“Zəngəzur məsələsində bizim maraqlarımız Rusiyanınkı ilə uzlaşır. Bunda pis nə var?..”

“Zəngəzur məsələsində bizim maraqlarımız Rusiyanınkı ilə uzlaşır. Bunda pis nə var?..”

“1990-cı illərdə Ermənistanın Rusiya ilə maraqları üst-üstə düşdü, bizim torpaqlarımızın 20 faizini işğal etdi... İndi, bu dəfə də bizimlə Rusiyanın maraqları üst-üstə düşsün də, baxaq görək, nə ilə nəticələnir?..”
 
"Bizim Milli Məclis rəsmi şəkildə Ermənistana təklif göndərməlidir ki, tarixi ədaləti bərpa etmək üçün bizim SSRİ dövründə ədalətsiz və qanunsuz  olaraq Ermənistana peşkəş edilmiş torpaqlarımızı qaytarsınlar..."
 
Sabiq baş diplomatımız Tofiq Zülfüqarovla Moderator.az üçün bu dəfəki söhbətimizdə 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq  Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur yolunun açılması üçün dövlətimizin guya hərbi əməliyyatlar keçirəcəyi ilə bağlı yayılan söz-söhbətləri, həmin addımın beynəlxalq qanunlar baxımından mümkünlüyü və bunun dünya birliyi, beynəlxalq qurumlar tərəfindən necə qiymətləndiriləcəyi, ümumiyyətlə, Azərbaycanın hazırda de-yure Ermənistan ərazisinə aid olan və XX əsrin əvvəlində, xüsusən də sovet dövründə heç bir hüquqi əsas olmadan həmin ölkəyə birləşdirilmiş  tarixi torpaqlarının gələcəkdə qaytarılması məsələsi və s. haqda danışdıq.
 
(Əvvəli burada:)
 
-Tofiq müəllim, onda belə çıxır ki, biz tarixi Qərbi Azərbaycan torpaqlarının Azərbaycandan qanunsuz olaraq qoparıldığını hüquqi baxımdan dünyaya sübut etmək üçün 2020-ci ildə Ermənistanla birgə üçtərəfli bəyanata imza atmış, 2022-ci ildə isə Azərbaycanla müttəfiqlik barədə bəyannamə imzalamış indiki Rusiya dövlətinə qarşı iddia qaldırmalıyıq...
 
-Nəyə görə Rusiyaya qarşı?
 
-Ona görə ki, 1920-ci ilin aprelində həmin Zəngəzurun da, Göyçənin də, Basarkeçərin də, Dərələyəzin də və s. daxil olduğu 114 min kvadrat kilometrlik əraziyə malik müstəqil Azərbaycan Xalq Cümhuriyyətini işğal edən də, sonradan da həmin və digər əraziləri də Ermənistana və digərlərinə pay-püş edən də bolşevik Rusiyası və onun qurduğu Sovet İttifaqı dövləti olub. Bu gün isə həmin dövlətlərin varisi məhz Rusiyadır... 
 
-Yox... Heç kəsin qarşısında iddia qaldırmalı deyilik. Bu, köhnə sovet stereotipidir. Birincisi,  təkrar edirəm, biz iki dövlətik və öz sərhədlərimizi danışıqlarla müəyyən etməliyik. Bizim Milli Məclis rəsmi şəkildə Ermənistana təklif göndərməlidir ki, tarixi ədaləti bərpa etmək üçün bizim SSRİ dövründə ədalətsiz və qanunsuz  olaraq Ermənistana peşkəş edilmiş torpaqlarımızı qaytarsınlar. Vəssalam... Ermənilərin sovet dövründə qanunsuz və haqsız olaraq istifadə etdiyi taktikadan indi biz haqlı və qanuni şəkildə istifadə etməliyik. Onlar 1988-1989-cu illərdə keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi üçün Moskvaya ona görə müraciət edirdilər ki, hər iki respublika SSRİ-nin tərkibində idi. İndi, biz hansısa dövlətin, məsələn Rusiyanın tərkibindəyik ki, gəlib bizim yerimizə ərazi məsələlərimizi həll etsinlər? Reallıq odur ki, burada üzbəüz iki dövlət – Azərbaycan və Ermənistan olaraq ikimiz qalmışıq. Hərəmizin ordusu-filanı... İndi, biz erməniləri başa salmalıyıq ki, 1920-ci illərdə bolşevik-kommunist Rusiyası qanunsuz olaraq Zəngəzuru, Meğrini Ermənistana verib. Necə ola bilər, Naxçıvan o tərəfdə qalıb, Azərbaycanın əsas hissəsi bu tərəfdə, arada da 40 km-lik bir “kor bağırsaq” zolağı? Elə xəritəyə baxanda bəlli olur ki, həmin zolaq - Megri bizim torpaqdır. Hələ Göyçə mahalını-filanı demirik. Ötən dəfə də dediyimiz kimi, 12 min kvadrat kilometrlik ərazi. Zəngəzurdan 3 dəfə də böyük... Bəs bunu nə edək? Yaddan çıxaraq, bağışlayaq? Nəyə görə? Bizə kimsə bir səbəb desin də... Ermənistan tərəfdən kimsə real olaraq sülhdən danışır? Hələ bizə şərtlər qoyurlar ki, Qarabağdan köçənlər qayıtmalıdır-filan... Heç anklav kimi qalan 8 kəndi vermək istəmirlər...
 
