İRAN HAKİMİYYƏTİNİN “FƏLƏSTİN QƏLƏBƏSI”... - Minlərlə fələstinlinin qanı hesabına hansı planlar qurulur?
Bu gün İran şəhərlərinin küçələrində HƏMAS-ın “qələbəsini” qeyd etmək və İsraili lənətləmək üçün yüz minlərlə, hətta az qala milyonlarla insan yığışır. Yaranan mənzərə bundan ibarətdir ki, heç bir normal insan haqq və hüququ olmayan, fars rejiminin zülmü altında inildəyən və buna etiraz edib normal, sivil insan yaşayışına, idarəçiliyə, dövlət quruluşuna nail ola bilməyən kütlə Fələstinin “qələbəsini” qeyd etmək üçün meydanlara axışır. Acınacaqlı olan həm də odur ki, bu gün “qələbəni” qeyd edən həmin bu insanlar çox böyük ehtimalla bir neçə gün sonra elə həmin meydanlarda növbəti dəfə saysız-hesabsız itkilər vermiş fələstinlilərin müsibətinə ağlamalı, yasını tutmalı olacaqlar… Əlbəttə ki, İsrailə qarşı məlum hücumun arxasında İrandakı hakim rejimin əli olduğunu inkar etmək çətindir. Bunu nə hücum edənlər, nə də qarşı tərəf gizlətmir. İran hakimiyyətinin bu hadisələrdəki qazancları isə kifayət qədər çoxdur. İran hesab edir ki, hazırkı növbəti “Fələstin inqilabı”nın istənilən nəticəsi Tehranın qələbəsi, İsrailinsə məğlubiyyəti demək olacaq. Çünki İsrail indidən sonra hansı hərbi nəticə əldə etsə, hətta Fəlsətinin qalan torpaqlarına da nəzarəti ələ keçirsə belə, bəri başdan məğlub mövqedədir. Belə ki, İsrail dövləti, onun ordusu, təhlükəsizlik və xüsusi xidmət orqanları barədə on illər boyu hökm sürən “alınmaz qala” təsəvvürünə, bu dövlətin nüfuzuna, imicinə ağır zərbə vurulmuş oldu. Heç kim yarı-kustar silahlarla, raketlərlə silahlanmış dəstələrin İsrailin dərinliklərinə doğru hərəkət edə biləcəyini, İsrailin Hava Hücumundan Müdafiə Sistemlərinin aciz qalacağını təsəvvür etməzdi. Hələ “Mossad” və digər İsrail xüsusi xidmət orqanlarının belə bir kütləvi hücumu öncədən “görməməsi”-ni demirik. Hər halda bu, tamamilə başqa bir mövzudur və burada kifayət qədər qaranlıq məqamlar var… Digər yandan, İran rejimi “əbədi düşmən” İsrailə “hələ bunlar mənim proksilərimdir, gör özüm olsam nə edərəm” demiş oldu. Demək olar, bütün islam coğrafiyasında dini fanatizm, radikalizm körükləndi. İrandakı hakimiyyətin bütün bu coğrafiyadakı əsas silahı və dayağı olan radikal, fanatuk, məzhəbçi qüvvələr hərəkətə gəldi. Artıq bir çox müsəlman ölkələrində İsrailə qarşı kütləvi aksiyalar keçirilir. İrandakı hakimiyyətin əlində Qərblə bazarlıq etmək üçün yeni imkanlar açıldı, əlinə yeni “kozırlar” verildi. İsrailin yalnız itirdiyi məntəqələri azad etməklə kifayətlənməyəcəyi və Fələstin aid yeni əraziləri işğal edə biləcəyi perspektivi əmələ gəldi. Bu isə sözügedən dövləti növbəti dəfə beynəlxalq birlik qarşısında işğalçı, fələstinlilərə zülm edən və s. qismində təqdim etmək imkanı yaradır. Bu da İranın növbəti “uğurudur”. Bütün bunlar və sadalamadığımız digər nəticələr İranın artıq yüzlərlə, yaxın günlərdə isə böyük ehtimalla minlərlə fələstinlinin qanının axıdılması, ev-eşiksiz qalması hesabına əldə etməyə çalışdığı qazanclardır. Fələstinliləri öz məqəsdlərində alət klimi istifadə edən fars rejimi onları haqq mübarizəsi aparan xalqdan terrorçuya çevirəcək qədər riyakar davranış sərgiləyir. Bu hücum fələstinlilərin hansısa ərazilərini geri almaq əvəzinə, böyük ehtimalla yeni ərazilərin itirilməsi ilə nəticələnəcək. Fələstinlilərin dövlət qurmaq, İsraillə qarşılıqlı şəkildə bir-birinin varlığını tanımaq şansları isə daha uzun müddətə təxirə salınacaq. Ümumiyyətlə, sanki kimsə bütün dünya boyu müharibə, böhran, qan-qada, fəlakət düyməsini basıb. Məqsəd və son hədəf isə təəssüf ki, bəlli deyil… “AzPoliotika.info”