“RUSİYANIN AZƏRBAYCANA QARŞI TƏXRİBATLAR HAZIRLAMASI GÖZLƏNİLİR” – “Müxtəlif informasiyalardan məlum olur ki, Putin artıq...”

“Bu adamın qarşısını yalnız Türkiyə-Azərbaycan koordinasiyalı siyasəti ala bilər”

"Kaprizlərə dözmək limitimiz tükənib"

"Son Brüssel görüşündə heç bir sənəd imzalanmadı, amma görüşdən sonrakı rezonanslar Azərbaycan qarşısında fərqli bir siyasi xətt açır".

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bunu Qarabağ ətrafında baş verən hadisələri dəyərləndirkən deyib.

"Rusiya Federasiyası XİN -in görüşdən sonrakı verdiyi bəyanat Putinin ötən il Valdayda etdiyi məlum çıxışın həm forma, həm də məzmunca təkrarı idi. Yəni Rusiyanın növbəti diplomatik təxribatı yenə də Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləməsinə qarşı idi və Kreml bu tanınmanı ermənilərin öz “günahı” kimi dəyərləndirib,- ekspert əkavə edib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda ambisiyalı təsirini saxlamaq üçün Bakı ilə İrəvan arasında bağlanacaq sülh müqaviləsinin Moskvada imzalanmasını vurğulayaraq, ilkin mərhələdə Kremldə üçtərəfli görüşün keçirilməsi təklifini irəli sürüb.

"Artıq hər dəfə Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Rusiyada tərəflərin görüşlərə çağırılması ("dəvət" demək olmur) sanki zərurət halını alıb",- o qeyd edib.

Təhlilçi daha sonra bildirib: "Danışıqlar, yenə də danışıqlar, görüşlər..., hələ ki, real nəticə vermir. Əslində, nəticə olmaması ilk növbədə Rusiya üçün, sonra da ermənilər üçün bir nəticədir və bu hal onların maraqlarına uyğundur. Hər iki dövlət Azərbaycanı danışıqlar labirintinə salıb zamanı uzatmaqla məşğuldur. Yazının ilk cümləsində qeyd etdiyimiz kimi, son Brüssel görüşündən sonra Rusiyanın rəsmi mövqeyi və bu mövqedən ruhlanan Xankəndi separatçıların bəyanatları mövcud çətinliklərə baxmayaraq Azərbaycanla heç bir münasibət yaratmayacaqlarını bir daha açıq bildirmələri, bizim indiyədək apardığımız səbirli siyasi xəttimizə fərqli yanaşmanı tələb edir.

Ağdam yolundan humanitar məqsədlərlə istifadəyə müsbət yanaşan Şarl Mişelə “get, öz işinlə məşğul ol” deyən Babayan, “artsaxlıları düşmən qapısına göndərir” deyən Qaramyan və digərləri dünyaya “humanitar fəlakət” haqqında nağıllar danışmaqda davam edəcəklər. Bizim rəsmi şəkildə hər dəfə bu nağılları təkzib etməyimizə ehtiyac yoxdur, əksinə, biz qarşı tərəflərə elə tələblər irəli sürməli, elə siyasi gedişlər etməliyik ki, onlar müdafiə mövqeyinə çəkilsinlər..."

İ.İsmayıl hesab edir ki, bu məqsədlə Azərbaycan danışıqlar burulğanından çıxıb birbaşa Xankəndinə yönəlik addımlarını atmalıdır. Onun sözlərinə görə, erməni silahlı qüvvələrin Qarabağın məlum hissəsindən də çıxarılması üçün konkret vaxt qoyub xəbərdarlıq etmək Lazımdır. Həmçinin Qarabağda qalan ermənilərin sənədlərinin dəyişdirilib Azərbaycan sənədinə keçməsini Laçın yolundan istifadə etmək üçün şərt kimi qəbul etdirmək, keçmiş dağlıq Qarabağ ərazisində yaşayıb ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış qaçqınlarımızın dogma yurdlarına qayıdışını həll etmək vacibdir.

