“İqtidar daxilində bəzi şəxslərdə prezident olmaq həvəsi yaranmışdı” – Deputat elə adlar çəkdi ki…
Milli Məclisin 12 oktyabr tarixdə İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasında bir neçə deputat son illər baş verən hadisələrə diqqət çəkib. Siyavuş Novruzov və Fəzail Ağamalı bu mövzuda maraqlı bəyanat səsləndiriblər. Onlar bildiriblər ki, müxtəlif dövrlərdə ölkədə dövlət çevirilişinə cəhdlər olub. S.Novruzov isə 2005-ci ildə bir neçə məmurun da iştirakı ilə məlum hadisələrə diqqət çəkib. Mövzu ilə bağlı Milli Məclisin deputatı Fəzail Ağamalının fikirləri diqqət çəkdi... O, 2003-cü il 15-16 oktyabrın tarixlərində Müsavat partiyası və onun ətrafında yığışanların hakimiyyəti zorla ələ almağa cəhd etdiklərini bildirib: “Bu gün də o fikirdəyəm ki, İlham Əliyevin prezidentlik uğrunda mübarizəsi və prezidentlik dövrü kifayət qədər gərgin, çətin situasiyalardan keçib. Onun 2003-cü ildə prezidentliyə namizədliyi ərəfəsində Ulu Öndərimizin səhhətində problemlər yaranmışdı. Bu vəziyyət isə həm iqtidar daxilində, həm də onun xaricində bəzi şəxslərdə prezident olmaq həvəsi yaratmışdı. Onların da hər biri xarici qüvvələr tərəfindən idarə olunur və himayə edilirdi. Vacib məqam odur ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının böyük məhəbbətini və dəstəyini qazanmışdı. Onun dəyişilməz, geniş sosial bazası var idi. Ən azından 90-cı illərdə Azərbaycanı böyük faciələrdən, fəlakətlərdən qurtarıb onu oturuşmuş dövlətə çevirən Ulu Öndər xalqımızın həyatında və yaddaşında əbədiləşmişdi. Elə İlham Əliyevin özü də prezident seçilənə qədər həm ölkə daxilində, həm də ölkə xaricində böyük nüfuz və populyarlıq qazanmışdı. Buna baxmayaraq, İlham Əliyevə mane olmağa çalışırdılar”.
Fəzail Ağamalı Deputat deyib ki, o illərdə müxalifət daha çox İsa Qəmbərin ətrafında cəmləşib: “Lakin İsa Qəmbərlə İlham Əliyevin həm şəxsi keyfiyyətlərini, həm də bir siyasətçi kimi üstün tərəflərini müqayisə etmək mümkün deyildi. İlham Əliyev bütün parametrlərə görə İsa Qəmbərdən qat-qat yüksəklərdə idi. Məhz bu səbəbdən seçkilərdə İlham Əliyev qalib gəldi. İlham Əliyev prezident seçilən zaman həmin qrup böyük talanlar həyata keçirdilər, barbarlıq nümayiş etdirdilər, maşınları dağıtdılar, ayrı-ayrı dövlət və özəl obyektləri dağıtdılar. Sabitlik yaratmağa çalışan Daxili Qoşunların üzərinə avtomobillə getdilər, amma yenə bir şey alınmadı. Çünki xalq İlham Əliyevə səsi vermişdi”. F.Ağamalı sonrakı mərhələlərdə də müəyyən çətinliklərin olduğunu bildirib: “İlham Əliyev bütün çətinliklərin öhdəsindən uğurla gəldi və özünü Azərbaycanın dövlət başçısı kimi təsdiqlədi. Onu devirmək üçün atılan addımlardan biri də 2005-ci ildə parlament seçkiləri ərəfəsində idi. O zaman artıq Ukraynada “Məxməri inqilab” olmuşdu, “Sarıköynəklilər” ortaya çıxmışdılar, Viktor Yuşşenko hakimiyyətə gəlmişdi. Azərbaycan da bu layihənin içində idi. Məsələ burasındadır ki, həmin ərəfədə həm iqtidar daxilində olan bir neçə nazir və rəsmilər, eyni zamanda müxalifət və Amerikada məskunlaşmış Rəsul Quliyev də bu “Narıncı”, “Məxməri inqilab”ın içində yer almışdılar. Onlar çalışırdılar ki, parlament vasitəsilə hakimiyyəti ələ alsınlar. Lakin buna nail ola bilmədilər”. F.Ağamalı deyib ki, onların atmış olduğu addımların qarşısı yenə alındı: “Azərbaycan xalqı da “Narıncı köynək” və “Narıncı şərf” geyinənlərə deyil, həqiqətən də Heydər Əliyev siyasi kursunu müdafiə edən, ona sadiq olan insanlara səs verdi və beləliklə də Azərbaycanda “Məxməri inqilab” baş tutmadı”. Millət vəkili deyib ki, vaxtında İlham Əliyevə qarşı gələn nazirlər, digər məmurlar sonradan peşman olublar və uzun illər sonra həqiqəti dərk edərək, yanlış yolda olduqlarını anlayılar. Globalinfo.az