BİR “ROLEKS” SAATI, İKİ ŞİŞ KABAB... - Və ya Tural Abbaslı Messini ələ salır, yoxsa özünü?

Siyasəti şouya, şou-biznesə çevirmək bütün dünyada müşahidə olunan bir reallıqdır. Hətta bir çox normal ölkələrdə özünü şoumen kimi aparan siyasətçilər ciddi sayılacaq faizdə səs toplayır, parlamentə düşür və sair.

Ancaq Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də hər şeyin “şitini çıxaranlar” var. Pafos, naşılıq və dayazlıq belə “siyasətçiləri”, özləri də bunu hiss etmədən, gülünc vəziyyətdə qoyur…

Məsələn, bəzilərinin “tik-tok siyasətçisi” adlandırdıqları Tural Abbaslı bu günlərdə efirlərin birində özünün Azərbaycanın xarici siyasət vizyonunu, dünya görüşünü tanınmış futbolçu Leonel Messinin azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə yaxın, ailəvi münasibətləri kontekstində və səviyyəsində ifadə edib.

T. Abbaslı azərbaycanlı iş adamını qınayıb ki, nədən o, dostlaşdığı Messiyə “Qarabağ Azərbaycandır” dedirtmir: “Messini bir dəfə də öpəndə, denən “Messi, de ki, “Qarabağ Azərbaycandır!” Dedirt də bunu, bütün günü bir yerdə pivə içirsiniz… Messinin nəyinə lazımdır, Azərbaycan, Ermənistan? Messiyə bir dənə “Roleks” saatı ver, sənin üçün nə istəyirsən eləsin”.

 

 

O, daha sonra əlavə edib ki, hansısa erməni məşhur aktyor Mel Gibsona kabab yedizdirib, o da çıxıb ermənilərin mövqeyindən çıxış edib. Abbaslı deyib ki, “bunlar bizdə də var, biz də edə bilərik”.

Bilmək olmur, bizim bu siyasətçi qardaşımız Messini ələ salır, camaatı ələ salır, yoxsa özünü? Abbaslıdan fərqli olaraq, Messinin, reklamı bir tərəfə qoysaq, təkcə futbol oynamaqdan illik gəliri 100 milyon dolların üzərindədir. Şəxsi varidatının miqyasını da bu göstəricinin üzərindən təxmin etmək olar. Onun, yeri gəlsə, Abbaslının barəsində xəyal qurduğu “Roleks” saatını istehsal edən zavodun özünü belə satın almaq imkanı var. Messinin, yaxud onun səviyyəsindəki digər bir ulduzun hansısa bir qol saatına, hədiyyəyə doğrudanmı ehtiyacı var? Həqiqətənmi, bu səviyyədəki bir superulduza nəsə hədiyyə edib, onu meymun kimi oynatmaq olar?! 

 

 

Və yaxud artıq Azərbaycanın Messinin “Qarabağ Azərbaycandır!” deməsinə ehtiyacımı qalıb? Messi desə də, deməsə də “Qarabağ Azərbaycandır!” və şanlı ordumuz öz qanı ilə bunu bütün dünyaya sübut edib.

Abbaslı isə az qala təklif edir ki, aksiya elan edək: “Bizi tərifləyən hər ulduza bir “Roleks” saatı, üç şiş tikə, iki şiş dana basdırması, bir şiş lülə!”…

Yəqin, Abbaslı da bilir(bəlkə də bilmir) ki, belə şeylər kababla, saatla həll olunmur. Bunun üçün geniş lobbiçilik işi həyata keçirilir, böyük pullar xərclənir. Onun təsəvvüründə bu və ya digər siyasi mövzu barədə ya hansısa rəy (yanlış və ya doğru) formalaşdırılır, ya da təşkil olunan siyasi aksiyalarda iştirakı təmin edilir.

Erməni lobbisi yəqin ki, Mel Gibsonu ələ almağa, onu öz saxtakarlıqlarına alət etməyə, erməni şüvənliyinin iştirakçısına çevrməyə böyük pullar xərcləyib. Abbaslının dediyi “kabab və saat söhbəti”, yəni şəxsi münasibətlər, dostluq əlaqələri və s. bu cür məsələlərdə son detal, ştrix olaraq rol oyanaya bilər…

 

 

Siyasətdə populizm, təəssüf ki, çox vaxt işə yarayır. Bu reallıq Azərbaycanda da keçərlidir. Amma efirə çıxıb, dünyanın ən məşhur və varlı adamlarından birini az qala 100 qram arağa hər meymunluğu etməyə hazır bir alkaş səviyyəsində təqdim etmək artıq populizm deyil...  “AzPolitika.info” 

 

 






Fikirlər