"Qoy, qarşı tərəflər bizim təşəbbüslərimizi müzakirə etməklə müdafiə olunsunlar, bizim onların kaprizləri ilə oynamaq vaxtımız tükənib",- ekspert vurğulayıb.

Təhlilçi qeyd efir ki, Rusiya Prezidenti Vladimir Putinin Qarabağın məlum hissəsindən hərbi kontingentini çıxarmamaq üçün vəziyyəti gərginləşdirmək istiqamətində kompleks təxribatlar hazırlaması gözləniləndir: "Bu təxribatların başında şəxsən özünün tələbləri də yer ala bilər. Müxtəlif informasiyalardan məlum olur ki, Putin artıq belə cəhdlər edib. Bəşəriyyət üçün təhdid və təhlükə mənbəyi hesab edilən bu adamın qarşısını yalnız Türkiyə-Azərbaycan koordinasiyalı siyasəti ala bilər. Bu gün Putinə ediləcək hər hansı bir kiçik güzəşt, Azərbaycan və bütün bölgə üçün gələcək təhlükələrin miqyasının böyüməsi ilə müşayiət olunacaq. Odur ki, Azərbaycan Qarabağla əlaqədar Putinin imperiya ambisiyalarını durdurmaq üçün zamanı uzatmadan şərtlərini, tələblərini, xəbərdarlıqlarını elan etməlidir. İlk addım hörmətli Ərdoğan tərəfindən atıldı, davamı gəlməlidir. 10 noyabr bəyanatına əsasən ilk növbədə erməni silahlı qüvvələri dərhal torpaqlarımızdan çıxarılmalı, əks halda hərbi güc tətbiqinin qaçılmaz olduğu Rusiya dövlətinin nəzərinə çatdırılmalıdır. Rusiya hərbiçilərinin gözü qarşısında erməni silahlı qüvvələrinin məhvinin real olduğunu dərk edən Kreml, simasını qorumaq məqsədilə bu şərtə əməl etməyə məcburdur. Biz israr etməliyik, vaxt təyin etməliyik. 2025-ci ilin noyabrınadək elə siyasi xətt seçilməlidir ki, Rusiya dünyaya deyə bilməsin ki, iki toplum arasında gərginliyin qanlı hadisələrlə müşayiət olunmasının real görünməsi səbəbindən Rusiya hələ bölgədə qalmaq məcburiyyətindədir...

Rusiya zamanı uzatmaq məqsədilə tərəfləri yenə "delimitasiya, demarkasiya, nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması" və s. ilə məşğul olmağa çağırıb, həmişəki kimi konkret hədəfdən yayındırmağa çalışacaq. Biz hətta bu istiqamətdə danışıqlar aparmaqla, paralel olaraq Xankəndində dövlət nəzarətimizin yaranmasının yol xəritəsini ortaya qoymalıyıq. Qarabağdaxili yolların - konkret olaraq Ağdam-Əsgəran-Xocalı-Şuşa yolunun və Tərtər-Ağdərə-Kəlbəcər yolunun tam açılması, ekoloji fəlakətin yaşandığı Sərsəng su anbarının nəzarətimizə keçməsi üçün siyasi tələbləri səsləndirib, ardınca realllaşmasına nail olmağı tezliklə həll etməliyik. Ukraynada uduzan Rusiyanın Cənubi Qafqazda reabilitasiyasına imkan vermək olmaz..."

İlham İsmayıl xatırladır ki, qarşıda növbəti Moskva, Brüssel, Qranada görüşləri gözlənilir. Ekspert hesab edir ki, Ukraynada olduğu kimi, Qarabağ məsələsində də Qərbin Rusiyaya ünvanlı təzyiqinə nail olmaq lazımdır:"Amma, ən əsası özümüzün siyasi və hərbi gücü ilə Qarabağ məsələsində yekun nöqtənin 2025-ci ildən o yana qalmaması üçün zəruri olanları həyata keçirməliyik".






Fikirlər