Xülasə, bir daha təkrar edirəm, bizim dövlətimiz Ermənistanla sərhədi müəyyən etməlidir. Bunun da ləngiməsinin səbəbkarı Ermənistandır ki, 1991-ci ildə həmin vaxtdakı sərhədləri qəbul etməyib, deyib ki, mən Qarabağın daxil olduğu sərhədi istəyirəm. Deməli, köhnə sərhədi ləğv edib. Ləğv etmisənsə, indi, gəl, yenidən danışaq və təzə sərhəd müəyyən edək. Məntiq yoxdur, məgər bunda?  İndi bəs biz niyə Ermənistan deyən sərhədləri qəbul etməliyik? Əvvəl niyə qəbul etmədilər 1991-ci il sərhədlərini? İndi guya ağıllanıblar, deyirlər ki, gəlin həmin sərhədlərə qayıdaq. Bəs bu gün biz niyə onunla razılaşmalıyıq? Bir sözlə, bizə qarşı təbliğat-hücum həyata keçirirlər. Deyirlər ki, guya Azərbaycanı müharibəyə sürükləyirlər... 
 
-Elə əsas söhbət ondan gedir...
 
-Axı, biz hələ müharibəni bitirməmişik. Yaxşı, köhnə, yəni 1991-ci il xəritələri ilə razılaşdıq. Bəs Ermənistan həmin xəritələrə uyğun olaraq bizim anklavları, yəni  Qazaxdakı 7, Naxçıvandakı 1 kəndi qaytarıb? Niyə qaytarmayıblar?
 
-Anklav məsələsi ilə də bağlı savaş gözlənildiyi haqda informasiya təbliğatı aparılır...
 
-Yəni anklavların qalması da göstərmirmi ki, hələ münaqişə bitməyib? Münaqişə bitməyən yerdə ölkənin ərazi bütövlüyü məfhumundan danışmaq doğrudurmu? Yaxşı, Ermənistan 1991-ci ildə sovet sərhədlərindən imtina edib. Biz də indi imtina edək.  Biz niyə imtina etməyək? Kimsə desin, görüm... Kiminsə xoşuna gəlmək üçünmü? Makronun xoşuna gəlmək üçünmü?..
 
-Yaxşı, sizcə, çıxış yolu nədədir bu halda? Elə sonsuzadək davam edəcək bu deyişmələr?
 
-Bilirsiz, bizə qarşı təbliğat aparanlar çox gülməli bir tezis irəli sürürlər: 
“Moskva istəyir ki, Azərbaycan müharibə edib Zəngəzur dəhlizini açsın...”
 
-Bəli, deyirlər ki, Rusiya bunu öz maraqları üçün istəyir...
 
-Bəs bizim marağımız yoxdur o torpaqlarda, Zəngəzurda?.. Yaxşı, bizim maraqlarımız Rusiyanınkı ilə üst-üstə düşür. Burada pis nə var ki?.. 1990-cı illərdə Ermənistanın Rusiya ilə maraqları üst-üstə düşdü, bizim torpaqlarımızın 20 faizini işğal etdi... İndi, bu dəfə də bizimlə Rusiyanın maraqları üst-üstə düşsün də, baxaq görək, nə ilə nəticələnir?
 
-Burada təhlükəli mənfi cəhət yoxdur ki, sizcə? Yəni o mənada ki, əvvəla, Rusiya bizimlə müqayisədə bütün baş verənlərə rəğmən hələ də nəinki Asiya və Avropada, bütövlükdə planetdə təsir gücünü saxlayır.  İkincisi, tutaq ki, Azərbaycan hərbi yolla Zəngəzur yolunu azad etdi, dünya beynəlxalq birlik, Avropa, ABŞ bunu tanıyacaqmı, qəbul edəcəkmi? Biz də, yəni Azərbaycan dövləti də təcavüzkar imici qazanacaq  və Ukraynadakı kimi savaş, proses illərlə uzanacaq... Üçüncüsü, Ukraynaya haqsız təcavüzü də sübut edir ki, Kreml rəhbərliyi hələ də imperialist, şovinist və işğalçı xisləti ilə fəaliyyət göstərir. Bu səbəbdən bu günkü geo-siyasi durumda guya Azərbaycanın, Türkiyənin yanında olan Rusiya sabah başqa bir durum yarandıqda, məsələn, Allah eləməmiş, Ukraynanı tamamilə işğal etməyə nail olduqda  və ya Ermənistanda Paşinyanı devirdikdə və yaxud Türkiyə ilə münasibətləri pisləşdikdə yenidən 1992-1994-cü illərdə olduğu kimi, Azərbaycana qarşı dönə bilər, revanşist qüvvələri üzərimizə bağlaya bilər. “FSB”-nin nəzarətində olacaq həmin Zəngəzur yolunu Azərbaycanın da, Türkiyənin də üzünə bağlaya bilər və s.
 
-Yaxşı onda gəlin, Amerikanın dediyini edək?
 
-Amerikanın hansı dediyini nəzərdə tutursuz?
 
(Davamı var)
 
Sultan Laçın






Fikirlər