Eldar Mahmudov haralıdır: naxçıvanlı, yoxsa qazaxlı? - Maraqlı açıqlamalar

Eldar Mahmudov haralıdır: naxçıvanlı, yoxsa qazaxlı? - "Ulu babam Qori müəllimlər seminariyasında oxuyub. Həmin illərdə seminariyanın müsəlman bölümündə Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyov da təhsil alıb. Seminariyada oxuyan əksər qazaxlıları ailəmiz tanıyır. Zaman-zaman söhbətlərdə adları çəkilib, haqlarında xatirələr danışıb. Ancaq mən indiyə qədər Eldar Mahmudovun atası Əhməd Mahmudovun qazaxlı olması haqqında heç nə eşitməmişəm. Düşünürəm ki, Mahmudovlar qazaxlı olsaydılar, ailəmiz onları tanıyardı”. 
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında telejurnalist İlhamiyyə Rza eks milli təhlükəsizlik naziri Eldar Mahmudovun bilindiyi kimi naxçıvanlı deyil, qazaxlı olmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, Eldar Mahmudovun atası Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əhməd Mahmudov Şərur rayonunu Şahtaxtı kəndində doğulub. Vəzifədə olduğu müddətdə Eldar Mahmudov Naxçıvan klanında olub. Ancaq vəzifəsindən azad ediləndən sonra tanınan naxçıvanlılardan bəziləri Mahmudovların əslən Naxçıvandan deyil, Qazaxdan olması ilə bağlı iddialar səsləndiriblər.
Bu, yerlilərinin vurulan iri məmurlardan imtina etməsi ilə bağlı ilk fakt deyil. Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs ediləndə onun aid olduğu Ermənistan klanının üzvləri toplantı keçirərək İnsanovlar ailəsinin Qərbi Azərbaycana gəlmə olduğunu bildirmişdirlər. Həmin toplantıda dönəmin təhsil naziri Misir Mərdanovun “alovlu nitqi” qəzetlərin arxivində qalır. Misir Mərdanov həmin toplantıda iddia eləmişdi ki, Əli İnsanovun doğulduğu Ləmbəli kəndini Borçalıdan köç edənlər qurub
Eldar Mahmudovun ailəsinin yerli, yoxsa gəlmə naxçıvanlı olduğunu bir neçə adlı-sanlı naxçıvanlıdan soruşduq. Maraqlıdır ki, onlardan heç biri adının açıqlamasını istəmədi. Söhbət etdiyimiz Naxçıvan əsillilərin bir hissəsi deyir ki, Əhmədovlar gerçəkdən də Şərura sonradan köçüb. Bir hissəsi isə onların köklü naxçıvanlı olduğunu iddia edir. Onu da vurğulayaq ki, Eldar Mahmudovun anası rus, həyat yoldaşı isə əslən Qazaxdandır. Onun bu səbəbdən qazaxlı kimi təqdim edildiyini bildirənlər də var.
Qazaxlılar da bu haqda açıq danışmağa xüsusi meylli sayılmaz. Qazaxdakı nəsil şəcərələrini yaxşı tanıyan və adının israrla çəkilməsini istəməyən müsahibimiz deyir ki, Mahmudovlar qazaxlıdır. Qori müəllimlər seminariyasını bitirən Əhməd Mahmudovun atası dərs demək üçün Naxçıvana təyin olunub. Əhməd Mahmudov da orada dünyaya gəlib. Bu gün Qazaxda Mahmudovlardan kimlərin yaşamasına gəlincə, qaynaq bildirir ki, Eldar Mahmudovun nazirliyi dönəmində onun yalnız həyat yoldaşı tərəfdən qohumları rayonda güclü himayə olunub.
Naxçıvanlıların Eldar Mahmudovdan imtina etməsi sosial şəbəkələrdə də müzakirə edilməkdədir. Bu haqda yazılan statuslarda əsas vurğu Naxçıvan və Ermənistan klanının vurulmuş üzvlərindən asanlıqla imtina etməsi üzərinədir.
“Eldar Mahmudovun naxçıvanlı olmasını istәmәyәnlәrә bizdәn ciddi bir dәstәk. Vәzifәyә tәyin olunanda biz türmәdә idik. Ömürlük mәhkum Elçin Әmiraslanov (Qazax OMON) da Bayıla, mәhkәmәyә gәtirilmişdi. Bizi dә ömürlüklәrin korpusunda – ölüm korpusunda saxladıqları üçün kameralarımız qonşu, gәzinti yerlәrimiz eyni idi. Normalda görüşmәmәliydik. Amma nәzarәtçilәr imkan yaradırdılar, görüşüb – danışırdıq. Xüsusi ilә eyni bölgәnin adamı kimi mәnimlә daha hәvәsli idi danışmağa… Elçin onun soy ağacını bilirdi. Qazaxlı olduğunu ilk o zaman vә ondan eşitdim: “Cijim deer ki…” Bu fakt onda özü ilә bağlı da ümidlәr yaratmışdı… Bu yaxşımı, pismi, bilmirәm. Amma adam vәzifәdә olanda naxçıvanlı bilinirdi, çıxdı, qazaxlı oldu”.
Eldar Mahmudovun şəcərəsi haqqında kitab yazan Məmməd Əlizadə Azinforum.az-a açıqlamasında deyib ki, onlar naxçıvanlıdır: “Onlar köklü şaxtaxtılıdırlar. Mən bir alim və həmkəndli kimi bunu araşdırmışam və hesab edirəm ki, bu araşdırmanın siyasətə zərrə qədər də aidiyyəti yoxdur. Bizim kənddə bütün tayfaları adla çağırırlar. Ola bilər ki, belə bir iddia onların ulu babalarına “Qazax Əbdul” deyilməsindən qaynaqlanır.  Yəni “Qazaxlı Əbdul” yox, məhz “Qazax Əbdul”. Bu ləqəb  həmin adamın sifət quruluşuna görə Orta Asiya türkləri olan qazaxlara bənzədiyinə görə ona verilib. Əhməd Mahmudovun nəsli və kökü təmiz şaxtaxtılıdır”(Azərtaym.az)






Fikirlər