Ermənistanın əsl niyyəti bəlli oldu ...

Ermənistanın aylardır sülh müqaviləsini uzatmasını, prosesləri ləngitməsinin səbəbi üzə çıxır. Belə ki, Erməni mətbuatında yayılan məlumatlara görə Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib. Belə nəticəyə gəlmək olar ki, onlar sadəcə Fransa və Hindistandan göndərilən silahların çatmasını gözlədikləri üçün sülh gündəliyini uzadır və zaman qazanırdılar.

Bu qərar özbaşına qəbul ediləcək məsələ deyil. Aydın məsələdir ki, Şahramanyanın bu qərarına təsir edən qüvvələr var. Sülh yerinə revanşizmə üstünlük verən Paşinyan hakimiyyəti və havadarları Şahramanyanı oyuncağa çevirib, istədikləri kimi yönləndirir. Bununla da Ermənistan rəhbərliyi yenə də vədinə xilaf çıxaraq öz xislətini ortaya qoyub. Bu qərar sübut edir ki, hakimiyyət xalqının rifahını, regionda sülh istəmir.

Dəfələrlə əvvəl dediyi sözləri danan, təkzib edən Paşinyandan bundan fərqli reaksiya gözləmək də sadəlövhlük olardı. Paşinyanın müstəqil qərar qəbul etmək iqtidarında olmadığı aydın məsələdir. Böyük ehtimalla keçmiş qondarma qurumun yenidən gündəmə gətirilməsinin arxasında Qərb ölkələri, xüsusən də Fransa dayanır. Ermənidən daha çox erməni mövqeyi ilə seçilən bu ölkə Ermənstanda revanşist qüvvələrin başındadır, onların maliyyələməsinə qədər bütün proseslərə dəstək verir. İrəvanın sürətlə silahlanması, onu ən müasir silahlarla təchiz etməsi də bunun bariz nümunəsidir.

Görünür Qərbi Azərbaycan Respublikasının yaradılmasının vaxtı çatıb. Ermənistanın bu addımı Azərbaycanı Qərbi Azərbaycan Respublikasının yaradılması prosesinə başlanmasına vadar edir. Azərbaycan heç bir vaxt kiməsə qarşı ərazi iddiası ilə çıxış etməyib. Lakin ona qarşı belə bir iddia ilə çıxış edilirsə və ərazi tələbi ilə çıxış edilirsə, cavab addımları zəruri olur. Qərbi Azərbaycan dövlətinin yaradılması da buna veriləcək ən tutarlı addm ola bilər. İllər əvvəl oradan deport edilən xalqın arzusu gerçəkləşdirilməlidir. Buna həm tarixi baxımdan da haqqımız çatır, üstəlik güclü ordumuz da var.

Bəxtiyar Umarlı
Milli.Az






Fikirlər