İrəvan niyə separatçılara arxa çevirdi? - “Axı Qarabağda cinayətləri təkcə onlar törətməyib”

İrəvan niyə separatçılara arxa çevirdi? - “Axı Qarabağda cinayətləri təkcə onlar törətməyib”

“Separatçılara münasibətlə bağlı rəsmi İrəvanın ölkəmizə qarşı müəyyən addımlar atdığının şahidi oluruq və bu, ümumi prosesdə həyata keçirilən bir davranışdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyanın Paşinyan hakimiyyətinin irəvana qaçan qondarma “Artsax” nümayəndələri ilə bağlı yürütdüyü siyasət barədə verdiyi açıqlamaya münasibət bildirib.

Xatırladaq ki, L. Zurabyan qeyd edib ki, Ermənistan hakimiyyəti “Dağlıq Qarabağın keçmiş liderləri”nin taleyi üçün heç nə etmir və Azərbaycan qarşısında heç bir tələb irəli sürmür”

E. Mirzəbəylinin sözlərinə görə, əgər indiki şəraitdə Ermənistan rəhbərliyi konkret olaraq Azərbaycanda saxlanılan və istintaq prosesi gedən separatçıların liderləri ilə bağlı məsələ qaldırsa, şübhəsiz, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bundan öncə verdiyi bəyanatları inkar edəcək:

“İrəvan çox yaxşı başa düşür ki, Azərbaycanın qırmızı xətləri var və Azərbaycanda saxlanılan şəxslər ölkə ərazisində ağır cinayətlər törədiblər. Hazırda məsuliyyətin bilavasitə həmin şəxslərin üzərinə qoyulması, habelə özünün haradasa sığortalanması baxımından Ermənistan hakimiyyəti bu məsələnin üzərinə çox da ciddi şəkildə getmək istəmir. Çünki Azərbaycan ərazisində müharibə cinayətlərini təkcə həmin separatçılar törətməyib. Ona görə də bu məsələyə daha qabarıq şəkildə müdaxilə edilməməsinin səbəblərindən biri də budur”.

Siyasi şərhçi  əmin edib ki, separatçılarla bağlı atılacaq addımlar, onsuz da hər hansı bir formada nəticə verməyəcək:

“Çünki Azərbaycanın addımları hüquq çərçivəsində reallaşır. Bəlli olduğu kimi, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında çoxsaylı müddəalarla məsələ qaldırmışdı, amma onların mütləq əksəriyyəti qəbul olunmadı. Bunların içərisində Azərbaycanın müvafiq dövlət qurumlarının, həmçinin polis və hərbi qüvvələrin separatçılardan təmizlənmiş Azərbaycan ərazilərində mövcudluğu məsələsi idi ki, Ermənistan bunun əleyhinə çıxış edirdi. Beynəlxalq Ədalət Məhkəməsində İrəvanın bu iddiası təmin olunmadı. Əksinə, məhkəmə həmin ərazilərdə müvafiq formada Azərbaycanın dövlət qurumlarının fəaliyyətini ölkəmizin Qarabağ üzərindəki suveren hüquqlarının olması ilə əlaqələndirdi. Bu da faktiki olaraq Qarabağda həbs olunan şəxslərə münasibətdə sərgilənən hüquqi davranışların tamamilə legitim olduğunu sübuta yetirən bir faktdır. Belə olan təqdirdə, Ermənistan Azərbaycana qarşı hər hansı bir formada iddia irəli sürə bilməz”.






Fikirlər