilis dilini fərdi qaydada, özüm öyrənmişəm. Fars və rus dili bilgilərimlə müqayisə etdikdə, ingilis dilini mükəmməl bildiyimi iddia edə bilmərəm. Fars dili hərdən lazım olur. Ən azından ədəbiyyat nümunələri oxuyuram. Bu qədər vaxt keçməsinə rəğmən fars dilini unutmamışam. Çünki mən orta məktəbdə də fars dilində təhsil almışam”. 
Ədalət Partiyasının sədri İlyas İsmayılov rus və alman dillərini bildiyini, lakin dil biliyinin mükəmməl olmadığını qeyd edib:
 
Картинки по запросу ilyas ismayılov 
 
"Rus dilini bilirəm. Məişət səviyyəsində də almanca bilirəm. Özüm öyrənmişəm. Alman dilini rus dili səviyyəsində bilmirəm, ancaq başımı hərləyə bilərəm. Rus dilini ortabab bilirəm. İşimizlə bağlı lazım olsa belə, bundan sonra ingilis dili öyrənməli deyiləm ki...” 
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə dil bilgilərini artırmaq üçün çalışanlardandır:
 
Картинки по запросу fazil mustafa 
"Xarici dillərdən ingilis və rus dili ilə gün ərzində minimum 1 – 1,5 saat məşğul oluram. Hər gün səhər tezdən dururam, dil bilgilərimi təkmilləşdirirəm. Kitab oxumaqdan əlavə, işimlə əlaqədar mənə lazım olan söz bazasının artırılması istiqamətində çalışıram. Yayda 2 ay həftədə 3 dəfə ingilis dilini öyrənmək üçün kursa getmişəm, indi isə vaxtım yoxdur. İngilis dilini öyrənməyə daha çox üstünlük verirəm, amma rus dili ilə də ayrıca məşğul oluram. Hətta çox vaxt maşında  gedəndə yazdığım müəyyən mətnləri dinləyirəm ki, vaxtım boşuna getməsin”. 
ADP rəhbəri Sərdar Cəlaloğlu dil öyrənmək qabiliyyətinin çox aşağı olduğunu, bu səbəbdən lazım olduqda tərcüməçiyə müraciət etdiyini vurğulayıb:
 
 
 
"Dil öyrənmək özü xüsusi istedad tələb edir. Mənim dil öyrənmək qabiliyyətim yoxdur. Həm də vaxtım yoxdur. Rus dilində elə-belə danışıram. Yazıram, pozuram. İngilis dilində ali məktəbdə oxuyanda yaxşı danışa bilmirdim, amma oxuyub, başa düşürdüm. İndi isə yadımdan çıxıb. Mənim şəxsən dil kursuna getməyə, dil öyrənməyə nə vaxtım, nə həvəsim, nə də qabiliyyətim var. İşimlə bağlı dil bilməyə ehtiyacım olur. Amma o zaman tərcüməçiyə müraciət edirəm. Rus dilində həm oxuyuram, həm danışıram, həm yazıram. Amma bu da yüksək səviyyədə deyil”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dil öyrənmək üçün kursa gedənlərdəndir:
 
Картинки по запросу əli əliyev 
 
"Rus dilini mükəmməl bilirəm. İngilis dilini öz sahəmiz üzrə bilirəm. İngilis dilini öyrənmək üçün kursa getmişəm”.
Partiya sədrləri arasında ən çox dil bilən AXCP sədri Razi Nurullayev bir neçə dili mükəmməl bildiyini söyləyib:
 
Картинки по запросу razi nurullayev 
 
"Mükəmməl şəkildə rus və ingilis dillərini bilirəm. Çünki mən bu dillərdə oxumuşam. Həm xaricdə, həm də Azərbaycanda bu dillərdə təhsil almışam. Alman dilini danışıq səviyyəsində öyrənmişəm. Fransız dilini isə kifayət qədər yaxşı bilirəm. Əvvəllər tərcümələr də edirdim. Sonradan unutdum. İspan dilini də gözəl şəkildə bilirdim. Lakin unutmuşam. Alman dilini hətta texniki səviyyədə bilirdim. Onu da unutmuşam. Dil bilmək həmin dildə elmi məqalə yazmaq, çıxış etməkdir. Bunları bilmirsənsə, dil bilmək sayılmır. Türkiyə türkçəsini də mükəmməl bilirəm. Hansısa xarici dili öyrənmək üçün kursa və ya müəllimə müraciət etməmişəm. Xarici Dillər Universitetinin ingilis-fransız dili fakültəsini bitirmişəm. Sonra xaricdə ingilis dilində təhsil almışam. Fransız dilini isə sonradan özüm təkmilləşdirmişəm. Alman dilini 2 ay kursa gedərək öyrənmişəm. İspan dilini isə özüm öyrənmişdim, unutmuşam. Alman dili öyrəndiyim dillər arasında ən asanı olub. Fransız dili isə ən çətinidir”.
 
Nigar Etibar






Fikirlər